"İçi boş adamın dolu əsər yazmağını gözləmək dölsüz inəkdən süd sağmağa bənzəyir"

4 Fevral 2017 17:12

2016-cı ildə "Əli və Nino" kitab mağazaları şəbəkəsində il ərzində ən çox satılan əsər psixoloq Rövşən Abdullaoğlunun "Bu şəhərdə kimsə yoxdur" psixoloji romanı oldu. Bununla da müəllif "Əli və Nino"da xarici müəlliflərin hegemonluğuna son qoydu.

Psixoloqun digər kitabları da oxucular tərəfindən bəyənilən və get-gedə bestsellerə çevrilən əsərlərdir.

Milli.Az xəbər verir ki, Rövşən Abdullaoğlu modern.az saytına müsahibəsində həm son uğurundan, həm də oxucuların marağını qazanmaq yollarından danışıb:

- "Bu şəhərdə kimsə yoxdur" psixoloji romanının bu qədər çox sevilməsinin və satılmasının səbəb nə oldu?
 
- ˝Bu şəhərdə kimsə yoxdur˝ romanı real həyatı əks etdirir, orada psixoloji rənglər çoxdur, əsərin qəhrəmanlarının psixologiyası, daxili aləmi kitaba köçürülüb. Bu əsərlə bağlı mənə yüzlərlə oxucu rəyi gəlib. Romanın üstünlüyü kimi əsərin gözləmədikləri çox qeyri-adi süjet xəttinə malik olmasını, insana fərqli hislər yaşatmasını, fəlsəfə ilə dolu olmasını, həyatı olduğu kimi əks etdirməsini göstərirlər. Bütün oxucular da eyni sözü deyirlər: ˝Kitabın bitməsini istəmədiklərini, hadisələrin gözləmədikləri formada cərəyan etdiyini˝. Mən fəlsəfə və psixologiyada olan bir çox elementləri əsərdə bədii dil ilə ifadə etmişəm.
Kitabda eyni həyat hadisələri müxtəlif personajların gözü ilə təsvir edilib. Hər biri həyatı fərqli boyada görməkdədir. Hər biri bu hadisələrdən fərqli formada təsirlənməkdədir. Bir çox oxucu deyir ki, əgər bu əsəri parçalasaq, ən azı üç kitab üçün möhtəşəm mövzu çıxar. Həqiqətən də, ˝Bu şəhərdə kimsə yoxdur˝ əsəri kitab içində kitab, həyat içində həyatdır. Hər bir oxucu yaşından asılı olmayaraq, orada öz həyatını hansısa personajın həyatında əks olunduğunu görəcəkdir. Ona görə hər bir oxucu deyir ki, kitabı oxuyanda elə bilirdim, əsər məndən yazılıb.
 
- Motivasiya ustalarının əsərlərində bədiilikdən istifadə etmələrinin nə kimi effektiv cəhətləri var?
 
- Motivasiya, fərdi inkişaf üzrə ixtisaslaşmaq əsərin daha canlı, daha emosional alınmasına səbəb olur. Bəzən, bir yazıçı əsərində sadəcə, bədiilikdən istifadə edir, əsərinin zahirini gözəl sözlərlə bəzəyir, möhtəvası isə çox solğun və boş olur, personajların psixoloji portreti yanlış verilir. Psixoloji bilikləri olan biri isə bədiilikdən istifadə edərək əsərini hərtərəfli zəngin edə bilər. Belə birisinin əsəri qəlbə nüfuz edəcək, insanın içini alt-üst edəcək. Dünya ədəbiyyatında ən uğur qazanmış yazıçılar insan ruhunun biliciləri olub.
Motivasiya ustasının yazdığı əsər insanlara həyat strategiyasını, etdikləri yanlışlıqlarını daha yaxşı göstərəcəkdir. Motivasiya ustasının kitabı bədii əsər olmaqla bərabər fərdi inkişaf və insanı uğura, özünü müsbətə dəyişməyə stimul verən bir əsər olacaq.
Möhtəvasız ədəbiyyat sadəcə, söz oyunundan başqa bir şey deyil. Yazıçı insanşünas olmasa, ədəbiyyatşünas olmasının heç bir faydası yoxdur. Əsəri uğursuz olacaq. İnsanlar sadəcə, qrammatika, lüğətlə bəzədilən sözyığını olan əsərləri oxumaq istəmirlər. Günümüzdə bir çox yazıçılar kitablarının uğursuz olmasından, satılmamasından gileylənirlər. Bilmək lazımdır ki, həyatda uğursuz olan birinin yazdığı əsər də uğursuz olacaq. İçi boş birindən dolu  əsər yazmağını gözləmək dölsüz inəkdən süd sağmağa bənzəyir. 
Lev Tolstoy ˝Etiraflar˝ əsərində bu cür yazıçıları gözəl vəsf edib. Ona görə də ilk növbədə özümüzdə olan qüsurları aradan aparmalı, öz elmi-mənəvi, intellektual səviyyəmizi yüksəltməliyik. Ondan sonra uğurlu əsər də yazmaq mümkün olacaq.

- O biri əsərləriniz - "Arxadakı körpüləri yandırın", "Üsyan", "Hər bir insan hökmdardır" -elmi-kütləvi üslubda yazılıb. Son romanınızın uğurundan sonra bundan sonrakı bütün əsərlərinizdə bədiilikdən yararlanacaqsınız?
 
- Yazdığım bütün əsərlər ən azı bir neçə dəfə tirajlanılıb. Ona görə bütün əsərlərimi uğurlu hesab edirəm. Sadəcə olaraq, ˝Bu şəhərdə kimsə yoxdur˝ romanı satış və tanınma cəhətindən digərlərini üstələdi. Bu da ümumi kütlənin romana olan marağı ilə əlaqəlidir. Roman öz yazı üslubuna görə böyük kütlənin dilinə uyğundur, tez anlayırlar, asan həzm edirlər. Elmi-akademik əsərlər isə hər nə qədər ümumiləşdirilsə də yenə də öz ağırlığında qalır. Buna görə, növbəti əsərlərimdə bədiilikdən yararlanmağı düşünürəm. Təbii ki, elmi kitablar da nəzərimdə var. Ümumiyyətlə, işlədiyim  elmi kitablarda da çalışıram ki, bədiilikdən istifadə edim. Bu, əsərin elmi-fəlsəfi yükünü yüngülləşdirir.
 
- Bir az da bu il işıq üzü görəcək "Relslər üzərində uzanmış adam" psixoloji-romanınızdan danışaq...
 
- Əsər relslər üzərində intihar üçün uzanmış iki qəhrəmandan danışır. Əsərin əsas süjetini onların relslər üzərindəki dialoqu təşkil edir. Bu iki qəhrəman kimdir? Bir-birlərilə nə rabitəsi var, müştərək cəhətləri nədir? Onları bu relslərə gətirən səbəb nədir? Onlar görən qurtula biləcəklərmi, yoxsa intihar edəcəklər? Bunları oxucu əsəri oxuduqdan sonra biləcək. Ancaq onu deyim ki, əsərin sonu çox qeyri-adidir. Bunu oxucu ehtimal verə bilməz. Anam bir gün növbəti romanım barədə soruşdu və istədi ki, bu romanımın psixoloji gərginliyi az olsun. Əsərin adını eşidən zaman dedi ki, "bala onlar bu relslərə öz şirin həyatlarından gəlməyiblər, onları bura gətirən böyük səbəblər var. Deməli, bu romanın da gərgin psixolojidir".
Bu roman ilkin dəyərləndirilmədə redaktorlar tərəfindən çox yüksək qiymətləndirilib. Hətta orijinallıq, hadisələrin dinamikliyi, psixoloji məqamları baxımından ˝Bu şəhərdə kimsə yoxdu˝ romanından da yüksək olduğunu deyirlər. Bu əsərdə tarix, döyüş, sevgi, xəyanət, ədalət, qisas, həyatın amansızlığı, həyat fəlsəfəsi var. Əsər həddindən çox müxtəlif məlumatlarla zəngindir. Kitab birnəfəsə oxunulur. Hadisələrin sonunun necə bitəcəyini ehtimal belə vermək mümkün deyil. Mən bunun süjet xəttini amerikalı bir rejissora danışmışdım. Əsərin qeyri-adiliyi çox təsir etmişdi. Dedi ki, dünya səviyyəsində bu cür orijinal süjetlər çox maraq doğurur və filmi də müdhiş alınır.
 
- Kitablarınızda nə kimi redaktə xətalarını sizə deyiblər?
 
- Əsasən, hərf xətaları barədə yazıblar. Bu da texniki səhvdir və bir neçə yerdə olub. Bunu nəşriyyat növbəti nəşrlərdə düzəldib, təbii ki... 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində