Bakıda dəhşətli qətl: Üç dost bir nəfəri qanına qəltan etdi

16 Mart 2017 21:22

Qəsdən adam öldürməkdə təqsirli bilinən Kəlbəcər rayonunun Nadirxanlı kəndində anadan olan 1992-ci il təvəllüdlü Loğman Rəhimov və onun dostlarının cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki,Loğman Rəhimov hadisə baş verən vaxtadək "Baku Electronics" şirkətində texnik işləyib. O, 6 fevral 2015-ci il tarixdə, saat 2 radələrində Xətai rayonu, M.Rüstəmov küçəsi 7 ünvanda yerləşən "Arabeska" adlı çay evində tanışları Emin Musayev, Abdulla İsmayılov, Anar Qəhrəmanov və Emil Səfərəliyev ilə birlikdə çay içiblər.

Baxışmaq, mübahisə qanlı olay  

Bu zaman onların olduğu yaxın masada əyləşən Şahlar Məmmədov Anar Qəhrəmanova davamlı baxışıb. Bu hərəkətlərindən Anar Qəhrəmanov əsəbləşib və Şahlar Məmmədova iradını bildirib.

Bununla əlaqədar Şahlar Məmmədov Anar Qəhrəmanovu həmin çay evinin arxa tərəfinə dəvət edib. Şahlar Məmmədovun təşəbbüsü ilə mübahisə başlayıb.  Dava zamanı Şahlar Məmmədov üzərində olan ov bıçağı ilə Anar Qəhrəmanova sol əlin ovuc səthinə xəsarət yetirib.

Dostların qanlı davası

Daha sonra isə Şahlar Məmmədovun dalaşmada iştirak edən dostları Məhəbbət Əliyev və istintaqa məlum olmayan digər şəxs üzərlərində olan bıçaqla Anar Qəhrəmanova sol budun və sol baldırın deşilmiş-kəsilmiş yaraları kimi sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetiriblər.

Sonra Anar Qəhrəmanov qışqıraraq köməyə dostlarını çağırıb. Səsi eşidən Emin Musayev Şahlar Məmmədova yaxınlaşıb. Emin Musayev üzərində gəzdirdiyi bıçağı çıxararaq Şahlar Məmmədovun döş qəfəsinin ön səthinin sol yarısına ürəyi və ağciyəri zədələyən bir ədəd xəsarət yetirib.

Daha sonra Abdulla İsmayılov Şahlar Məmmədovun əlində olan bıçağı ondan ala bilib. Şahlar Məmmədov Loğman Rəhimovun və digərlərinin ünvanına nalayiq ifadələr işlədərək yaralı vəziyyətdə hadisə yerindən uzaqlaşmağa cəhd edib.
 

Qətl
 
Nalayiq ifadələrə görə Loğman Rəhimov Şahlar Məmmədovun öldürmək qərarına gəlib. Bu məqsədlə Loğman Rəhimov və dostu Abdulla İsmayılov Şahların arxasınca qaçıblar.

Onlar Şahlar Məmmədovun arxadan tutublar. Bu zaman Abdulla İsmayılov Şahlar Məmmədovdan aldığı bıçaqla orta bel nahiyəsinə xəsarətlər yetirib. Emin Musayev, Abdulla İsmayılov və Loğman Rəhimov tərəfindən yetirilən xəsarətlər nəticəsində Şahlar Məmmədov ölüb.
 
1988-ci il təvəllüdlü Emin Musayev, 1993-cü il təvəllüdlü Abdulla İsmayılov və 1992-ci il təvəllüdlü Loğman Rəhimov Cinayət Məcəlləsinin 120.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə), 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddələri ilə ittiham ediliblər.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxslərin hər biri 17 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində