İmam Əlinin (ə) həyatı başdan-başa ibrət dərsləri ilə doludur.
Milli.Az deyerler.org-a istinadən bildirir ki, bu dahi insanın həyat çətinlikləri barəsində bizlərlə bölüşdüklərinə qulaq asaq və onlardan dərslər alaq.
İmam (ə) buyurur: "(Necə ola bilər ki) Mən tox yatım və mənim yanımda ac mədələr və susuz ciyərlər olsun? O kəs kimi olam ki, onun haqqında deyirlər: "Sənin bu xəstəliyin kifayətdir ki, mədən tox olsun, yanındakılar isə ac". (Məgər) bundan razı olaram ki, məni Əmirəl-möminin çağırsınlar və eyni zamanda insanlarla çətinliklərində şərik olmayam? Onlar üçün çətinliklərində örnək olmayam?
Allaha and olsun ki, bu yun köynəyi o qədər yamamışam ki, onu yamayana görə xəcalət çəkirəm. Bir nəfər mənə demişdi: "Onu uzağa atmırsan?". Demişdim: "Məndən uzaq ol, səhər çağı gecə yolçuları sitayiş olunar. (Bir metaforadır və demək istənilir ki, gələcək - mətanət göstərənlər üçündür).
Allah rəhbərlərə vacib etmişdir ki, özlərini ən zəif insanlarla bərabər etsinlər ki, yoxsulluq onlar üçün ağır olmasın". (Erfan)
İmam Əlinin (ə) bu ürəklərə təsir edən nurani kəlamlarından çox sayda ibrət dərsləri götürmək olar.
Birincisi budur ki, həqiqi mömin ətrafında və qonşuluğunda olan hər bir insana diqqət etməlidir. Əgər ehtiyacı olan varsa, bacardığı qədər onlara maddi yardım etməlidir. Belə olmalı deyildir ki, özü tox yatsın, ancaq qonşusu ac. Bu, möminliyə yaraşmayan bir əməldir.
İmam Əli (ə) o qədər sadə geyinərdi ki, hətta köynəyinin yamanmaq üçün yeri qalmazdı. Onu yamayan insanlar deyərdilər ki, artıq bu köynəyi atmaq lazımdır. Ancaq İmam (ə) onlara başa salmağa çalışardı ki, həyatda o kəslər qalib gələr ki, səbir və mətanət göstərər. Əgər mən İmamamsa, gərək elə geyinəm və elə yaşayam ki, cəmiyyətin ən zəif təbəqəsi o cür yaşayır. Əgər İmam (ə) onlara diqqət etməzsə, o zaman yoxsulluğun ağırlığı onlar üçün daha dözülməz olar. İmam (ə) özünü onlarla bərabər tutur və onların geyindiklərindən geyinir və onlar kimi ac qalırdı ki, Əmirəl-möminin adına layiq ola bilsin və əsil rəhbər olsun.
İmamı (ə) yamanmış köynəkdə görən bir şəxs, o Həzrətdən (ə) bunun səbəbini soruşan zaman, Həzrət (ə) buyurmuşdu: "Ürək onunla təvazökar və nəfs ram olar. Möminlər ondan örnək götürər. Dünya və axirət - iki fərqli düşməndir və iki yol bir-birindən ayrıdır. Ona görə də o kəs ki, dünyapərəst olar və ona eşq bəsləyər - axirətə qarşı kini olar, onunla düşmən olar. O ikisi şərq və qərb kimi bir-birindən uzaqdırlar. O ikisinə tərəf gedən o zaman ki, birinə yaxın olar o birisindən uzaqlaşar".
İmam Əlinin (ə) bu nurani sözlərindən ibrət götürək və sadə yaşamağı biz də öyrənək.
Milli.Az