Tanınmış ekspert "Azəriqaz"ı tənqid etdi: "İslahatlara ehtiyac var"

7 Mart 2017 17:09

"Nəinki rayonlarda, hətta paytaxtda belə mavi qazın evlərə fasilə ilə verilməsi adiləşib. Bakının mərkəzi rayonlarında da bəzən nəinki saatlarla, hətta bir gündən çox müddətdə də mavi qaz təchizatı kəsilir".

Milli.Az xəbər verir ki, bunu İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) rəhbəri, tanınmış iqtisadçı-ekspert Vüqar Bayramov bildirib.


Ekspertin sözlərinə görə, 29,367 milyard kub metr mavi qaz istehsal Azərbaycanda əhalinin qaza olan 2,75 milyard kub metrlik tələbatını ödəməkdə çətinliklərin olması anlaşılan deyil: "Halbuki, yalnız SOCAR-ın illik hasilatı 6, 266 milyard kub metrdir. Bu isə əhalinin mavi qaza olan tələbindən 2 dəfədən çoxdur. Əhalinin mavi qaz istehlakı ölkə üzrə ümumi qaz istehsalının 10 faizindən çox olmamasına baxmayaraq, yenə də qaz təminatında problemlər varsa, deməli bu sahədə struktur islahatların aparılmasına ehtiyac var. Digər tərəfdən, mavi qazın təchizatında itkilərin həcminin çox olması fonunda evlərə qazın fasilələrlə verilməsi bu sahədə islahatların sürətləndirilməsini daha aktuallaşdırır".

Qeyd edək ki, Azərbaycan Respublikası ərazisində təbii qazı təchizat nöqtələrindən qəbul edərək, paylanması və satışını SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyi həyata keçirir.

Yusif Nəsirli

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində