Azərbaycan Premyer Liqasının XXI turunda AZAL-ı qəbul edən "Kəpəz" 1:1 hesablı bərabərliyə razılaşıb.
Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bu oyunla bərabər gəncəlilərin qalibiyyətsiz oyunlar seriyası 8 matça çatıb.
Belə ki, sonuncu dəfə ötən ilin noyabrında XIII tur çərçivəsində "Neftçi"ni 2:0 hesabı ilə məğlub edən qərblilər ondan sonra 7 qarşılaşmada 3 xalın nə olduğunu bilməmişdilər. Sırası ilə "Qəbələ" (1:2), "İnter" (1:4), "Zirə" (0:1), "Sumqayıt" (1:3), "Qarabağ" (0:1), "Neftçi" (0:0) və "Qəbələ" (1:1) ilə matçlarda qələbə üzü görməyən komanda həsrətini ən az bir tur da uzatmış oldu.
AZAL isə bu oyunla uğursuz oyunlar seriyasına son qoyub. Belə ki, 6 oyunda meydanı məğlub tərk edən Tərlan Əhmədovun yetirmələri axır ki, bunu sonlandıra biliblər. Sonuncu dəfə ötən ilin dekabrında XIV turda "Neftçi" üzərində qələbə qazanan "təyyarəçilər" o vaxtdan bu yana "Zirə"yə (1:2), "Qarabağ"a (1:2), "Qəbələ"yə (0:2), "İnter"ə (0:1), "Sumqayıt"a (0:1) və "Neftçi"yə (0:1) uduzmuşdu.
Qeyd edək ki, AZAL bu oyunda həm də cari mövsümdə ilk dəfə "Kəpəz"in qapısına yol tapmış oldu.
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində