"Yataqxanalarla bağlı problem çox ciddi məsələdir" - Qənirə Paşayeva

17 Mart 2017 18:45

Millət vəkili Qənirə Paşayeva bu gün parlamentdə Azərbaycan Respublikası Hökumətinin 2016-cı hesabatının müzakirəsi zamanı bir daha tələbə yataqxanaları məsələsini qaldırıb.

Milli.Az bildirir ki, o, çıxışında deyib ki, bu gün tələbələrin çoxu maddi cəhətdən nisbətən imkansız ailələrin övladlarıdır və onlar yüksək qiymətə kirayə evlərində yaşamaqda  çətinlik çəkirlər:

"Bir dövlətin və millətin inkişafı təhsildən keçir. Bölglərimizdə, kəndlərimizdə böyüyən gənclərimizin savadlı olması, ali təhsil arxasınca getməsi çox önəmlidir. Amma kənd rayonlarını təmsil edən millət vəkillərinin hamısı bu problemin şahididir ki, bölgələrimizdən, kəndlərimizdfən ali təhsil almaq üçün tələbələrimiz və onların ailələri ciddi problemlə üzləşirlər. Çünki universitetlərimizin bir çoxunun yataqxana sistemi demək olar ki, yox səviyyəsindədir. Məsələn, bu iclasda iştirak edən millət vəkillərinin və hökumət üzvlərinin bir hissəsi BDU-nun məzunlarıdır. Bu gün 20 minə yaxın tələbəsi olan BDU-da bir dənə də tələbə yataqxanası yoxdur. Sovet dövründə təxminən 7 yataqxanası var idi. Bildiyim qədər universitetin yataqxanalarının layihəsi də var. Hökumətimizi bu məsələyə xüsusi diqqət yetirməyə, yataqxanalar probleminin həlli istiqamətində sürətli addımlar atmağa çağırırıq. Çünki bu gün ali təhsil müəssisələrimizdə təhsil alan tələbələrin təxminən yarısı ödənişli təhsil alır və təbii ki, bölgələrdən, kəndlərdən olan ailələrimiz üçün övladının təhsil xərcləri, yemək və geyim xərcləri ilə bərabər baha kirayə xərclərini ödəmək çox ağırdır, çünki Bakıda evlərin kirayə haqları çox bahadır. Belə halda çətinliklə üzləşən ailələrin bəziləri ali təhsil alma qazanma imkanı qazansa da, övladlarını ali təhsil almaq üçün göndərmirlər. Ona görə də ali təhsil müəssisələrinin yataqxanalarla bağlı problemi çox ciddi məsələdir və qısa zamanda öz həllini tapmalıdır".

Millət vəkili hökuməti yeni yataqxanaların sürətlə tikintisi üçün vəsait ayrılmasına çağırıb.

Millət vəkili çıxışında həmçinin, ictimai nəqliyyata nəzarətin gücləndirilməsi məsələsinə toxunub. O, bugünlərdə 6 tələbənin faciəli ölümü və xeyli sayda tələbənin yaralanması ilə nəticələnən Bakı-Sumqayıt yolunda baş verən məlum qəzanı xatırladıb:

"Mən bilirəm ki, hörmətli nazirimiz Ramin Quluzadə  ictimai nəqliyyata nəzarətin gücləndirilməsi məslələsinə xüsusi diqqət göstərir. Hesab edirəm ki, ictimai nəqliyyata nəzarət məsələsi çox gücləndirilməlidir. Bugünlərdə Bakı-Sumqayıt yolunda baş vermiş faciəli qəza bunu bir daha aktual və zəruri edir. Biz yaralı tələbələrə xəstəxanada baş çəkdiyimiz zaman onların danışdıqları insanı dəhşətə gətirirdi. İctimai nəqliyyatda qanunsuz, nəzarətdən kənar fəaliyyətə icazə verilməməlidir və onun keyfiyyəti daha da artırılmalıdır".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində