Gərginlik artır: Brüssel sammitindən sonra NATO-Rusiya qarşıdurması

16 Mart 2017 18:43

Şimali Atlantika Alyansı üzvlərinin müdafiə nazirlərinin Brüsseldə son görüşündən sonra Moskvadan maraqlı açıqlamalar verilir. Rusiyanın NATO-dakı daimi nümayəndəsi A.Qruşko isə bununla bağlı ayrıca müsahibə verib. Kremlin qiymətləndirməsinə görə, dünyanın ən güclü hərbi bloku Rusiyaya qarşı mövqeyini daha da sərtləşdirməkdədir. Belə ki, Brüsseldə qəbul olunan qərarlar təşkilatın şərq cinahına doğru daha da irəliləməsini, Şərqi Avropada ABŞ-ın hərbi qüdrətinin artırılmasını nəzərdə tutur.

Milli.Az newtimes.az-a istinadən xəbər verir ki, bunu Vaşinqton təşkilata üzv olan ölkələrin hərbi xərclərini artırması hesabına etmək fikrindədir. Aydın görünür ki, Şimali Atlantika Alyansı nəinki hərbi ixtisara getmək niyyətində deyil, hətta daha qüdrətli hala gəlməyi düşünür. Moskvanın da buna cavab verəcəyi gözlənilir. Bununla da dünya miqyasında hərbi qarşıdurma təhlükəsinin yarandığı qənaətini almaq olar.

Amerikanın tələbi: hərbi xərclər və silahlanma artırılsın

NATO-Rusiya münasibətlərinin hamar olmadığı çoxdan məlumdur. Şimali Atlantika Alyansı bir neçə ildir ki, RF-nin sərhədlərinə yaxınlaşır. Bunu dövlətin təhlükəsizliyinə təhdid kimi qiymətləndirən rəsmi Moskva cavab tədbirləri görür. Son illər bu müstəvidə tərəflər arasında münasibətlər daha da gərginləşib. NATO yeni tədbirlər həyata keçirir, Kreml də öz növbəsində lazım bildiyi addımları atır. Hazırda Avropa istiqamətində onların sərt bir şəkildə qarşı-qarşıya durduğunu demək olar.

Xüsusilə NATO-nun cənub və şərq cinahlarında Moskva ilə münasibətlər ağırdır. Daima qarşılıqlı hədələr və bəzi hallarda çox yaxın məsafələrdə edilən hərbi manevrlər sinirləri pozur. Lakin belə görünür ki, heç bir tərəf geri çəkilmək fikrində deyil. Ekspertlər Donald Trampın prezident olması ilə Rusiya ilə münasibətlərdə keyfiyyət dəyişikliyinin baş verəcəyinə müəyyən qədər inanırdılar. Ancaq NATO ölkələri müdafiə nazirlərinin Brüssel görüşü tamam başqa mənzərəni ortaya qoydu.

Görüşdə iştirak edən Pentaqonun şefi Ceyms Mettis üzv dövlətlərdən hərbi bloka xərcləri 2%-ə çatdırmağı tələb edib. Alyansın hər bir üzvü dövlət büdcəsinin 2%-ni NATO-ya verməlidir. Bu, birmənalı qarşılanmayıb. Birincisi, NATO üzvlərinin heç də hər biri həmin vəsaitə malik deyil. Ekspertlərin dediyinə görə, bu rəqəmi Böyük Britaniya, Fransa və Almaniya ödəyə bilər. Bloka yenicə daxil olanlar isə çox zəifdirlər. Məsələn, Rumıniya, yaxud Polşa bu həcmdə xərcin altından çıxa bilməzlər. Yunanıstandan isə heç danışmağa dəyməz.

İkincisi, müasir cəmiyyətlərdə təhsilə həmin miqdarda vəsaitin ayrılması vacib sayılır, lakin heç də bütün ölkələr bunu edə bilmir. Belə çıxır ki, Şimali Atlantika Alyansı üçün hərbi güc təhsildən daha önəmlidir. Hər bir halda indi üzv ölkələr 2% ilə bağlı narazılıqlarını açıq bildirirlər.

Vaşinqtonun isə öz arqumentləri var. Amerika blokun xərclərinin 70%-ni təmin edir ki, bu da ildə 700 milyard ABŞ dolları deməkdir. Vaşinqton artıq bu qədər yükü çəkmək fikrində deyil. Digər tərəfdən, dünyada baş verən geosiyasi hadisələr göstərir ki, NATO öz vəzifəsinin öhdəsindən lazımi səviyyədə gələ bilmir. Deməli, mütləq dəyişikliyə ehtiyac vardır. Buna görədir ki, D.Tramp NATO-dakı müttəfiqlərindən xərcləri artırmaqla təşkilatda islahatların aparılmasına hazır olmağı tələb edir.

Brüssel toplantısı məhz bu problemlər prizmasından kifayət qədər aktual görünür. Rəsmi Moskva da alınan qərarlara reaksiya verib. Rusiyanın NATO-dakı daimi nümayəndəsi Aleksandr Qruşko müsahibəsində Şimali Atlantika Alyansının yeni məqsədləri barədə geniş danışıb (bax: "НАТО переходит на силовые схемы" / "Коммерсантъ", 27 fevral 2017).

Brüsseldə Vaşinqton 2%-lik şərti o dərəcədə sərt şəkildə qoyub ki, onu üzv dövlətlər milli plan kimi həyata keçirməlidirlər. Bu ilin may ayının 25-də NATO-nun sammitində həmin məsələ öz həllini tapmalıdır.

A.Qruşko NATO-Rusiya münasibətləri kontekstində digər aktual məsələ kimi cənub-şərq seqmenti ilə bağlı qərarı göstərib (bax: əvvəlki mənbəyə). NATO rumın briqadasının bazasında çoxmillətli hərbi qruplaşma yaratmaq fikrindədir. Artıq 8 ölkə briqada səviyyəsində qərargaha daxil olmağa hazır olduğunu bəyan edib. 5 ölkə isə bu briqadaya əlavə havadan və yerdən dəstək verəcəklər. Həmin sırada NATO-nun hərbi-dəniz qüvvələrini Qara dənizdə gücləndirmək qərara alınıb. A.Qruşko bununla bağlı ifadə edib: "Bu, regionlarda gərginliyi gücləndirən daha bir addımdır ki, RF-nin həyati maraqlarına toxunur" (bax: əvvəlki mənbəyə).

Cavab addımları: Kreml xəbərdarlıq edir

Buna qarşılıq Moskva "təbii ki, zəruri tədbirləri görəcək" (A.Qruşko). Bundan iki siyasi nəticə çıxarılır. Əvvəla, NATO şərq cəbhəsində güclənməkdə davam edir. İkincisi, Vaşinqton gündəmə yeni münaqişə gətirir. Rusiya nümayəndəsinin fikrinə görə, bu kimi addımlar yeni təhlükələrə qarşı birləşməyə ciddi mane olur. Bəs həmin təhlükələr hansılardır?

Qərb və Rusiya siyasi liderlərinin ifadə etdikləri fikirlərdən aydın olur ki, onlar hər şeydən əvvəl dini radikalizmi əsas təhlükə hesab edirlər. Konkret olaraq isə müsəlmanların terror aktlarından ehtiyatlanırlar. Belə çıxır ki, Moskva Qərbə bu təhdidə qarşı ortaq hərəkət etməyi təklif edir. Məsələnin bu tərəfi NATO-Rusiya münasibətlərinin xüsusi aspektini təşkil edir ki, bunun da ayrıca təhlilə ehtiyacı var.

Eyni zamanda, konkret regional münaqişələrdə ABŞ-la Rusiyanın maraqları ziddiyyət təşkil edir. Bir sıra hallarda isə uzlaşma nöqtəsini tapmaq olduqca çətindir. Bu səbəbdən nəzəri olaraq hər kəsin anladığı və qəbul etdiyi terrora qarşı ABŞ-Rusiya əməkdaşlığının reallaşması mürəkkəb xarakterli məsələ təsiri bağışlayır.

Bunlarla yanaşı, A.Qruşko başqa maraqlı məqama da diqqət yetirib. Onun dediyinə görə, Şimali Atlantika Alyansı bilərəkdən Rusiya təhlükəsini mifləşdirir. Deyək ki, Avropa ölkələrinin hərbi xərci 250 milyard ABŞ dollarıdır ki, bu da Rusiya və Çinin birlikdə hərbi məsrəflərindən artıqdır (bax: əvvəlki mənbəyə). Burada diqqət yönəldilməli olan başqa məsələ NATO üzvlərinin ən müasir silahlarla təmin edilməsi planı ilə bağlıdır. A.Qruşko "əgər bu planlar baş tutsa, biz "soyuq müharibə" situasiyasına düşə bilərik", - deyə xəbərdarlıq edir (bax: əvvəlki mənbəyə). Çünki hərbi planlaşma əvvəl-axır özünə uyğun siyasi xətt formalaşdırır. Tarix bunun əyani nümunələrini verib.

Bununla qapalı dairə yaranır - təhlükələrdən xilas olmaq üçün hərbi xərclər artırılır ki, bu da öz növbəsində siyasi gərginləşmə meydana gətirir və sonuncu yenidən hərbi məsrəflərin artmasına təkan verir. Bu yükün altından heç kim çıxa bilməz.

Bunlarla yanaşı, Şərqi Avropada ABŞ-ın hərbi qüvvəsinin artırılması, yeni bazaların yaradılması və bütövlükdə hərbi infrastrukturun təkmilləşdirilməsi nəzərdə tutulur. Belə addımları Moskva özünə qarşı təhlükə hesab edir. Maraqlıdır ki, yuxarıda vurğulanan təhlükəli məqamların fonunda A.Qruşko Rusiya və ABŞ generallarının Bakı görüşünün müsbət nəticə verə biləcəyini ayrıca vurğulayıb.

Rusiya təmsilçisi Bakı görüşünü çox mühüm əhəmiyyət daşıyan və strateji təsir xarakterli başqa məsələlərin həlli ilə müqayisə edib. Məsələn, strateji təyinatlı silahların ixtisarı, Suriya və s. kimi problemlərdə ortaq dil tapdıqları kimi, Amerika və Rusiya rəhbərliyi Bakı müzakirələrindən də qlobal problemləri həll etmək istiqamətində yararlana bilərlər. Bu da Azərbaycan paytaxtında təşkil edilən görüşün ciddi əhəmiyyətindən xəbər verir.

Vurğulanan məqamlar qlobal təhlükəsizlik üçün önəm kəsb edən bir sıra aspektlərin aktuallaşdığını təsdiq edir. Bütövlükdə NATO ilə Rusiya arasında münasibətlər gərginləşməkdə davam edir. Belə düşünmək olar ki, 2017-ci ildə bu proses daha da dərinləşə bilər. Vaşinqton və Moskva qarşıdurma vəziyyətinə gələ bilərlər. Xüsusilə Ukrayna istiqamətində mürəkkəb və ziddiyyətli proseslər özünü göstərir. Bir sıra ekspertlər Şərqi Ukraynada genişmiqyaslı hərbi əməliyyatların meydana gələ biləcəyini proqnozlaşdırırlar.

Digər həssas məqam Cənubi Qafqazda gərginliyin yüksəlmə ehtimalı ilə əlaqəlidir. Burada ekspertlər İran faktorunu daha çox vurğulayırlar. Lakin Ermənistanın aqressivliyi NATO-Rusiya münasibətlərinin gərginliyə doğru getməsinə öz təsirini göstərməkdədir. Təəssüf ki, hələlik nə Vaşinqton, nə də Moskva problemin bu aspektindən bəhs etmirlər. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində