Avtomobilə dəymiş ziyan ödənilmir

14 Mart 2017 21:06

Saatlı rayon sakininin başına qəribə hadisə gəlib. 2004-cü ildə Sabirabad rayonunda hərəkətdə olan avtomobil onun maşınına çırpılıb. Nəticədə həm özü xəsarət alıb, həm də avtomobilinə ziyan dəyib. Məhkəmə avtomobilə dəymiş zərərin qarşılanması ilə bağlı qərar çıxarsa da, ona əməl edən yoxdur. İndi isə maşını polisin cərimə meydançasından yoxa çıxıb.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki,  Arif Məmmədovun 13 il əvvəl keçirdiyi qəza ona əlavə problemlər yaradıb. Sağlığı ilə bərabər avtomobilindən də olub.
Belə ki, qarşı tərəf dəymiş ziyanı ödəməkdən boyun qaçırıb. Baxmayaraq ki, 2005-ci ildə məhkəmə dəymiş ziyanın ödənilməsi barədə qərar da verib.
Saatlı rayon sakini Arif Məmmədovun avtomobili Sabirabad rayonu dövlət yol polisi idarəsinin mühafizə edilən duracağında saxlanılıb. Zərərçəkən dəymiş ziyan ödənilmədiyinə görə meydançadan avtomobili çıxartmayıb.
Məsələ ilə bağlı Sabirabad rayonu dövlət yol polisi idarəsinin rəisi Əhməd Ağayev bildirib ki, sözügedən hadisə onun təyinatından qabaq olub deyə konkret məlumat verə bilməyəcək. Onun sözlərinə görə zərərçəkən yenidən polis idarəsinə müraciə etməlidir ki, araşdırmalar başlasın.
Hüquqşünaslar isə bildirirlər ki, məhkəmə qərarının icra edilməməsi ilə bağlı vətəndaş Ədliyyə Nazirliyinə müraciət etməlidir. Avtomobilin cərimə meydançasından yoxa çıxması ilə bağlı daxili işlər nazirliyinə məlumat verilməlidir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində