Dünən Yəmənin paytaxtı Sənada "Cəsur Qadınlar Yürüşü" keçirilib. Vətəndaş müharibəsinin qanlı girdabında vurnuxan, vəhşət və məşəqqət içində boğulan ölkə bütün bunlarla yanaşı, xaricdən işğala da məruz qalıb.
Səudiyyə Ərəbistanının başçılıq etdiyi beynəlxalq hərbi koalisiyanın bombardmanlarına məruz qalan yəmənlilər səudilərə qarşı vuruşurlar.
Milli.Az Al Arabiya-ya istinadən bildirir ki, paytaxt Sənada qadınların yürüşündə iştirak edən xanımlardan kiminin əri, kiminin atası, kiminin qardaşı, kiminin də oğlu bombardmanlarda həlak olmuşdular.
Onlar ölkəni bombardman edən Səudiyyə Ərəbistanına qarşı vuruşmağa hazır olduqlarını bəyan ediblər: "Ölənədək vuruşacağıq, geri çəkilməyəcəyik!"
Tapançalar, avtomatlar, pulemyotlar və qumbaraatanlarla silahlanmış bu qadınlar Yəmənin devrilən, amma hələ də özünü dövlət başçısı sayan prezidenti Abdürəbbo Mənsur Hadini tanımaq istəmədiklərini də deyiblər.
Dünyanın ən yoxsul ölkələrindən biri olan Yəməndə 2015-ci ildən bəri amansız vətəndaş savası davam edir.
Milli.Az