Qəbul imtahanlarına ödəniləcək məbləğ HESABLANIR

2 Mart 2017 16:22

Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının növbəti iclası keçirilib.

Milli.Az xəbər verir ki, DİM-dən APA-ya verilən xəbərə görə, iclasın gündəliyi "Azərbaycan Respublikasında ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu imtahanlarının təşkilinin tənzimlənməsi ilə bağlı əlavə tədbirlər haqqında" prezidentin sərəncamı, DİM-in elektron xidmətlərdən istifadə etmək üçün yaradılan "Şəxsi kabinet" və ödəmə üsulları, imtahanda iştirak üçün ödəniləcək məbləğ, növbəti tədris ili üçün nəzərdə tutulan dəyişikliklər, SAT imtahanı nəticələri əsasında aparılan müsabiqə və digər məsələlərin müzakirəsindən ibarət olub.

Sədr Məleykə Abbaszadə qeyd edib ki, dövlət başçısının tapşırıqları əsasında, gənclərin ali və orta ixtisas təhsili alması imkanlarının genişləndirilməsi məqsədilə tələbə qəbulu sahəsində bir sıra tədbirlər, islahatlar həyata keçirilir. Onun sözlərinə görə, bu islahatlar çərçivəsində ən vacib sənədlərdən biri "Azərbaycan Respublikasında ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu imtahanlarının təşkilinin tənzimlənməsi ilə bağlı əlavə tədbirlər haqqında" sərəncamdır. Sərəncamdan faydalana biləcək abituriyentlər haqqında məlumat verən M.Abbaszadə vurğulayıb ki, təqribən 70 minə yaxın abituriyentin imtahanda iştirak üçün ödəyəcəyi məbləğin dövlət büdcəsinin vəsaiti  hesabına həyata keçirilməsi gözlənilir".
 
Daha sonra M.Abbaszadə DİM-in mütəxəssisləri tərəfindən işlənib hazırlanmış və dim.gov.az saytında yerləşdirilmiş "Şəxsi kabinet" və ödəniş üsulları barədə məlumat verərək göstərib ki, Dövlət İmtahan Mərkəzinin (DİM) elektron xidmətlərindən faydalanmaq istəyən hər bir istifadəçinin (abituriyentin, bakalavrın, namizədin) şəxsi kabineti olmalıdır: "Şəxsi kabinet bir dəfə yaradılır və daimi istifadə edilə bilər. İstifadə edilmiş xidmətlər, imtahan nəticələri və digər məlumatlar istifadəçinin şəxsi kabinetində öz əksini tapacaq. Kabinet yaradılan zaman onun pul hesabı da açılır. Hesaba lazımi miqdarda vəsait əlavə etmək üçün müxtəlif ödəniş üsullarından yararlanmaq olar. Vəsait DİM tərəfindən göstərilən xidmətlərin ödənilməsi üçün istifadə edilir".
 
İclasda DİM tərəfindən Tarif Şurasına imtahanların keçirilməsi ilə bağlı təqdim olunmuş qiymətlər barədə Şura üzvlərinə məlumat verilib. Qeyd olunub ki, hazırda imtahanlarda iştirak üçün ödəniləcək məbləğlərlə bağlı DİM  və Tarif Şurasının mütəxəssisləri tərəfindən dəqiqləşdirmələr aparılır. Bu işlər başa çatdıqdan sonra qiymətlər ictimaiyyətə elan olunacaq.
 
İclas iştirakçılarının nəzərinə yeni işıq üzü görmüş "Azərbaycan dili " və "РУССКИЙ ЯЗЫК"  fənləri üzrə vəsaitlər təqdim edilib.
 
İclasda digər cari məsələlər də müzakirə edilib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində