"BakuBus" dilə gəldi - Bunlar ürək ağrıdan mənzərədir - FOTO

17 Fevral 2017 15:50

Tez-tez təmizlənən yer  yox, təmiz saxlanılan yer təmiz olar

İctimai nəqliyyatda istifadə olunan avtobusların təhlükəsizliyi və rahatlığı təkcə avtobusların təzəliyi, texniki sazlığı və ya xarici görünüşü ilə ölçülmür, xidmətin daha kefiyyətli təşkil olunması üçün avtobusların təmizliyi, xüsusən də salonun, oturacaqların, əl tutacaqlarının təmiz saxlanılması vacib şərtlərdən hesab olunur. Nəzərə alsaq ki, bir avtobusdan gün ərzində yüzlərlə, hətta minlərlə sərnişin istifadə edir və bunların içərisində çirkli əşyalarla avtobusa daxil olan sərnişinlərlə yanaşı, müxtəlif xəstəliklərin daşıyıcısı olan sərnişinlərlə də var, o zaman avtobusların təmizliyinin aktuallığı və əhəmiyyəti bir daha göz önündə qabarıq şəkildə canlanır.

Heç kimə sirr deyil ki, "BakuBus"un avtobusları bu baxımdan paytaxtın avtobus sərnişin daşınması nəqliyyatında müsbət mənada seçilir. Belə ki, "BakuBus" avtobuslarında hər gün qrafik üzrə marşrut xəttindən qayıtdıqdan sonra mərhələli şəkildə xarici və daxili yuyulma işləri aparılır. Lakin avtobusların təmizliyi və sərnişindaşıma fəaliyyəti zamanı salonun təmiz qalması həm də gün ərzində ondan istifadə edən minlərlə sərnişinin avtobusa daxil olarkən təmizliyə riayət etmələri ilə də sıx şəkildə bağlıdır.

Amma... Gerçəklik budur ki, vaxtilə avtobusların və oradakı sürücü xidmətinin bərbad vəziyyətindən şikayətlənən sərnişinlərimiz indi onlara təqdim edilən rahat və keyfiyyətli avtobus xidmətinin qədrini bilmirlər. Bu, azmış kimi, hətta bu gözəlliyə xələl gətirməyə, hətta onu məhv etməyə çalışırlar.

Məsələ ilə bağlı sorğumuzu cavablandıran "Bakubus" MMC-nin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mansur Piriyev belə faktların, həqiqətən də, baş verdiyini təsdiqləyib:

"Son vaxtlar xidməti başa vurub marşrut xəttindən qaraja qayıdan avtobusun salonuna diqqət yetirərkən heyrətlənməmək, təəssüf hissi keçirməmək mümkün deyil. Gecə boyu xüsusi mütəxəssislər tərəfindən mərhələli şəkildə təmizlənib səhər xəttə buraxılan avtobusun salonunda gecə yarısı qayıdarkən daha nələr aşkar olunmur?! Müxtəlif növ məişət tullantıları - salfetkalar, siqaret kötükləri, kağız parçaları, meyvə və ərzaq qalıqları və s. Ən ürək ağrıdan məqam isə oturacaq və salonun digər hissələrinin məsuliyyətsiz sərnişinlər tərəfindən yazılması, cızılması və qalıcı xəsarətlərin yetirilməsidir. Təbii ki, bununla bağlı olaraq araşdırmalar aparılıb və kamera görüntülərindən istifadə edilərək bu cür hərəkətlərə yol verən  sərnişinlərin kimliyi aşkar olunub. Məlumat üçün deyim ki, həmin sərnişinlər haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq tədbirlər həyata keçiriləcəkdir".

   

Şöbə müdiri xahiş edir ki, sərnişinlər "BakuBus" avtobuslarının xidmətlərindən istifadə edərkən digərlərinin təmizlik qaydalarına riayət edilməməsinə hallarına yol verildiyini gördüyü zaman dərhal şirkətin *4242 nömrəli "qaynar xətt"inə müraciət esinlər: "Unutmayaq ki, sərnişindaşıma xidmətinin keyfiyyətli və rahat şəkildə təmin olunması daşıyıcı şirkətlə yanaşı, həm də sərnişinlərdən asılıdır. İctimai nəqliyyatın təmiz saxlanılması doğma şəhərimizdə çoxdan arzuladığımız ictimai nəqliyyatın  təhlükəsiz istismar olunmasınmasına və ümumi marağa xidmət edəcəkdir".

İlkin İzzət
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində