Bakı Türk Dünyasını bir araya gətirir - FOTOlar

4 Mart 2017 14:55

Bakı Dövlət Universitetində "Qorqud Atadan Günümüzə Aşıqlıq Ənənəsi" adlı simpozium keçirildi.

Milli.Az bildirir ki, Simpozium Bakı Yunus Emre İnstitutu və Bayburt (Türkiyə) Universitetinin təşkilatçılığı, həmçinin Bakı Dövlət Universitetinin, Qırğızıstan - Türkiyə Manas Universitetinin və Qazaxıstan Dövlət İncəsənət Universitetinin dəstəyi ilə keçirildi.

Simpoziumda Azərbaycandan, Türkiyədən, Qazaxıstandan ve Qırğızıstandan olan 50-dən artıq elm xadimi və tədqiqatçı Türk Dünyasının milli mənəvi dəyərləri və mədəni irsini əks etdirən Dədə Qorqud dastanı ilə bağlı elmi məqalələrini təqdim etdi.

Simpoziumda həmçinin Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral, millət vəkili Hikmət Babaoğlu, Qırğızıstan - Türkiyə Manas Universitetinin rektoru Sebahattin Balcı, Türk Dil Qurumunun sədri professor Mustafa Kaçalin, Bayburt Universitetinin prorektoru Süleyman Çiğdem, Qazaxıstan Qorqud Ata Elmi-tədqiqat İnstitutunun müdiri Şirinbey Koylibayev, Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun direktoru Muxtar İmanov, Yunus Emre İnstitutunun müdiri İbrahim Yıldırım və başqaları iştirak etdilər.

Simpozium çərçivəsində Bakı Dövlət Universiteti və Bayburt Universiteti arasında əməkdaşlıq haqqında protokol imzalandı.

Qonaqlara Azərbaycan,Türkiyə, Qırğızıstan və Qazaxıstanın milli musiqisi, folklorundan ibarət konsert proqramı təqdim olundu.

13 əsrlik tarixi olan Kitabi-Dədə Qorqud Azərbaycanın ən qədim yazılı xalq yaradıcılığının abidəsidir.

Kitab möhtəşəm mədəniyyət abidəsidir, Azərbaycan xalqının mədəni sərvət xəzinəsində özünəməxsus yer tutur və əsrlər boyu milli-mənəvi dəyərlərin ayrılmaz hissəsinə çevrilmişdir.

Bu əsərdə oğuz türklərinin vətənpərvərlik, qəhrəmanlıq, müdriklik, uzaqgörənlik, mənəvi dəyərlər və adət-ənənələri haqqında danışılır.

Dastan Azərbaycan dilinin incəliklərini, tarixi hadisələri və şəxsiyyətləri, mədəniyyətini öyrənmək üçün əvəzolunmaz mənbədir.

2009-cu ildə Azərbaycan Aşıq Sənəti UNESCO-nun qeyri-maddi mədəni irsinə daxil olmuşdur.

Aşıq sənəti Azərbaycan xalqının milli kimlik rəmzi, dilimizin, ədəbiyyatımızın, musiqimizin mənəvi qoruyucusudur.

Aşıq sənəti poeziyanın, epik dastanların, hadisələrin danışılması sənətinin, rəqslərin, xalqın azadlığı və qəhrəmanlığı haqqında oxuyan vokal instrumental musiqinin, həmçinin dostluq və sevgi haqqında satirik və yumoristik kopmozisiyaların toplusudur.

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az, Azernews.az

Milli.Az