Milli Gimnastika Arenasında Dünya Kubokunun mükafatlandırma mərasimi baş tutub - FOTO

18 Mart 2017 18:21

Bu gün Bakıda Milli Gimnastika Arenasında idman gimnastikası üzrə Dünya Kubokunun final mərhələsinin birinci gününün qalib və medalçılarının mükafatlandırılması mərasimi baş tutub.

Milli.Az Trend-ə istinadən bildirir ki, mərasimdə Avropa Gimnastika İttifaqının qadın idman gimnastikası üzrə texniki komitəsinin üzvü Anka Qriqoras, Beynəlxalq Gimnastika Federasiyasının qadın idman gimnastikası üzrə texniki nümayəndəsi Nadejda Seyle, Azərbaycan Gimnastika Federasiyasının baş katibi Fərid Qayıbov, yarışların direktoru Natalya Bulanova, Beynəlxalq Gimnastika Federasiyasının kişi idman gimnastikası üzrə texniki nümayəndəsi Artur Mitskeviç, Beynəlxalq Gimnastika Federasiyasının baş katibinin müavini Nikolya Bumpen, Azərbaycan Gimnastika Federasiyasının baş katibinin müavini Nurlana Məmmədzadə, Milli Gimnastika Arenasının direktoru Maqsud Fərzullayev, Azərbaycan Gimnastika Federasiyasının icraiyyə komitəsinin üzvü Mariana Vasileva, Avropa Gimnastika İttifaqının kişi idman gimnastikası üzrə texniki komitəsinin üzvləri Tom Finqvold və Yakob Vişnya, idman gimnastikası üzrə Azərbaycan milli komandasının baş məşqçisi Rza Əliyev, Azərbaycan Gimnastika Federasiyasının marketinq direktoru Səbri Gülmalıyev, Bakı Gimnastika Məktəbinin direktoru Xaqani Fərəcov və Avropa Gimnastika İttifaqının icraiyyə komitəsinin üzvü Atanasios Vaseliadis iştirak ediblər.

Bundan başqa, Azərbaycan Gimnastika Federasiyası tərəfindən xüsusi təsis olunmuş ən yüksək icra xalına görə "AGF Trophy" mükafatı da sahiblərini tapıb. Kişilər arasında bu mükafata Konstantin Kuzovkov (Gürcüstan), qadınlar arasında Emili Littl (Avstraliya) layiq görülüblər.

Mükafatları Azərbaycan Gimnastika Federasiyasının baş katibi Fərid Qayıbov və Beynəlxalq Gimnastika Federasiyasının baş katibinin müavini Nikolya Bumpen təqdim ediblər.

Qeyd edək ki, Bakıda Milli Gimnastika Arenasında keçirilən kişi və qadın idman gimnastikası üzrə FIG Dünya Kuboku mərhələsi martın 19-da başa çatacaq. Artıq ikinci ildir ki, paytaxtımızın ev sahibliyi etdiyi bu turnirdə 23 ölkədən idmançılar çıxış edir.

Turnirin ilk iki günü təsnifat mərhələləri üzrə yarışlar keçirilib, son iki günü isə ayrı-ayrı alətlər üzrə finallar baş tutacaq. Yeni Olimpiya dövrünün 2017-ci ildən qüvvəyə minən yeni qaydaları əsasında kişi gimnastlar 6, qadın gimnastlar isə 4 dəst medal uğrunda mübarizə aparırlar.

Məşhur kişi idmançılar arasında Olimpiya çempionları Elefterios Petrunias (Yunanıstan), Kristian Berki (Macarıstan), Olimpiya Oyunlarının gümüş mükafatçısı Filip Ude (Xorvatiya) və Avropa çempionu Aleksandr Şatilov (İsrail) çıxış edirlər.

Qadın idmançılar arasında isə 3 qat Olimpiya çempionu Katalina Ponor (Rumıniya) və Olimpiya Oyunlarının qızıl medalçısı Oksana Çusovitina (hazırda Özbəkistanı təmsil edir) kimi məşhur gimnastlar yer alırlar.

Ölkəmizi kişi idman gimnastikası üzrə yarışlarda Murad Ağarzayev, Bense Talas, qadın idman gimnastlarının turnirində isə Yuliya İnşina, Marina Nekrasova, Mariya Smirnova və Yekaterina Tişkova təmsil edirlər.

Milli.Az