Gürcüstan və Ermənistanda Kür və Araza çirkli sular axıdılır
15 Mart 2010 10:59
Milli.Az xəbər portalı nazirliyin internet saytına istinadən xəbər verir ki, martın ilk ongünlüyündə Kür çayında suyun sərfi fevral ayının 3-cü ongünlüyünə nisbətən 94 m3/san azalaraq, 290 m3/san təşkil edib. Monitorinqin nəticələrinə əsasən, Kür çayında Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində biogen maddələrin miqdarı normadan dəfələrlə artıq olub. Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenol və mis birləşmələri yol verilən qatılıq həddini keçib.
Aparılan monitorinqin nəticələrinə görə, Ermənistan ilə transsərhəd olan Araz çayında suyun sərfi 85,8 m3/san olub. Horadiz məntəqəsində suyun əsas çirkləndiricilərindən olan fenollar 2, mis birləşmələri 3, Birinci Şahsevən məntəqəsində fenollar və mis birləşmələri 3, Bəhramtəpə ərazisində fenollar və mis birləşmələri 2 dəfə qatılıq həddini keçib.
Suyun oksigen rejimi bütün məntəqələrdə 6,65-7,68 mq/l arasında olmaqla, sanitar norma daxilində dəyişib.
Milli.Az