Yerevan: "2 ilin maaşını almayan" işçilər etiraz edir

19 Mart 2015 21:13

Ermənistan paytaxtı Yerevanda "Nairit" zavodunun işçiləri cümə axşamı hökumət binası önündə növbəti etiraz aksiyasını keçiriblər.

Milli.Az BBC-yə istinadən bildirir ki, onlar il yarımdan iki ilə qədər almadıqları maaşlarını tələb edirlər.
 

Zavodun yüzlərlə işçisi mütəmadi olaraq Ermənistan prezidentinin iqamətgahı və hökumət binası önündə piketlər keçirir.

"Nairit" zavodunun əməkdaşları etiraz aksiyalarını 2012-ci ildən keçirirlər. Vaxtilə böyük tələbatı olan xloropren kauçuku istehsal edən zavod son illər ciddi problemlərlə üzləşib. Bir neçə dəfə zavodun sahibkarları dəyişib.
 

Hazırda Rhiniville Property Limited şirkətinə məxsus olan zavod istehsal etdiyi məhsula tələbat azaldığına görə 2009-ci ildən istehsalatını dayandırıb.
 

Bir neçə gün əvvəl etirazçılarla energetika və təbii ehtiyatlar naziri görüşüb, lakin hələlik zavodun əmək haqqı üzrə onların borclarını ödəmək iqtidarında olmadığını bildirib.
 

İşçilər deyirlər ki, nazirin cavabı onları qane etməyib.
 

Milli.Az