İcra başçıları Pirallahıda tamaşaya baxdılar

25 Fevral 2017 17:20

Pirallahı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Pirallahı Mədəniyyət Sarayında Xocalı faciəsinin 25-ci il dönümünə həsr olunmuş tədbir keçirilib.
Tədbirdən sonra Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kollektivi Xocalı faciəsinə həsr olunmuş S.Elsevərin "Arzu və Murad" tamaşasını nümayiş etdirib.

Milli.Az xəbər verir ki, tamaşadan öncə çıxış edən Şuşa Rayon İcra Hakimiyyətinin başçısı, "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İdarə Heyətinin sədri - icmanın rəhbəri Bayram Səfərov, Xocalı Rayon İcra Hakimiyyətinin başçısı Şahmar  Usubov və Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif  İmanov qeyd ediblər ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni quldurları 366-cı rus moto-atıcı hərbi birləşmələrinin köməyi ilə yer üzündən silinmiş Xocalının işğalı bəşər tarixinin qanlı cinayətlərindəndir: "Heç şübhəsiz ki, tezliklə ədalət zəfər çalacaq, Azərbaycanın işğal olunmuş bütün şəhərləri qaytarılacaqdır. Buna bizim gücümüz və qüdrətimiz də çatır, ölkə başçımızın uğurlu siyasəti və xalqımızın həmrəyliyi sayəsində torpaqlarımızı işğaldan azad edəcəyik. O gün çox da uzaqda deyil" .        

Xocalının işğalı zamanı əsir düşmüş gənc qızın faciəvi taleyindən, qaçqınlıq şəraitində yaşayan soydaşlarımızın saf hisslərindən, psixoloji və mənəvi durumundan bəhs edən tamaşada əməkdar artist İlham Əsədov, aktyorlar Küşvər Şərifova, Zülfiyyə Alhüseynova, Səbinə Məmmədova, Kərəm Hadızadə, Anar Seyfullayev və Elşən Şıxəliyev iştirak etmişlər. Tamaşanın quruluşçu rejissoru Gülnar Hacıyeva, rəssamı Elşən Sərxanoğludur.

Nümayiş olunan tamaşa salondakıların göz yaşları və sürəkli alqışları ilə qarşılanmışdır.

Milli.Az