Türkiyədə hamilə azərbaycanlı fahişəliyə məcbur edilib

15 Mart 2010 11:06
Azərbaycan və Türkmənistandakı qəzetlərə "dayə axtarılır" elanları verərək, Türkiyəyə gətirdikləri qadınları zorla fahişəliyə cəlb edən cinayətkar qrup ifşa edilib. Milli.Az xəbər portalı Türkiyənin "Milliyət" qəzetinə istinadən xəbər verir ki, aldadılaraq Türkiyənin Bursa şəhərinə aparılan və orada qapalı şəraitdə saxlanılan qadınlar içinə "Bizi xilas edin" yazılmış kağız qoyduqları ayaqqabını saxlandıqları otağın pəncərəsindən küçəyə atıblar. Küçədən keçərkən başına düşən ayaqqabının içindəki ismarışı görən bir uşaq bu barədə yaxınlıqdakı baqqala, o isə polisə məlumat verib.

Bundan sonra polis əməkdaşları həmin binada əməliyyat keçiriblər. Müştəri kimi davranan polis əməkdaşları 36 yaşlı Yaşar O., 30 yaşlı Taner K. və 34 yaşlı Sevinc R. tərəfindən zorla saxlanılan dörd qadın üçün sövdələşmə qurublar. Pulu alan şübhəlilər həbs edilib. Qadınlar bildiriblər ki, ölkələrində qəzet elanları ilə aldadılaraq, Bursa şəhərinə aparılıblar. Azərbaycandan olan 27 yaşlı A.S. dördaylıq hamilə olduğunu, buna baxmayaraq, zorla fahişəliyə cəlb edildiyini bildirib.

Milli.Az