Berti Foqtsa aftafa verildi - YENİLƏNİB

5 İyun 2011 20:12
Milli.Az xəbər portalı "İnterfaks"a istinadən bildirir ki, Azərbaycanın futbol üzrə yığma komandasının baş məşqçisi Berti Foqtsa tualet kağızı rulonu atıblar. İnsident onun Bakıda keçirdiyi mətbuat konfransında baş verib.

Mətbuat konfransı başa çatandan sonra iki jurnalist Foqtsa aftafa verib, biri isə məşqçiyə tualet kağızı atıb.
Berti Foqts hadisəyə sakit reaksia verib.

"Artıq polisə ərizə yazmışam və vəkillərlə görüşmək fikrim var. Həyatımda hər cür hadisə baş verib, amma beləsi olmamışdı. Baş verənlər barədə danışmağa söz tapmıram", - Foqts deyib.

Foqtsa qarşı aksiyanın iştirakçıları  Əli Sahib (Fanat.az), Elçin Cəlilov (Futbolpress.az), Kənan Məstəliyev (Rekord.az), Rəşad Ergün ("KomandA" qəzeti), İlkin Vidadioğlu (Fanat.az), Vüsal Gözəlov (Stadium.az) və Pərvin Kazımoğlu (Fanat.az) olublar.
"Ortaq ideyamız belə idi ki, bugünkü mətbuat konfransında məşqçiyə və dolayısıyla AFFA rəhbərliyinə etirazımızı sivil formatda bildirək.

Əslində planımız mətbuat konfransının gedişində flaşmob keçirmək idi. Belə ki, konfrans zamanı Foqtsa aftafa və tualet kağızı təqdim etməyi planlaşdırmışdıq. Aftafa alman çalışdırıcının "2014-cü ildə Dünya çempionatında iştirak edəcəyik" açıqlamasına işarə idi - "Kuboku" 3 il əvvəldən ona hədiyyə etmək istədik. Tualet kağızı isə Foqtsun yığma komandada üç illik fəaliyyətinin "dəyərini" ifadə edirdi.
Əvvəlcədən duyuq düşən AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğlu və əməkdaşı Elton Quliyev aksiyanın qarşısını almaq üçün adıçəkilən jurnalistlərə təzyiq göstərib, konfrans zalından xaric etdilər. Daha sonra isə olay yerinə polis çağırıldı. Jurnalistlər aftafa və tualet kağızı olan çantanı çöldə saxlayıb, konfransda iştirak etməyə razılıq verdilər.

Adəti üzrə, Foqts sualları ironiya və biganəliklə cavablandırdı. Konfrans başa çatandan sonra isə aksiya iştirakçıları nəzərdə tutulan aksiyanı nəhayət, gerçəkləşdirdilər.
Qeyd edək ki, asossiasiya rəhbərliyi medianın obyektiv təklifini dəyərləndirənə qədər bu cür aksiyalar müxtəlif formalarda davam etdiriləcək", - aksiya iştirakçılarından biri "Fanat.az"da yazıb.

----------
19.02

Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts hücuma məruz qalıb. Apasport.az saytının məlumatına görə, Avro-2012-nin iyunun 7-də Almaniya ilə keçiriləcək seçmə oyununa həsr olunan bugünkü mətbuat konfransı xoşagəlməz hadisə ilə əlamətdar olub.

Bu haqda almaniyalı həmkarlarımıza məlumat verən Foqts konfrans zamanı 3 naməlum şəxsin ona hücum çəkdiyini bildirib. Artıq Bakı polisinə şikayət edən 65 yaşlı mütəxəssis növbəti addımlarını şəxsi vəkili ilə müzakirə etdikdən sonra atacaq.

Milli.Az