"Nəsibə Zeynalova rəhmətə getdiyi üçün onu Qorxmaz səsləndirdi" - FOTO

1 Mart 2017 15:55

Əməkdar mədəniyyət işçisi, tanınmış kino xadimi Əsəd Əsədovun Milli.Az-a müsahibəsi.

Yəqin ki, bir çoxlarınız "Mozalan" satirik kinojurnalı başlayanda arı "vızıltı"sını eşitmisiniz. Bu səsi üzünü görmədiyiniz, yalnız bir çox məşhur filmlərin səsləndirilməsində əvəzsiz xidməti olan tanınmış kino işçisi, ilk Dövlət Mükafatı alan səs rejissoru Əsəd Əsədov yazıb. Əsəd Əsədovla müsahibə onun 70 illik yubileyi gününə təsadüf etdi. Ad günlərinə xüsusi hazırlaşmağı sevməyən əməkdar mədəniyyət işçisi bizə kinonun kadrarxası məqamlarından danışdı.

- Əsəd bəy, bu gün sizin ad gününüzdür. Necə keçirəcəksiniz ad gününüzü?

- Vallah, nə yalan deyim, ad günümə xüsusi hazırlaşmağı sevmirəm. Bu günkü ad günümü də yaxın dostlarım və ailə üzvlərimlə birlikdə keçirəcəyəm. Ad günlərimi cavanlıqda həvəslə keçirmişəm, yaşa dolandan sonra artıq insanda həvəs qalmır. Hələ üstəlik də canın ağrıyanda.

- Adətən kino işçisi deyəndə bizim ağlımızda ilk aktyor və rejissor canlanır. Siz niyə aktyor, rejissor yox, səs rejissoru peşəsini seçdiniz?

- İlk öncə onu deyim ki, bu peşəyə yiyələnməyim tam təsadüf oldu. O vaxtı orta məktəbi bitirəndən sonra istəyirdim ki, ya Moskvada, ya da ki, Leninqradda oxuyum. Belə oldu ki, Moskvada Kino mühəndisliyi ixtisasına qəbul olundum. Evdəkilər mənim peşə seçməyimə qəti qarışmayıblar. Buna görə də bu peşəni seçməyimə görə təəssüflənmirəm. Universiteti bitirəndən sonra, 1970-ci ildə məni kinostudiyaya qəbul etdilər. 6 aydan sonra mən səs operatoru kimi dublyaja başladım. Sonradan məni filmlərin çəkiliş meydançalarına dəvət etdilər. Həyatımın ən çətin və şərəfli illəri də bundan sonra başladı.

- Səs operatoru kimi çalışdığınız ilk filminiz hansı olub?

- İlk çalışdığım film Tofiq İsmayılovun "Körpüsalanlar" filmi idi. Bu filmə başlayanda az da olsa mənim dublyajda işləmək təcrübəm var idi. Başlanğıcda çətinliklər olsa da 2-ci, 3-cü filmlərdə çətinlik olmadı. İlk iş həmişə çətin olur.

- Ümumilikdə, neçə filmdə çalışmısınız?

- Mən 40-a qədər bədii filmdə işləmişəm. Hər filmdə də müxtəlif rejissorlarla işləmişəm, hamısından bir şey öyrənmişəm. 100-dən çox "Mozalan" satirik kinojurnalının sujetlərini çəkmişik.

- İşinizin özəlliyi nədən ibarətdir?

- Səs rejssorunun yaxşı eşitmək qabiliyyəti olmalıdır. Hamı eşidir, amma biri də var ki, peşəkar eşitmək. Peşəkar eşitmək tamam başqadır. Görünür, məndə bu qabiliyyət var idi.

- Əsəd müəllim, gəlin razılaşaq ki, əvvəllər texnika zəif inkişaf etsə də çox baxımlı filmlər çəkilirdi. Amma indi nədənsə bu cür filmlərə nadir hallarda rast gəlirik.

- Mən yalnız səs barədə danışa bilərəm. İndiki səs yazılışı çox inkişaf edib. Kompyuterdə imkanlar daha genişdir. Yaxşı gənclərimiz var ki, çox gözəl işlər görürlər. O vaxt universiteti bitirəni Moskvaya, Leninqrada göndərirdilər. O filmləri çəkənlər də o universiteti bitirənlərdir. Ona görə də hamı onların çəkdiyi filmləri bəyənir.

- Hər hansı işlədiyiniz filmdə səs problemi olubmu?

- Təbii ki, problem həmişə olub. O vaxtı filmi lentə yazırdılar. Elə olub ki, lent keyfiyyətsiz olub, dəyişib səsi yenidən yazmışıq. "Fəryad" filmində "Ögey ana" filmindən bir kadr var. O səsi yenidən yazmışıq. Rəhmətlik Ceyhun Mirzəyev dedi ki, alınmaz, bəlkə yazmayaq. Yazdım və aktrisa Almaz Mustafayeva o səsi səsləndirdi. "Güllələnmə təxirə salınır" filmində Nəsibə xanım rəhmətə gedəndən sonra səsyazma yarımçıq qaldı. Çarəsiz qalıb Qorxmaz Əlilini dəvət etdik ki, Nəsibə xanımı canlandırsın.

- Bu günlərdə əməliyyat olunmusunuz. Xəstəliyiniz nə idi?

- 4 il əvvəl onkoloji bir xəstəlikdən əməliyyat olundum. Bu günlərdə yenidən əməliyyat etdirmişəm, fikirləşirəm ki, hər şey yaxşı olacaq. Həyata heç vaxt ümidimi itirmirəm.

- Adətən, xəstə yatağında olarkən insan dostlarını yanında görmək istəyir. Dostlarınız hər zamankı kimi yanınızdadır, yoxsa?

- Mənim həmişə dostum olub. Bu barədə bəxtim çox gətirib. Ola bilər ki, birinin adını çəkim, digərini unudum. Hamı bilir ki, mənim dostlarım kimdir.

- Filmdə son işiniz hansı olub?

- Son işim "Niyyət" filmi olub. Filmin rejissoru Samir Kərimoğlu idi.

- Hansı illərin həsrətini çəkirsiniz?

- Hər halda deyirlər ki, gənclik illəri daha gözəldir. Zaman tez gedir, bu axı məndən asılı deyil.

- Qocalığın gözəlliyi yoxdur ki?

- Əlbəttə ki, var. Övladın, nəvənin də öz gözəlliyi var. Mən hazırda nəvələrimlə nəfəs alıram.

- Mən bilirəm ki, siz həm də tanınmış aktyor Elnur Kərimovun qaynatasısınız. Onun işini nə dərəcədə bəyənirsiniz?

- Elnur çox yaxşı aktyordur, onun istər seriallarda, istərsə də film və tamaşadakı işlərini çox bəyənirəm. O qızımla birlikdə universitetdə oxumuşdu. Elçi gələndə "hə" dedim. Gənc Tamaşaçılar Teatrında onun bir tamaşasına baxmışam. Səhv etmirəmsə, "Oliver Tvistin macəraları" idi.

- Tez-tez dəvət edir sizi tamaşalarına?

- Dəvət etsə də səhhətimlə əlaqədar olaraq tez-tez gedə bilmirəm. Gənc yaşlarımda tamaşalara daha çox gedirdim.

- Ən böyük arzunuz nədir?

- Arzularım çoxdur, amma ən böyüyünü deyə bilmərəm. Çox istərdim ki, nəvələrim, övladlarım xoşbəxt olsunlar.

- Bu günkü gündə fəaliyyətiniz varmı?

- İncəsənət Universitetində səs rejissorluğundan dərs deyirəm. Əsas nəzəri yox, praktiki dərs keçmək lazımdır ki, tələbələr canlı olaraq görüb, yaxşı qavrasınlar. Ona görə də dərslərim çox vaxt kinostudiyanın povilyonlarında olur.

Əli Rəhimoğlu

Milli.Az