İrland gimnastı: "Azərbaycan yarışların təşkilində digər ölkələr üçün yüksək hədd müəyyənləşdirir" - FOTO

17 Mart 2017 19:34

"Azərbaycan yarışların təşkilində digər ölkələr üçün yüksək hədd müəyyənləşdirir".

Milli.Az xəbər verir ki, bunu Trend-ə irlandiyalı gimnast Ris MakKlenaqan deyib.

İdmançı bu turnirin onun üçün böyüklər arasında ilk yarış olduğunu deyib: "Hesab edirəm ki, mən yaxşı çıxış etdim. Müqəddəs Patrik günündə bu, özünəməxsus irland uğurudur. Mən Bakıya vurulmuşam. Bura mənim doğma şəhərimdən fərqlənir".

Gimnast yarışın təşkilatçılığına heyran olduğunu vurğulayıb: "Texniki nöqteyi-nəzərdən yarışın təşkili ən yüksək səviyyədədir. Digər ölkələr üçün Azərbaycan yarışların təşkilində yüksək hədd müəyyənləşdirib".

Qeyd edək ki, Bakıda Milli Gimnastika Arenasında kişi və qadın idman gimnastikası üzrə FIG Dünya Kuboku mərhələsi martın 19-dək davam edəcək. Artıq ikinci ildir ki, paytaxtımızın ev sahibliyi etdiyi bu turnirdə 23 ölkədən idmançılar çıxış edir.

Turnirin ilk iki günü təsnifat mərhələləri, son iki günü isə ayrı-ayrı alətlər üzrə finallar baş tutacaq. Yeni Olimpiya dövrünün 2017-ci ildən qüvvəyə minən yeni qaydaları əsasında kişi gimnastlar 6, qadın gimnastlar isə 4 dəst medal uğrunda mübarizə aparırlar.

Məşhur kişi idmançılar arasında Olimpiya çempionları Elefterios Petrunias (Yunanıstan), Kristian Berki (Macarıstan), Olimpiya Oyunlarının gümüş mükafatçısı Filip Ude (Xorvatiya) və Avropa çempionu Aleksandr Şatilov (İsrail) çıxış edirlər.

Qadın idmançılar arasında isə 3 qat Olimpiya çempionu Katalina Ponor (Rumıniya) və Olimpiya Oyunlarının qızıl medalçısı Oksana Çusovitina (hazırda Özbəkistanı təmsil edir) kimi məşhur gimnastlar yer alırlar.

Ölkəmizi kişi idman gimnastikası üzrə yarışlarda Murad Ağarzayev, Bense Talas, qadın idman gimnastlarının turnirində isə Yuliya İnşina, Marina Nekrasova, Mariya Smirnova və Yekaterina Tişkova təmsil edirlər.

Milli.Az