Şırnak Prokurorluğu 2016-cı ilin 13 noyabr tarixində Habur sərhəd keçidində tutulan və terror təşkilatı PKK-nın qolu olan YPG ilə əlaqəli olduqları müəyyən edilən iki Çexiya vətəndaşı haqqındakı istintaqı tamamlayıb.
Milli.Az Milliyet-ə istinadən xəbər verir ki, hazırlanan iddianamədə Marketa Vseliçova (25) və Miroslav Farkas (31) haqqında "terror təşkilatı üzvü olmaq" cinayət əməlinə görə 15 ilə qədər həbs istəyiylə iddia açılıb. İddianamədə YPG-nin ilk nümayəndəliyini Çex Respublikasının paytaxtı Praqada açdığı da vurğulanıb.
Kod adlar
Şırnak baş prokuroru Mehmet Patlak tərəfindən hazırlanan iddianaməyə görə, Çexiya vətəndaşlarının üzərlərində olan qeyd kitabçalarında edilən araşdırmada kod adları və sinayperlərə aid hissələrin adları təsbit edilib. Davam edən istintaqda Farkasın və Vseliçovanın Zelane Botan adlı sosial şəbəkə hesablarının olduğu müəyyən edilib. Hesablarda edilən araşdırmada PKK terrorçularıyla əllərində uzun lüləli silahların da olduğu fotoları ortaya çıxıb. Üzərlərində olan telefon və yaddaş kartlarından da terrorçularla, YPG forması və əllərində silahla çəkilmiş fotolar, terror təşkilatını tərifləyən səs yazıları və marşlar çıxıb. Bundan əlavə, onların Türkiyə vasitəsilə İraqa bir neçə dəfə getdikləri də təyin olunub.
Farkas və Vseliçova ifadələrində özlərini "aktivist" olaraq gördüklərini, Suriyada insan hüquqları mövzusunda çalışdıqlarını, kod adlarını isə YPG-nin onlara daha rahat xitab etmələri üçün qoyduqlarını, PKK-nın terror təşkilatı olduğunu, ancaq YPG-nin İŞİD ilə mübarizə apardığı üçün Avropa ölkələrində terror təşkilatı olaraq görülmədiyini deyiblər. Onlar bütün ittihamları rədd ediblər.
Təhməz Təkin
Milli.Az