DİN-də işə düzəlmək istəyənlər imtahan verir

13 Mart 2010 12:32
TQDK-dan Milli.Az xəbər portalına daxil olan məlumata görə, müsabiqədə iştirak etmək üçün 79 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 67 nəfəri hüquq istiqaməti üzrə, 12 nəfəri isə pedaqoqika istiqaməti üzrə sənəd verib. Namizədlərə test imtahanında iştirak etmək üçün "İmtahana buraxılış vəsiqəsi", "namizədin vəsiqəsi" və "Yaddaş kitabçası"  2010-cu il martın 3-dən etibarən təqdim olunub.

İmtahanda namizədlərə 100 sualdan ibarət test kitabçası təqdim olunub. Hüquq istiqaməti üzrə 80 sual qanunvericilik, 20 sual məntiqi nəticə çıxarma qabiliyyətini müəyyən edən sahə üzrə nəzərdə tutulub. Pedaqoqika istiqaməti üzrə imtahanda 30 sual qanunvericilik, 30 sual pedaqoqika, 20 sual yaş psixologiyası, 20 sual isə məntiqi nəticə çıxarma qabiliyyətini müəyyən edən sahə üzrədir.  

Sualları cavablandırmaq üçün namizədlərə 3 saat vaxt verilir. Hər düzgün cavab 1 balla qiymətləndirilir. Test imtahanında 65 və daha çox bal toplayan namizədlər müsabiqənin yekun mərhələsinə - müsahibəyə buraxılırlar.  

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, müsabiqəyə 79 namizəddən 8-i cinayət-axtarış xidmətində, 5-i təhqiqat xidmətində, 25-i polis sahə inspektoru vəzifəsində və 12-si isə yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili üzrə inspektor vəzifəsinə təyinat üçün imtahan verir.
 
Imtahanların gedişini Qeyri-Hökumət Təşkilatları və respublikamızda akkreditə olunmuş səfirliklərin nümayəndələri də müşahidə edirlər.
 
Milli.Az