"Ağıllı" masa zəngləri göstərir

18 Mart 2017 08:15

Yaponiyanın "Panasonic" şirkəti bu yaxınlarda Frankfurtda keçirilən konfransda ABŞ-da "CES 2017" sərgisi çərçivəsində nümayiş olunan "ağıllı" stol konsepti barədə yeni məlumatlar açıqlayıb. İnduksiyalı, proyeksiyalı və digər texnologiyalardan istifadə Yaponiya mühəndislərinə adi mebel əşyasını "Əşyalar interneti"nə çıxış üçün əsl portala çevirməyə imkan verib.

Milli.Az ICTnews-a istinadən bildirir ki, xarici görünüşünə görə adi mebeldən fərqlənməyən konsept istifadəçinin smartfonu ilə sinxronlaşaraq daxil olan bildirişlər və zənglər barədə informasiyanı stolun üstündə göstərir. Bundan başqa, stolda "4K" və "8K" formatlarında videozənglərin qəbulu mümkündür.

Enerjisi bitən smartfonu induksiyalı zonaya qoymaqla onu enerji ilə doldurmaq və ya qəhvə fincanını qızdırmaq olar.

Xüsusi menyu bilavasitə stoldan "ağıllı" ev sisteminin, "ağıllı" texnika və əlavələrin idarəetməsini həyata keçirməyə imkan verir. Bu və ya digər zonanı seçən istifadəçi orada quraşdırılan bütün "ağıllı" qurğuları görə bilir. Məsələn, "Mətbəx" işarəsini basmaqla "ağıllı" soyuducu, mikrodalğalı soba, ötürücülər və onların vəziyyəti görünür. Bundan əlavə, videomüşahidə sisteminə qoşulmaqla ev sahibi evdə olmayanda qonaq otağı, yataq otağı və mətbəxdə nəyin baş verdiyini yoxlaya bilər.

"Ağıllı" masa arxasında işləyən insanların çətin suallara cavabların axtarılması qarşısında aciz qalmamaları üçün mühəndislər tərəfindən internet brauzerindən istifadə imkanı nəzərdə tutulub.

"Panasonic" şirkətinin Avropa bölməsinin rəhbəri Loran Abadinin sözlərinə görə, "ağıllı" stol, şəffaf televizor, "ağıllı" şərab şkafları və şirkətin digər konseptləri kimi həllər 4-5 ildən sonra reallığa çevrilə bilər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində