Bakıda idman gimnastikası üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib - FOTO

16 Mart 2017 18:25

Bu gün Bakıda Milli Gimnastika Arenasında idman gimnastikası üzrə Dünya Kubokunun təntənəli açılış mərasimi keçirilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, açılış mərasimi Azərbaycan xalqının ən sevimli və gözəl milli bayramı - Novruz bayramına həsr olunmuşdur.

Açılış mərasimində tamaşaçılar Novruz bayramının ənənəvi personajları - Bahar qız, Kosa və Keçəli izləyiblər. Rəngarəng şənlik proqramı ilə yanaşı böyük ekranda isə Azərbaycan mənzərələri, milli dekorasiya elementləri, əl işləri və xalçalar nümayiş olunub.

Kompozisiyalarda bədii gimnastika, idman gimnastikası, tamblinq, akrobatika və aerobika növlərini təmsil edən müxtəlif yaş qruplarından olan idmançılar iştirak ediblər.

Qeyd edək ki, Bakıda Milli Gimnastika Arenasında kişi və qadın idman gimnastikası üzrə FIG Dünya Kuboku mərhələsi martın 19-dək davam edəcək. Artıq ikinci ildir ki, paytaxtımızın ev sahibliyi etdiyi bu turnirdə 23 ölkədən idmançılar çıxış edəcək.

Turnirin ilk 2 günü təsnifat mərhələləri, son 2 günü isə ayrı-ayrı alətlər üzrə finallar baş tutacaq. Yeni Olimpiya dövrünün 2017-ci ildən qüvvəyə minən yeni qaydaları əsasında kişi gimnastlar 6, qadın gimnastlar isə 4 dəst medal uğrunda mübarizə aparacaqlar.

Məşhur kişi idmançılar arasında Olimpiya çempionları Elefterios Petrunias (Yunanıstan), Kristian Berki (Macarıstan), Olimpiya Oyunlarının gümüş mükafatçısı Filip Ude (Xorvatiya) və Avropa çempionu Aleksandr Şatilov (İsrail) peşəkar çıxışları ilə hər kəsi heyran edəcəklər.

Qadın idmançılar arasında isə 3 qat Olimpiya çempionu Katalina Ponor (Rumıniya) və Olimpiya Oyunlarının qızıl medalçısı Oksana Çusovitina (hazırda Özbəkistanı təmsil edir) kimi məşhur gimnastlar yer alacaqlar.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində