Mesut Özil millimizə qarşı oynayacaq?

20 Mart 2017 12:34

Almaniya milli komandası və İngiltərənin "Arsenal" klubunun futbolçusu Mesut Özilin durumuna aydınlıq gəlib.

Milli.Az report.az-a istinadən bildirir ki, "topçular"ın düşərgəsində ikən məşq vaxtı aldığı zədə 29 yaşlı yarımmüdafiəçinin yığmanın düşərgəsinə yollanmasına problem yaratmayacaq.

O, baldır sümüyündəki ağrı üzündən "Vest Bromviç"lə Premyer Liqa matçını buraxsa da, bu gündən Bundestimin baş məşqçisi Yoahim Lövün sərəncamında olacaq. Özil martın 22-də Dortmundda İngiltərə ilə yoldaşlıq görüşündə, martın 26-da isə Bakıda Azərbaycan yığması ilə 2018-ci il dünya çempionatının seçmə qrup oyununda iştirak edə biləcək.

Təcrübəli futbolçu Almaniya mətbuatına müsahibəsində Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matça qələbə üçün çıxacaqlarını bildirib: "Komandamızın böyük potensialı var. Bu oyuna ciddi köklənəcəyik".

Qeyd edək ki, Azərbaycan-Almaniya matçı saat 20:00-da başlayacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində