Sosial şəbəkələr: gündəlik həyatın mühüm tərkib hissəsi, yoxsa vaxt itkisi?
6 İyun 2011 09:56
Sosial obyektlərdən ibarət qovşaqları birləşdirən, sosial struktur olan sosial şəbəkə internetdə interaktiv, çoxlu istifadəçisi olan saytdır. İlk sosial şəbəkənin yaranması XX əsrin 90-cı illərinin ortalarına təsadüf edən "classmates.com" olsa da daha sonra 1999-cu ildə "Livejournal", 2003-cü ildə "MySpace" yaradılıb. Son illərdə isə böyük populyarlıq qazanan, 2004-cü ildə yaradılan "Facebook" və nəhayət, 2006-cı ildə Rusiyada yaradılan "odnoklassniki" və "V kontakte" oldu.
Sosial şəbəkələr iş rejiminə necə təsir edir?
Beləliklə, sosial şəbəkələrin istifadəçilərinin sayı getdikcə artmağa başladı ki, nəticədə bu gün artıq cəmiyyətdə kompyuter oyunlarından, virtual həyatdan asılılığı olan insanlar var. Hətta yeni nəslin nümayəndələri öz həyatlarını belə internetsiz təsəvvür etmirlər. Bu gün gənclər asudə vaxtlarını kinoda, əyləncə mərkəzlərində keçirmək, bədii kitab oxumaqdansa, internetdə əylənməyi daha üstün tuturlar.
Sorğu nəticəsində müəyyən edilib ki, sosial şəbəkələrin saytlarının aktiv iştirakçılarının 40 %-i virtual əlaqəni real həyatdakı əlaqəyə bərabər hesab edirlər. Hətta Cənubi Afrikanın bütün sakinlərinin 30 %-i və Tayvan sakinlərinin 28 %-i qeyd ediblər ki, onların internet şəbəkəsində daha çox dostları var, nəinki real həyatda.
Hətta sosial şəbəkələrdən istifadə gündəlik iş rejiminə də ös təsirini göstərməyə başlayıb. Belə ki, Britaniyada firmalarda işçilərin bu cür sosial şəbəkələrdə bütün vaxtlarını keçirmələri sayəsində hər gün firmaların 263 milyondan çox dolları itirdiyi hesablanıb ki, nəticədə şirkət bu cür şəbəkələrə girişi bağlayıb. Bu isə işdən çıxanların sayının artmasına səbəb olub. Demək, bu gün insanlar sosial şəbəkədən istifadə üçün işini belə itirməyə razıdır...
Bütün dünyada olduğu kimi Azərbaycanda da sosial şəbəkələrə maraq gündən-günə artır. Bəziləri üçün sosial şəbəkə gündəlik həyatın mühüm tərkib hissəsi, digərləri üçün isə vaxt itkisi anlamına gəlir. İnsanlar müxtəlif məqsədlər üçün onlardan yararlanır. Son zamanlar istifadəçilərin sayı ilə yanaşı fəallığı da artıb və hətta bu gün ölkəmizdə də bəzi iş yerlərində gündəlik iş rejminə mane olduğu üçün sosial şəbəkələrdən, o cümlədən Facebook-dan istifadə qadağan edilib. Bununla yanaşı, sosial şəbəkələrdən məhz iş məqsədilə faydalanların da sayı az deyil.
Uşaqların nəinki sosial şəbəkədə, internetdə informasiya təhlükəsizliyinin qorunması ilə bağlı təhlükələr var
Ümumiyyətlə, bu gün sosial şəbəkələrdən istifadəyə münasibət fərqlidir. Multimedia Mərkəzinin direktoru Osman Gündüz bildirdi ki, sosial şəbəkələrə yanaşması müsbətdir:
"Sosial şəbəkənin sayının, insanların ona marağının artması Azərbaycan internetinin inkişaf göstəricilərindən biridir. İnternet istifadəçilərinin sayı artdıqca, onların internetdə olan müxtəlif sahələrə, o cümlədən, sosial şəbəkələrə münasibəti artır. Burada müxtəlif qruplar yaranır, müxtəlif maraqları olan insanlar toplaşır və müəyyən məsələlərin müzakirəsi, informasiya mübadiləsi, xəbər alınması və s. üçün istifadə edilir ki, bu da normaldır. İnsanlar bizdə sosial şəbəkələrə daha çox, xəbər mənbəyi kimi baxırlar. Halbuki başqa ölkələrə baxsaq, sosial şəbəkələr xəbər mənbəyi olaraq o qədər də yüksək göstərici deyil. Eyni zamanda, burada da ictimai-siyasi hadisələrin müzakirəsi daha qabarıqdır. Bu da təbiidir və normaldır".
Sosial şəbəkələrin ailələrə mənfi təsirinə gəldikdə isə O.Gündüz bununla razılaşmadığını deyir:
"Mən əslində bu fikirlərlə razı deyiləm. Çünki bu, mində, milyonda bir ola bilər. Real dünyada bu necədirsə, virtual həyatda da belədir. Virtual dünya, sosial şəbəkə real dünyanın bir inikasıdır. Ola bilər ki, burada müəyyən kənara çıxmalar da ola bilər, amma bu, ümumi gedişata pis qiymət vermək üçün düzgün deyil. Sadəcə, yeniyetmələrlə, azyaşlı uşaqlarla bağlı belə bir əsas ola bilər. Yəni, uşaqların nəinki sosial şəbəkədə, internetdə informasiya təhlükəsizliyinin qorunması ilə bağlı təhlükələr var. Məhz bu istiqamətdə, yəni, uşaqların təhlükəsizliynin qorunması ilə bağlı məsələyə diqqət yetirilməsi, müzakirəyə çıxarılması, onların qorunması üçün müəyyən tədbirlərin həyata keçirilməsi vacibdir".
Evli ailələr, cütlər üçün vaxtının böyük bir hissəsini sosial şəbəkələrdə keçirmək təhlükəlidir
Sosioloq Əbülfəz Süleymanovun sözlərinə görə, son zamanlar sosial şəbəkələrlə bağlı tədqiqatlar onu göstərir ki, bu, həqiqətən də bəzi ailələrin dağılmasına gətirib çıxarır: "Çünki sosial şəbəkələrə aludə olan gənc qadınlar, kişilər bəzi hallarda öz ailələrini unuda, oradakı müvəqqəti, hətta virtual sevginin qurbanına çevrilə bilirlər. Bir müddət sonra onlar necə böyük səhvə yol verdiklərini başa düşürlər. Mən özüm də bəzən sosial şəbəkələrdən istifadə edirəm. Hətta tələbəm məndən, onu dostluğa qəbul etməmi istəyir və mən ona deyirəm ki, sənin evdə körpən var. Sən mənlə danışmağa vaxt ayırsan, ona kim baxacaq? Görürsən ki, gənc qadındı, körpə uşağı var, amma vaxtının böyük bir hissəsini sosial şəbəkədə keçirir. Yəni, bir xəstəlik kimi aludəçilik meydana gəlib. Bu tendensiya özü də təhlükəlidir".
Sosioloq onu da vurğuladı ki, ümumiyyətlə, sosial şəbəkədən insanlar informasiya almaq məqsədilə istifadə edə bilər. Yaxud, uzun müddət görə bilmədiyi bir dostundan hal-əhval tutmaq üçün istifadə edə bilər, amma vaxtının böyük bir hisəsini ona ayırmaq, ailəsini bir kənara qoyub onu unutmaq, bəzi hallarda orada təsadüfi tanışlıq nəticəsində virtual bir sevgi yaşamaq, xüsusilə, evli insanlar üçün çox təhlükəli tendensiyadır:
"Amma eyni zamanda gənclər var ki, internet vasitəsilə evləniblər, bunlar arasında bizim dostlarımız da var və xoşbəxtdirlər. Yəni, bunu ümumiləşdirmək doğru deyil ki, internet vasitəsilə evliliklərin çox mənfi təsirləri var. Müsbət rəqəmlər, faktlar da var. Sadəcə, evli ailələr, cütlər üçün vaxtının böyük bir hissəsini sosial şəbəkələrdə keçirmək təhlükəlidir".
Sosial şəbəkədən istifadə nəticəsində ailənin dağılması kimi halların dünyanın bir çox yerlərində, o cümlədən, Rusiya, Türkiyə və digər ölkələrdə də olduğunu deyən Ə.Süleymanovun sözlərinə görə, son zamanlar bizdə də Facebook istifadəçilərinin sayı çoxalıb ki, burada ev xanımları, ailəli kişilər də var:
"Təbii ki, bu tendensiya bizdə də özünü biruzə verəcək. Bunun qarşısını almaq isə, elmi və maarifləndirici üsullarla mümkündür".
Günel
Milli.Az