Krişnaçılarla bir gün: "Sehrli məbəd”də nələr gördük? - REPORTAJ - VİDEO - FOTO

13 İyun 2011 09:00
Doğulduğu və yayıldığı yer Hindistan olan, sonra hipplik dalğasında ABŞ və Avropada yayılan, indi də Cənubi-Şərqi Asiya ölkələri, Afrika və Avstraliyada qruplar formasında olan "Krişna Şüuru Hərəkatı"nın (vayşnavizm) Azərbaycanda da ardıcılları var. Krişnaçıları Bakı küçələrində "Bhaqavat-Qita", "Şri-Upanişad", "Vedalar" və s. adlı kitabları satır, sektalarını təbliğ edir, sıralarına mümkün qədər çox adam qatmağa çalışırlar. Elə onlardan birinə "məbəd" dedikləri ibadət yerindən reportaj hazırlamaq istədiyimi deyib həmin məkanın ünvanı istədim. 4 gün sonra məbəddə bayram keçiriləcəyini söyləyib həmin gün gəlsəm, reportajın daha maraqlı alınacağını bildirdi. Deyilən vaxt səhər tezdən üz tutdum "Krişna Şüuru" icmasının Bakı məbədinə...

"Tanrının evləri"ndən birinə birgünlük qonaqlıq

Məbəd 8 km-də, Özbəkistan küçəsində yerləşir. Balaca bir dalandakı sadə, ikimərtəbəli binanın həyətində məni əynində qırmızı rəngdə sari olan gənc qızla hindus kahinlərinin ənənəvi paltarında orta yaşlı bir kişi qarşıladı.

Əllərini qoşalaşdırıb "Hare Krişna" deyərək məni məbədə dəvət etdilər. Öncə ətrafa nəzər saldım. Binanın və həyətin divarları narıncı rənglə boyanmışdı. Kiçik və səliqəli həyətdə bir neçə ağac və skamyalar gözə dəyirdi.

Birinci mərtəbədə çoxlu kiçik otaqlar var - böyük ehtimalla burda məbəd sakinləri yaşayır. Böyük şüşəli pəncərələri olan nisbətən iri otaqda üzərində zəngin naxışlar olan sarı rəngli sari geyinmiş bir qız azyaşlı uşaqları başına yığıb oyun oynadırdı. Balaca uşaqların şən səs-küyü ətrafa yayılırdı.

Daş pillələrlə 2-ci mərtəbəyə - təxminən 50 adamın yığışdığı böyük bir salona keçdik. Kişilər salonun ön hissəsində, qadınlar arxa tərəfdə oturmuşdular. Mənə yer göstərdilər, onlar kimi yerdə oturdum və başladım müşahidə aparmağa...

Bakıdakı hind filmi

Döşəməni milli xalçalar, divarları isə maraqlı rəsimlər bəzəyir. Divarlardan Krişnanın və "quru"ların (ruhani ustadların) rəsmləri asılıb. Otağın yuxarı başında Krişnanın kiçik "murti"si (heykəli) qoyulmuş pilləvari ibadətgah var. Burada Krişna və onun sevgi avatarı Radharaninin murtiləri təbiət mənzərəsi fonunda dayanır. Murtilər və ibadətgah bütövlükdə gül-çiçəyə bürünüb.

Murtilərin aşağısında krişnaitlərin "övliya"larının şəkilləri, onların müqəddəs saydıqları kitablar və əşyalar düzülüb. Əks guşədə Beynəlxalq Krişna Şüuru Cəmiyyətinin banisi olan Bhaktivedanta Svami Prabhupadanın peşəkar rəssam tərəfindən yağlı boya ilə çəkildiyi hiss olunan böyük portreti qoyulub. Portretin yanında isə böyük qırmızı məxmər parça üzərində latın əlifbası ilə yazılmış "Maha-Mantra", yəni krişnaitlərin "Tanrının qədim sanskrit dilində olan əsas adları" dedikləri kəlmələr həkk olunub.

Salonun girişi boyu iri dibçəklərdə əkilmiş kiçik ağaclar yetişdirilib. Bu, Hindistanda bitən və müqəddəs sayılan tulasi ağacıdır. Salona baxan yan otaqda kitab rəfi, televizor, maqnitofon və divan-kreslo görünürdü.

Məbədi xoş bir ətir iyi bürümüşdü: buxur adlanan ətirli çubuqlar onların ibadət mərasimlərində cox istifadə olunur. Ümumi mühiti nəzərə aldıqda, Bakının ortasında hind filmlərində gördüyümüz əsrarəngiz məkana düşdüyünü hiss edirsən...

"Tanrı"nın hüzurunda "konsert"

Altarın qarşısında bir nəfər "mırdanqa" adlandırılan uzunsov nağara ilə, digəri fisqarmonla, üçüncüsü isə "karatala" adlandırılan 2 dəyirmi mis parçasından ibarət alətlə musiqi ifa edir. Toplaşmış krişnaitlər isə mantranı söləyirlər: "Hare Krişna, Hare Krişna, Krişna, Krişna, Hare, Hare, Hare Rama, Hare Rama, Rama, Rama, Hare, Hare".

Yanımda oturan krişnaçıdan mantranın sözlərinin mənasını soruşdum, belə cavab verdi: "Tanrının sanskrit dilində olan adlarını təkrarlayaraq mədh edirik. Hare - harey, haraylamaq, çağırmaq deməkdır. Rama - "sevinc bəxş edən", Krişna isə - "hər şeyi cəlb edən" mənasını daşıyan adlarıdır. "Maha-Mantra"nın mənası "Ey hər şeyi cəlb edən, hər kəsi sevindirən Tanrı, icazə ver sənə sədaqətlə xidmət edim" deməkdir".

Bütün dua və mahnılar sanskritcədir. Bu dilin çoxhecalı sözləri çox çətin tələffüzə malik imiş.

Dünyada ən uzun gündəlik ibadət krişnaçılara məxsusdur desək yanılmarıq, çünki onlar bütün gün boyu ibadətlə məşğuldurlar. Belə ki, səhərə yaxın, saat 4-də oyanan məbəd sakinləri öncə yuyunurlar. Sonra ibadətgahın təntənəli açılışı olur və krişnaçılar "tanrı"larını "Govinda Adi purusham" ("Sən əzəli Tanrısan") himni ilə salamlayır. Bu minvalla Krişnaya dua və mantralar oxuyaraq ondan xeyir-dua alır, ibadətgaha su, gül, ətirli çubuq və od təklif edirlər.

Sonra 2 saat Krişnanın adları zikr olunur. Krişnaçılar inanırlar ki, Krişnanın adları xüsusi ruhi enerji daşıyır və onların tərənnümü ibadətin ən yüksək formasıdır. Daha sonra gün ərzində xüsusi ibadət mərasimləri təşkil olunur - mühazirələr, prasad (yemək) mərasimləri, kitabların mütaliəsi, birgə dualar oxumaq və s.

Krişnaçılar saatlarla Krişnanın murtisi önündə dualar oxuyur, rəqs edirlər. Ümumiyyətlə, burada birgə ibadət mərasimi tam anlamı ilə bayram karnavalını xatırladır.

"İndisə buyurun masaya..."

Günorta saat 1-də "prasad" mərasimi başladı. Prasad - öncə Krişnaya təklif olunmuş təbii və qansız qidalardan hazırlanmış yemək-içməyə deyilir. Öyrəndim ki, sözun mənası "mərhəmət" deməkdir. Krişnaçılar bu qidaların xüsusi ruhi enerji daşıdığına və onları qəbul etməklə mərhəmət aldıqlarına inanırlar.

Qeyd edək ki, krişnaçılar ət, balıq yumurta yemir, soğan, sarımsaq, kofe və çaydan, həmçinin süni qidalardan istifadə etmirlər. Onlar yalnız "Krişnaya təklif olunmuş təam"lar yeyirlər ki, həmin təamlar da meyvə-tərəvəz, göyərti, paxlalılar, süd məhsulları, çərəz kimi nemətlərdir.

Məbəd sakinləri hər kəsə yemək, şirniyyat və şərbət təklif etdi. Xeyli ədviyyat qatılmış yeməklərlə yanaşı, meyvə, göyərti və çiçəklərdən içkilər də krişnaçıların menyusunu təşkil edir.

Bir az sonra mətbəxə baş çəkdik. Burada çalışan yaşlı xanımın dediyinə görə, yemək hazırlanarkən dadına baxmaq olmaz. Sən demə, hazırlanan yemək ilk olaraq "Krişnaya təklif olunmalıdır".

Bir az sonra hamı həyətə düşdü. Həyətin baş tərəfində taxtda əyləşən təxminən 50 yaşlarında ağ geyimli bir şəxsin önünə mikrofon və kitablar qoyulmuşdu. Quru, yəni ustad sayılan bu adam mühazirə danışır, ara-sıra sualları cavablandırırdı.

Bir saat davam edən mühazirənin ardından krişnaçıların "kirtan" dediyi şənlik başladı. Kirtan Krişnaya ithaf edilmiş nəğmələrin və rəqsin coşduğu bir mərasimdir. Məbəddə kütləvi bayram ab-havası vardı.

Kirtan başa çatdıqdan sonra krişnaçılar və qonaqlar həyətdə söhbətləşirdilər. Təbii ki, bu zaman ən çox eşidilən kəlmə "Krişna" idi.

Hər dəfə məbədə böyük ruhani ustadlar gəldikdə, yeni şagirdlər qəbul edir və onlara ruhi adlar verirlər. Bu "yeni"lər uzun müddət ruhi xidmətlə, zikr və ibadətlə məşğul olanlar arasından böyük vaişnavların məsləhəti ilə seçilir. Quru öncə onlarla söhbət aparır, suallar verir, biliyini yoxlayır. Sonra advermə mərasimi olur.

"Adını mən verdim..."

Mərasim həyətdə hazırlanırdı. Ortada böyük tonqal yandırılmış, tonqalın ətrafına müxtəlif meyvə-tərəvəz, dənli bitkilər düzülmüşdü. Baş tərəfdə əyləşən quru bəzi mantralar oxuyur, ətrafda yarımdairəvi düzülmüş krişnaçılar təkrar edrdilər.

Sonra ruhi ad alacaq "yeni"lər ruhani ustada yaxınlaşıb baş əyir və onun suallarına cavab verirdilər. Ustad şagirliyə qəbul etdiyi şəxsə ruhi adını (sanskrit dilində) elan edir və ona tulasi ağacından düzəldilmiş təsbeh verirdi. Şagird bundan sonra zikri həmin 108 muncuqlu təsbehlə gündə 16 dövrə oxuyacaq.

Şagirdliyin çətin və məsuliyyətli vəzifələri var - şagird ət, balıq, yumurta kimi qidalardan, tütün və alkoqoldan, qumardan uzaq duracağına, dilinə, fikrinə heç vaxt pis şey gətirməyəcəyinə, ibadət və zikrlə məşğul olacağına soz verir.

Bu mərasimdə 4 nəfərə yeni ruhi adlar verildi və onlar tonqalın ətafında əyləşib dualar oxudular. Sonra odun ətrafındakı nemətlərdən götürüb ordakılara payladılar. Hər kəs onları Tanrının və ruhani ustadın mərhəmətini alması münasibətilə təbrik etdi və ruhi həyatda uğurlar arzuladı.

Bir azdan məbədin üzvlərindən ibarət kiçik teatrın yeni tamaşasının səhnəyə qoyulacağını eşidib maraqla gözləməyə başladıq. Həyətin baş tərəfində qurulan səhnə açıq teatrı xatırladırdı. 10 nəfərə yaxın krişnaçının oynadığı tamaşa rus dilində hazırlanmışdı.

Geyimlər və qrimlər, aktyor oyunu və musiqi müşayiəti pis deyildi. Tamaşanın mövzusunu yanımdakı krişnaçı qısaca belə izah etdi: "Krişnanın yerə öz ardıcılı kimi gəldiyi barədə hekayətdir. Krişna bir müddətdən sonra Qızıl Əsr gələcəyini və hər yerdə onun adlarının tərənnum ediləcəyini bəyan edir".

Çox maraqla izlənən və gurultulu alqışlarla başa çatan bu tamaşa krişnaçıların bayram proqramının sonuncu hissəsi idi. Artıq axşamdan xeyli keçmişdi və adamlar yavaş-yavaş seyrəlirdi.

Həyətdə krişnaçılar və qonaqlar söhbətləşir, müxtəlif müzakirələr aparırdılar. Məbədin rəhbəri Tapasya adlı şəxsə 1-2 sual vermək istədiyimizi dedik, razılaşdı və belə bir qısa sual-cavab alındı:


"Günahsız heyvanların qanını tökmək olmaz"


-  Krişna Şüuru nəyə söykənir?

- Müqəddəs kitabların ən qədiminə - 5 min yaşı olan "Bhaqavad-Qita"ya. Qədim sanskritdə Bhaqava "Tanrının Nəgməsi" mənasını verir. Qədim türkcədə də eyni məna daşıyır (Bağ- Tanrı, Qitə - nəğmə). Bu, "Mahabharata" eposunun, geniş mənada vedaların ən önəmli hissəsidir.

- Vayşnavçılıq özündə nəyi ehtiva edir?

- Bu, tək olan Tanrıya sədaqətlə xidməti və bütün canlılara mehriban münasibəti təbliğ edən ruhi elmdir.

-  Sizə qarşı hər hansı maneçilik və ya müdaxilə varmı?

- Azərbaycanda tolerantlıq yüksək səviyyədədir. Heç kimdən pislik görməmişik, hamı ilə mehriban münasibətimiz var, digər dinlərin nümayəndələri ilə dostluğumuz var.

- Deyirlər, siz məbədə pulla adam cəlb edirsiniz..

- O pulu kim verir, kimə verir - biz bilmirik (gülür). Bunun böhtan olduğunu aydınlaşdırmaq üçün bir məsələni deyim - burda pul paylayan olsaydı, indi adam əlindən tərpənmək olmazdı.

- Məbəd haradan maliyyələşir?

- Yalnız üzvlərimizin verdiyi ianələrdən və kitab satışından.

- Nədən ət yemirsiniz?

- İnsan minlərlə növ bitki mənşəli qida olduğu halda, günahsız heyvanların qanını tökməməlidir. Bütün müqəddəs kitablarda bu əməl günah hesab olunur.

- Qan tökmək günahdır, bəs müharibə olsa?

- Vedalara gorə, torpaq Anadır və onu qorumaq hər kəsin müqəddəs borcudur. Cəmiyyətimizin onlarla üzvü Qarabağ uğrunda döyüşüb, ehtiyac olsa bu gün də hazırıq...

- Milli ənənələrə münasibətiniz necədir?

- Bizim vətənimiz Azərbaycandır, onun tarixinə və mədəniyyətinə hörmətlə yanaşırıq. Heç bir ziddiyyət yoxdur.

- Cəmiyyətdən nə gözləyirsiniz?

- İnsanlardan Tanrıya inam və bir-birinə təmənnasız sevgi gözləyirik. Mətbuatda bizi çox vaxt yanlış təqdim edirlər, inanırıq ki, siz yalnız həqiqəti yazacaqsınız...

Allah qonağının yola salınması "mərasim"i

Gözümüzə həyətin bir tərəfində yerləşən kiçik mağaza sataşdı. Orada dini paltarlar, buxur, müqəddəs kitablar, vayşnav mahnıları və filmlərindən ibarət disklər, Hindistandan gətirilmiş müxtəlif əşyalar satılırdı. Mağazadan 5 manata Hindistandan gətirilmiş, parça üzərində zəngin naxışlar və simvolik ornamentlər həkk olunmuş, çox maraqlı bir əl işi olduğu hiss olunan kiçik tablo aldım...

Sağollaşıb getmək istədikdə məbədin yaşlı üzvlərindən biri bir qədər gözləməyimi xahiş etdi. 2-3 dəqiqə sonra mənə 1 qutu buxur, Krişnaya təklif olunmuş gül və "Bhaqavad-Qita" hədiyyə etdilər. Məbəddə qalanların birgə fotosunu götürmək istədiyimi dedim, etiraz etmədilər. Sonuncu fotonu da çəkdim və sağollaşıb ayrıldım.

Elçin Bayramlı
Milli.Az





























































Foto: Milli.Az