"Ərzaq mallarının qiymətlərində narahatlıq doğuracaq artım müşahidə olunmur" - FOTO

16 Fevral 2017 14:20

Azərbaycanda ərzaq mallarının qiymətlərində narahatlıq doğuracaq artım müşahidə olunmur.

Trend-in məlumatına görə, bunu bu gün baş nazirin müavini Əli Əhmədov Bakının bəzi ticarət mərkəzlərində aparılan reyd zamanı jurnalistlərə deyib.

Baş nazirin müavini qeyd edib ki, Azərbaycan prezidentinin həyata keçirdiyi sosial siyasətin ən mühüm məqamlarından biri insanların zəruri tələbatlarının və ehtiyaclarının ödənilməsi üçün bütün zəruri addımların atılması ilə əlaqədardır:

"Təbii ki, bu istiqamətdə görülən işlər arasında əhalinin keyfiyyətli və münasib qiymətə ərzaq məhsulları ilə təmin edilməsi ən əsas yerlərdən birini tutur. Hökumətin apardığı siyasətdə də ərzaq məhsullarının qiymətinin süni surətdə artırılmasının qarşısının alınması ən ümdə vəzifələrdən biridir. Bu istiqamətdə bu gün ticarət mağazasında qarşılaşdığımız vəziyyət, bizə verilən məlumatlar belə bir fikir söyləməyə əsas verir ki, mətbuatda geniş müzakirələr aparılmasına rəğmən, ticarət-satış mərkəzlərində qiymətlərin xüsusi hiss olunan və narahatlıq yarada biləcək dərəcədə artımı müşahidə olunmur. Hər halda bugünkü reydimiz zamanı bizə verilən məlumatlardan bu qənaətə gəldik".

Ə.Əhmədov bildirib ki, Azərbaycanda istehlak malları, xüsusilə də ərzaq məhsulları içərisində daxili istehsal üstünlük təşkil etməyə başlayıb:

"Bu o deməkdir ki, Azərbaycanın ərzaq istehlakı bazarında idxaldan asılılıq əhəmiyyətli dərəcədə azalıb. Əhalinin ərzaq məhsullarına olan ehtiyacının böyük hissəsi daxili istehsal hesabına ödənilir. Bu isə o deməkdir ki, qiymətlərin artırılması üçün obyektiv əsaslar yoxdur. Manatın dollara nisbətdə məzənnəsi ilə məlum olan dəyişikliklər, əgər istehsal daxildə həyata keçirilirsə, ərzaq məhsullarının qiymətlərinə elə də ciddi təsir etməyəcək".

Milli.Az