Məhkəmənin Kamil Zeynalovla bağlı QƏRARI

17 Mart 2017 17:15

Bu gün Xətai Rayon Məhkəməsində hakim Namidar Misirzadənin sədrliyi ilə jurnalist Əfruzə Ağayevanın idmançı Kamil Zeynallıya qarşı və Kamil Zeynallının qaldırdığı qarşılıqlı iddialar üzrə məhkəmə prosesi başa çatıb.

Milli.Az xəbər verir ki, Ə.Ağayevanın vəkili Vüqar Səfərli Trend-ə bildirib ki, prosesdə məhkəmə qərarı elan olunub. Qərara görə, hər iki tərəfin iddiası qismən təmin olunub. Qətnaməyə əsasən K. Zeynallı Ə. Ağayevadan üzr istəməlidir. Amma, iddianın jurnalistə dəymiş mənəvi ziyana görə 50 min manatlıq təzminat ödəməsi hissəsi rədd edilib. Məhkəmə qətnaməsində həmçinin Ə. Ağayevanın da K. Zeynallıdan üzr istəməsi göstərilib:

"Onlar qarşılıqlı iddiasa göstərmişdilər ki, Ə. Ağayeva Şəbnəm Hüseynovanın statusunda yazılan "Kamilin söydüyü söyüşlər onun nəslindəki qadınlara getsin" ifadəsini yazıya başlıq çıxarıb və bununla da K. Zeynallının şərəf və ləyaqəti təhqir olunub. Buna görə də, məhkəmə qətnaməsində Əfruzənin Kamildən üzr istəməsi göstərilib. Kamilin Əfruzəyə qaldırdığı 100 min manatlıq təzminat iddiası isə rədd edilib. Əfruzə xanım qətnamə ilə razı deyil və o qərardan apellyasiya şikayəti verəcək".

Xatırladaq ki, idmançı K.Zeynallı aparıcı Şəbnəm Hüseynovanı sosial şəbəkələrdə küçə söyüşləri ilə təhqir etmişdi. Ş. Hüseynova isə sosial şəbəkədə ""Kamilin söydüyü söyüşlər onun nəslindəki qadınlara getsin" cavabı yazıb. Jurnalist Ə.Ağayeva isə həmin statusu xəbər kimi hazırlamışdı. Bundan sonra K. Zeynallı Ə. Ağayevanı da küçə söyüşləri ilə təhqir etmişdi.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində