Allah rizası nə deməkdir...

21 Yanvar 2017 21:20

''Allah rizası" dini terminlərdə ən çox işlənən ifadələrdən biri, bəlkə də birincisidir.

Dini ədəbiyyatda yazılır ki, müsəlmanın bütün əməlləri Allah rizasına uyğun olmalıdır. Demək, Allah rizası bir növ həyatın anlamı, bizim üçün ən ali niyyət olmalıdır.

Bəzi mənbələr "Allah rizası" ifadəsinin yerinə "Allaha xatir" və ya "Allah xatirinə" yazırlar.

Bəzi mənbələr isə bu ifadəni daha da açaraq "Allah rizasını qazanmaq üçün" şəklində işlədirlər.

Milli.Az yeniavaz.az-a istinadən bildirir ki, mövzu o qədər həssas, o qədər incədir ki, bir söz deyəndə ifadənin ehtiva elədiyi fikir yükünü mümkün olduğu qədər saxlamağa və ya fikirdən yayınmamağa çalışırsan.

"Riza" sözü "razılıq"la eyni kökdən gəlir, həm də icazə mənasında razılıq yox, məmnunluq, xoşnudluq mənasında razılıq nəzərdə tutulur.

"Allah rizası üçün" deyildiyində də "Allahı məmnun etmək, xoşnud etmək" kimi mənalar ön planda tutulur. Bəndənin Allahı məmnun etməsi isə, heç şübhəsiz, Onun əmrlərini yetirə yetirməklə, yasaqlarından uzaq durmaqla mümkündür.

Səndən çox şey istəyə bilərlər, hər kəs də öz istəyinin önünə "Allah rizası üçün" yapışdıra bilər. Amma sən düşünməlisən, sənin səndən istənən işi yerinə yetirməyin Allahın buyruqlarına uyğundur, ya yox. Əgər uyğun görmürsə, o işi yerinə yetirməyin Allahın əmrlərinə uyğun deyilsə, Allah rizasına uyğun olan seçim ondan imtina etməkdir.

Müsəlmanın bütün əməlləri Allah rizasına uyğun olmalıdır deyildikdə o başa düşülür ki, müsəlman hər addımını Allahın istəyinə, Quranda buyruqlarına uyğun atmalıdır ki, Onu məmnun, xoşnud edə, yəni Onun rizasını qazana bilsin.

Bir söz, pir söz

Təvazö - hər uğurun, hər xeyirin Allahdan gəldiyinə inanmaqdır; təkəbbür - hər uğuru, hər xeyiri özündən bilməkdir.

İnsan üçün təvazö böyüklüyün, təkəbbür kiçikliyin ölçüsüdür.

Tarixdən bir yarpaq

Bir ovuc suyun hikməti

Davud peyğəmbərin (ə.s.) dövründə Misir tərəflərdə Calut adlı zalım bir hökmdar vardı, özü də israiloğullarına çox zülm edərdi. İsrailoğulları (yəhudilər) Caluta qarşı döyüşə bilmirdilər, çarəsiz qalmışdılar. Samuel peyğəmbərin yanına gəldilər və dedilər:

- Calut bizə hər cür zülm edir. Bizi Caluta qarşı döyüşə hazırlayan bir hökmdara ehtiyacımız var, bizə bir məsləhət ver.

Samuel peyğəmbər yəhudilərə belə dedi:

- Allah-Taala sizə hökmdar olaraq Talutu seçdi.

Talutun adını eşidən kimi üz-gözlərini turşutdular:

- Biz Talutdan varlıyıq, o bizə necə hökmdar ola bilər?

Samuel peyğəmbər dedi:

- Talutun hökmranlığı Allahın seçimidir. Çünki onun elmi də, dərrakəsi də, fiziki gücü də sizdən üstündür.

İsrailoğulları kasıb birisini öz başlarında rəhbər görmək istəmirdilər. Ancaq Talut israiloğullarının tələb elədikləri dəlilləri ortaya qoydu, rəhbər oldu, yəhudiləri toparladı, nizamlı bir ordu qurdu və Calutla döyüşmək üçün yola çıxdı. Onların yolunun üstündə bir çay vardı. Samuel peyğəmbər Allahın əmri olaraq Taluta və əmrindəki İsrail oğullarına tapşırmışdı ki, o çaydan hər kəs ancaq bircə ovuc içsin:

- Bu çay sizin imtahanınız olacaq, Allah bu sudan ancaq bircə ovuc içməyə icazə verib. bilin ki, bu əmrə qarşı çıxanlar məndən deyil.

Çaya yetişəndə israiloğullarının çoxu Taluta qulaq asmadılar, çaya cumub ovuc-ovuc su içməyə başladılar. İçdikcə də susuzluqları artdı, sanki su deyil, zəhər içirdilər. Onların aralarından inancında səmimi olan çox az adam Allahın əmrinə riayət edərək sudan bircə ovuc içdi. Həmin bir ovuc su onların bədəninə güc, qüvvət verdi, ürəklərinə cəsarət gətirdi. Çox içənlər isə halsız vəziyyətdə sərilib qaldılar. Artıq onların ürəyi qorxu, vəsvəsə ilə dolmuş, cəsarətləri itmişdi. Talutla yola ancaq o sudan bir ovuc içənlər davam edirlər və Calutun ordusuna qalib gəlirlər.

Sonsuz Nur

Rəsulullah (s.ə.s.) buyurur:

Beç işdə tələsin:

- Qonağınıza ikram etməkdə (red: - qayğı göstərməkdə, yedirib-içirməkdə);

- Övladınızı evləndirməkdə;

- Ölünü basdırmaqda;

- Borcu qaytarmaqda;

- Günahdan sonra tövbə etməkdə.

Bir udum hekayə

Dünyanın tarixi

Padşah alimləri toplayıb onlara dünyanın, gəlib-keçmiş bütün adil padşahların tarixini yazmağı tapşırır ki, oxuyub öyrənsin və rəiyyətinə qarşı ədalətli davransın. Təxminən 5-6 ildən sonra alimlər onun sarayına 40 dəvə yükü kitab göndərirlər. Padşah kitablara baxıb deyir ki, bu qədər kitabı oxuya bilməz. Qaytarın, alimlər bunları qısaldıb gətirsinlər. Aradan 5-6 il keçəndən sonra bu dəfə də 7 dəvə yükü kitab gəlir. Padşah yenə etiraz edir ki, kitab çoxdur, alimlər dünyanın tarixini daha qısa yazsınlar. Yenə aradan 5-6 il keçir və ailmlərdən bir kitab gəlir. Deyirlər ki, dünyanın tarixini ən qısa şəkildə bu cür yazmaq mümkündür. Amma padşah indi də o kitabı oxuyacaq halda deyil, çünki ölüm yatağındadır. Alimlərin başçısına belə deyir:

- Bu dünyada o tarixi öyrənmək mənə qismət olmadı, barı heç olmasa bircə cümlə ilə söylə, mən də bu dünyadan bir şey öyrənərək gedim.

Alimlərin başçısı bir qədər düşünür və bütün dünyanin tarixini bircə cümlə ilə belə ifadə edir:

- Gəldilər, yaşadılar, öldülər, getdilər.

Lüğət

Sədəqə - Bəndənin Allaha olan sədaqətinin təsdiqidir. Allah-Taalanın razılığını qazanmaq üçin bəndənin işlədiyi bütün əməlləri sədəqədir. Sevimli Peyğəmbərimiz (Ona Allahın salamı olsun!) buyurur ki, bir müsəlmanın başqa bir müsəlmana təbəssümlə baxması da sədəqədir, insanlara zərər verməsin deyə yola düşmüş bir daşı götürüb kənara qoymaq da sədəqədir.

Sədəqə - Allah rizası üçün verilər, yəni Allahın ehtiyac sahibi olan bəndəsinə verilər, amma qarşılığı ancaq Allahdan gözlənər, qarşılığı bəndədən gözlənilərsə, bu sədəqə olmaz, ticarət olar.

Sədəqə- Allaha borc verməkdir, bu dünyada verib, axirətdə qarşılığını alırsan.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində