Valyutanı nə vaxt alıb-satmaq sərfəlidir? - Tanınmış ekspertdən ətraflı izah

27 Fevral 2017 13:05

Hər bir şəxs valyuta bazarındakı dəyişiklikləri izləməklə valyuta satan və ya alan zaman risklərini müəyyən qədər sığortlaya bilər.

Bunu Milli.Az-a açıqlamasında İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) rəhbəri, tanınmış iqtisadçı-ekspert Vüqar Bayramov bildirib.

Ekspertin fikrincə, bunun üçün bəzi məsələlərə diqqət yetirmək lazımdır: "Ötən aydan etibarən bazarın və xüsəsən də bankların prosesə təsir imkanları artıb. Buna görə də, Mərkəzi Bankın kursu artıq heç də bazardakı mənzərə anlamına gəlmir. Belə ki, ötən həftə banklarda dollar manata nisbətən ucuzlaşdı, amma rəsmi məzənnədə bahalaşdı. Ona görə də banklarda manatın məzənnəsinin necə dəyişdiyini müəyyənləşdirməyiniz üçün dolların satış kursuna diqqət yetirmək lazımdır. Əgər dolların satış kursu aşağı düşürsə, deməli, xarici valyutalara tələb azalır və banklar dolları ucuzlaşdırmaqla daha çox satmağa çalışırlar. Satış kursunun aşağı düşməsi artıq növbəti günlərdə dolların ucuzlaşmasına işarədir. Əksinə, dolların satış kursu artırsa, xarici valyutaya tələb artır və deməli, bu halda növbəti günlərdə dollar dəyər qazanacaq".

İqtisadçının sözlərinə görə, dolların alış kursu bəzən məzənnə ilə bağlı yanlış təssəvvür formalaşdıra bilər: "Təəssüf ki, əksər hallarda bəzi banklar dolların alış kursunu aşağı müəyyənləşdirirlər. Bəzən isə alış və satış kursu arasında hər 100 dollarda 10-15 manat fərq olur. Unutmayın ki, bu, bankların süni müdaxiləsidir və alış kursunun aşağı olması heç də dolların kəskin ucuzlaşması anlamına gəlmir.

Dolları dəyişən zaman alış və satış kursları arasındakı fərq hər 100 dollarda 5 manatdan az olan banklara müraciət edin. Əgər bankın dollar alış və satış kursu arasında böyük fərq varsa, deməli, nə satış, nə də alış məzənnələri real deyil. Orada valyuta dəyişsəniz və ya alsanız, uduzacaqsınız".

V.Bayramov qeyd edib ki, Mərkəzi Bankın rəsmi kursu və ya hərrac məzənnəsi dolların banklarda real alış məzənnəsinə çatanadək yüksələ bilər, amma bu, ümumi tendensiyanı göstərmir: "Yəni, banklarda dollar real alış kursu 1,76 manatdırsa, hərrac məzənnəsinin 1,74 manat olması başa düşüləndir. Çünki bu hərrac məzənnəsi banklara gəlir gətirir. Amma əgər banklarda dolların alış kursu rəsmi məzənnədən aşağı düşərsə, o zaman həm hərrac, həm də rəsmi kurs azalacaq".

Mərkəzin rəhbəri hesab edir ki, yığımlara qısa müddətli deyil, strateji yanaşmaq lazımdır: "Cari xərcləri olan kimi az məbləğdə manatı dollara çevirməyə ehtiyac yoxdur. Xarici valyutadakı yığımlarınızın dəyərini isə strateji, yəni daha uzun müddətli dövr üçün hesablayın. Nəhayət, pulunuzu risklərdən sığortalamaq üçün onu valyuta səbəti formasında saxlayın. Faizləri özünüz müəyyənləşdirə bilərsiniz. Bununla belə, təklif edilən formula belədir: 60/70 faiz dollar, 20/15 faiz avro və 20/15 faiz milli valyuta. Valyuta səbəti sizi bütün mümkün risklərdən qoruya bilər".

İlkin İzzət
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində