Cocuq Mərcanlıda gün ərzində 1729 qəlpə aşkarlanıb - FOTO

16 Mart 2017 22:05

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mütəxəssisləri Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində gün ərzində 1729 qəlpə aşkar ediblər. Ümumilikdə 24 min 897 kvadratmetr ərazi (733 kvadratmetr əl ilə, 15 min 100 kvadratmetr mexaniki üsulla və 9 min 64 kvadratmetr minaaxtaran itlərlə) yoxlanılıb.

ANAMA-dan Milli.Az-a bildiriblər ki, agentlik tərəfindən 39 gün ərzində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində 151 evə və yeni avtomobil yolunun keçəcəyi əraziyə baxış olub. İyirmi iki partlamamış hərbi sursat (4 ədəd 82 millimetrlik "OF-832", 2 ədəd 120 millimetrlik "OF-843" minaatan mərmisi, 3 ədəd 93 millimetrlik tank əleyhinə idarə olunmayan raket (2 ədəd "PQ-7VL" və 1 ədəd "PQ-7VM"), 2 ədəd 70 millimetrlik tank əleyhinə idarə olunmayan "PQ-7VM" raketi, 1 ədəd "PQ-7" raketinin partlamamış mühərrik hissəsi, 1 ədəd "F-1" əl qumbarası, 1 ədəd 100 millimetrlik "OF-412" top mərmisi və 8 ədəd "TM-62P3" minasının gücləndiricisi, 5 ədəd piyada əleyhinə "OZM-72" mina və 32 ədəd tank əleyhinə mina (8 tank əleyhinə "TM-57" minası və 24 ədəd "TM-57" tank əleyhinə minanın partladıcısı "MVZ-57") aşkar olunaraq zərərsizləşdirilib. Baxış zamanı 1 milyon 190 min 575 kvadratmetr ərazi (420 min 583 kvadratmetr əl ilə, 336 min 700 kvadratmetr mexaniki üsulla, 113 min kvadratmetr "Sensys" dərinlik ölçən cihazı və 320 min 292 kvadratmetr minaaxtaran itlərlə) yoxlanılıb.

Ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı davam etdirilir.

ANAMA tərəfindən yanvarın 1-dən martın 16-dək cəmi 1991 partlamamış hərbi sursat, tank əleyhinə 73 mina və piyada əleyhinə 8 mina aşkar olunaraq zərərsizləşdirilib. Ümumilikdə 1 milyon 234 min 709 kvadratmetr ərazi (464 min 717 kvadratmetr əl ilə, 336 min 700 kvadratmetr mexaniki üsulla, 113 min kvadratmetr "Sensys" dərinlik ölçən cihazı və 320 min 292 kvadratmetr minaaxtaran itlər vasitəsilə) yoxlanılıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində