Azərbaycan təhsilində "YENİLİK" - Valideynlərə RÜŞVƏT SƏNƏDİ imzalatdırılır? - FOTO

23 Fevral 2017 17:42

Sumqayıt şəhər 21 saylı orta məktəbin direktoru valideynlərdən rüşvət toplamaqda ittiham olunur.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, məktəb direktoru İbrahimov Vladim Məhəmməd oğlu məktəbdə keçirilən kiçik summativ qiymətləndirmə, böyük summativ qiymətləndirmə, formativ qiymətləndirmə və. s. üçün testlərin çıxarılmasına lazım olan bütün xərcləri könüllü olaraq valideynlərin öz öhdəsinə götürdüyünü təsdiqləyən akt hazırlayıb və valideyn komitəsinin bütün üzvlərinə imzalatdırır.
 
 Valideynlər şikayət edirlər ki, əgər məktəbin bütün irili-xırdalı xərcləri onların boynunda olacaqsa, onda uşağı məktəbə qoymasınlar, elə özləri evdə öyrətsinlər. 
 
Məsələ ilə bağlı qarşı tərəfin də fikrini öyrənməyə çalışdıq.
 
Məktəb direktoru Vladim İbrahimov deyir ki, haqqında yayılan məlumatların heç biri həqiqətə uyğun deyil: "Həmin fotonu sosial şəbəkədə yayan məktəbin rus sektoru üzrə I sinif şagirdinin valideynidir. Hazırda həmin sinfin valideyn komitəsinin üzvü yanımdadır. Fotonu paylaşan şəxsi gözləyirik ki, bu məsələni müzakirə edək. Valideyn komitəsinin üzvünün dediyinə görə, valideynlər özləri öz təşəbbüsü ilə belə bir şey etmək istəyiblər və aktı həmin valideynə göstərəndə o, əsəbiləşib şəkilini çəkib və sosial şəbəkədə paylaşıb".
 
V.İbrahimov deyir ki, bu işdən xəbərdar olsaydı, qətiyyən icazə verməzdi: "Hazırlanan bu aktdan xəbərim yoxdur və elə bir şey olsa, icazə verməzdim. Məgər mən o qədər təcrübəsizəm ki, belə bir iş görüm?! Məktəbdə keçirilən bütün test summativ qiymətləndirmə üçün gərəkli xərcləri məktəb özü qarşılayır. Kim istəyir, gəlib yoxlama aparsın. Məktəbdə 1500 şagird oxuyur, 137 müəllim işləyir.  Ümumtəhsil məktəbləri arasında bizim məktəb 46-cı yerdədir. Məktəbimizdə hər il şagirdlərin 69 faizi tələbə adını qazanır. Bu, bizim işimizin nəticəsidir". 
 
Təhsil Nazirliyindən sayta bildirilib ki, məsələ nazirliyin Daxili Nəzarət Şöbəsinə yönləndirilib və  xidməti araşdırma aparılır. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində