Lənkəranda lazım olan dirəyi basdırdılar - FOTO

9 Fevral 2017 15:27

Lənkəran Telekommunikasiya Qovşağının və Səpnəkəran kəndində telefon rabitəsinə cavabdeh şəxslərin fəaliyyətsizliyindən şikayətçi olan həmin kəndin sakini Səfalı Qənbərov bildirib ki, artıq telefon dirəyi ilə ilə bağlı problem həll olunub. S.Qənbərov deyib ki, problem məhz Milli.Az-da məsələ ilə bağlı tənqidi yazının yer almasından sonra həllini tapıb.

Onun sözlərinə görə, hələ ötən ilin yayında Səpnəkəran kəndində telefon rabitəsinə məsul olan şəxslərə, daha sonra Lənkəran Telekommunikasiya Qovşağına müraciət edərək qonşunun telefon xəttinin evlərinin damından keçməsi səbəbindən öz evlərinin köhnəlmiş damını tam təmir edə bilmədiklərini bildirib. Onlar da problemin həlli üçün, sadəcə, əlavə telefon dirəyinə ehtiyac olduğunu deyiblər, amma üstündən 6 aya yaxın vaxt keçib, heç bir yenilik olmayıb:

Lənkəran rabitəçilərinin "stolba"sı çatışmır

"Dünən sizin sayt vasitəsilə etdiyimiz şikayətdən dərhal sonra rabitəçilər mənimlə əlaqə saxlayıb məsələ ilə yenidən maraqlandılar. Bu gün isə şəxsən Lənkəran Telekommunikasiya Qovşağının rəisi Şahlar İsmayılovun rəhbərliyi altında əraziyə telefon dirəyi basdırıldı, qonşunun telefon xətti də ayrıca çəkildi. Şahlar müəllim problemin gec həll olunmasına görə üzr də istədi. Rəis dedi ki, əslində, o, hələ sentyabrda bununla bağlı tapşırıq verib. Lakin işçilər işin icrasına səhlənkar yanaşıblar və bu barədə məlumat verməyiblər. Dünən isə şikayətdən xəbərdar olan kimi, şəxsən özü məsələni nəzarəti altına götürüb. Bu gün də problemi həll edib. Rəisin sözlərinə görə, tapşırığı yerinə yetirməyən işçilərin əməli araşdırılacaq və onlar müvafiq qaydada cəzalanacaqlar".

Pünhan Mirzə
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində