Tahir Əkbər: "Həyat yoldaşım yalvardı ki, acından ölməyə razıyam, amma…" - FOTO

16 Yanvar 2017 21:25

"Dərdin alım", "Heç küsməyin yeridirmi", "Əzizim", "Amin"... Şövkət Ələkbərova, Zeynəb Xanlarova, Elmira Rəhimova və digər sənətkarların ifasında səslənən bu mahnılar dünyanı dolaşıb. Çoxları onun musiqilərini xalq mahnıları kimi tanıyıb. Əslində bu da bəstəkarın böyüklüyüdür. Bəstələdiyi mahnılar xalq dilinə, xalq ruhuna o qədər yaxın olub ki, o mahnılar xalq mahnıları qədər sevilib. Əməkdar incəsənət xadimi, tanınmış bəstəkar Tahir Əkbərdən söhbət gedir.

Bəstəkarın Milli.Az-a müsahibəsini təqdim edirik.

- Mahnı üç nəfər - şair, bəstəkar və müğənninin birgə məhsuludur. Sizcə, musiqinin populyarlıq qazanmasında kimin daha çox payı var?

- Mən mahnını quşa bənzədirəm. Onun bir qanadı bəstəkar, bir qanadı şairdir. Amma bu quşu göylərə qaldıran, ona ruh verən müğənnidir. Üçü də mükəmməl olanda musiqi də mükəmməl olur. Bu üçlükdə kimsə axsasa, artıq o musiqi zəif olacaq. Məsələn, mənim "Dərdin alım" mahnımı Zeynəb Xanlarova oxuyub, çox da məşhur mahnıdır. Şair Osman Sarıvəllinin şeiri ilə mənim musiqimə Zeynəb xanım can verib. Bunu etiraf etmək lazımdır axı. Mən zaman-zaman Osman Sarıvəlli, Bəxtiyar Vahabzadə, Fikrət Qoca və digər xalq şairlərimizlə birgə işləmişəm. Yaxşı mahnının yazılmasında şeiriyyətin rolu çox böyükdür.

- Sizi qane etməyən müğənnilər olubmu, hansı ki, mahnılarınızı onların ifasında bəyənməmisiniz?

- Əlbəttə, olub. Amma mahnılarıma həyat verən müğənnilər var. Şövkət Ələkbərova, Zeynəb Xanlarova, Nəzakət Məmmədova, Elmira Rəhimova, Baba Mirzəyev, Məmmədbağır Bağırzadə mahnılarımı xalq mahnıları səviyyəsində tanıdıb məni populyar bəstəkar ediblər.

- Heç ünvanlı mahnılar bəstələmisiniz?

- Məşhur bəstəkar Rayevskidən bir dəfə xahiş edirlər ki, məktəb direktoruna mahnı bəstələsin. O cavab verir ki, mən konkret bir müəllimə yox, bütün müəllimlərə mahnı bəstələyəcəm. Ümumiləşmiş bir müəllim obrazına mahnı həsr edir. Təbii ki, ünvanlı mahnılar olur. Məsələn, Bethoven məşhur "Ay işığı" sonatasını sevdiyi qadına həsr edib, bunu hamı bilir. Amma məndə ünvanlı mahnılar ümumiləşmiş obraza həsr olunub.

- Bəs həyat yoldaşınıza necə, mahnılar həsr etmisinizmi?

- Əslində, xanımım mənim mahnılarımın ilk dinləyicisidir. Bəzən mübahisələrimiz də düşür, o, tənqidi fikirlər söyləyir, mən öz mahnımı müdafiə edirəm. Axırda mən deyən olur yenə.

- Sualım cavabsız qaldı amma...

- Yox, yalan nə deyim, xanımıma mahnı bəstələməmişəm. Mən heç qızıma mahnı bəstələməmişəm, çünki belə şeylərdən xoşum gəlmir. Əttökən təsir bağışlayır mənə.

- Bəs sifarişli mahnılar bəstələmisiniz? Hansı ki, istəməmisiniz, amma yüksək qonorardan da keçə bilməmisiniz...

- Təbii ki, olub. Söhbət heç puldan da getmir. Məsələn, mən nəvəm yaşlı bir qıza mahnı bəstələmişdim. Onun valideynləri çox imkanlı idilər, mənə xahiş etdilər ki, bir mahnı bəstələyim. Dedilər, bu qız böyüyəndə deyəcək ki, Tahir Əkbər mənə mahnı bəstələyib, fəxr edəcək sizinlə. Bəstələdim o mahnını, amma heç pul barədə düşünmürdüm. Bir gün evimə gəlib, bahalı bir avtomobilin açarını stolun üstünə qoydu. Bəlkə də, inanmayacaqsınız, amma mən o açarı geri qaytardım.

- Bir çox həmkarlarınız var ki, müğənnilərə açıq qiymət oxuyurlar... Bəs siz bir mahnını neçəyə bəstələyirsiniz?

- Sözsüz ki, mənim dolanışığım musiqilərimdən çıxır. Nəinki mən, bütün yaradıcı insanların. Vaxtilə Səttar Bəhlulzadə kimi rəssam bütün əsərlərini bağışlayırdı. Heç vaxt satmırdı. Amma mən bunu düzgün saymıram. Dünya şöhrətli Salvador Dali isə ən bahalı rəssam sayılıb. O, əsərlərini çox baha satıb. Mən düşünürəm ki, yaradıcı insanın əsərinə qiymət verilməlidir. Mən heç vaxt müğənniyə qiymət oxumamışam. Nə veriblər, almışam. Sovetlər vaxtında belə şeylər yox idi, dövlət bizə mahnı sifariş verirdi. Biz də qonorarımızı alırdıq. Təəssüf ki, indi yaradıcı insan əsərini özü satmaq məcburiyyətində qalıb. Mahnı da elədir ki, hər zaman sifariş verən olmur. Amma istərdim, problemlərimi özüm həll edim.

- İnşallah, alarsınız. Bəs bir bəstəkar kimi bugünkü dinləyicidən məmnunsunuz?

- Sizə bir misal çəkim. Bu yaxınlarda həyat yoldaşımla birgə məşhur bir ailənin övladının toy məclisində idik. Orada gənc bir müğənni "Sevgili canan" oxudu. Mən o qədər zövq aldım ki, göz yaşlarımı saxlaya bilmədim. Ətrafıma baxdım. Gördüm, hamısının başı yeməyə qarışıb, oğlanı dinləyən belə yoxdur. Sonra adını çəkməyəcəm, bir müğənni çıxdı, oxudu. Mahnı belə idi: "Ay maşallah, iri-iri gözlərin". Hər kəs yeməyini yarımçıq qoyub ortalığa tökülüşdü, başladılar oynamağa.

- Rəhim Rəhimlinin mahnısına...

- Yox, oxuyan Rəhim deyildi, başqa müğənniydi. Bu biabırçılığı görmək lazım idi, insanlar necə cuşa gəlmişdilər. Yəni deməyim budur ki, indi belə bayağı mahnıları insanlar daha çox dinləyir və qəbul edirlər. Bir dəfə yoldaşım mənə yalvardı ki, acından ölməyə razıyam, amma elə müğənniləri qapımızdan içəri buraxma.

- Maraqlısı budur ki, oxuduqları mahnılar özgə ladlardan ibarətdir...

- Mən elə mahnılara "otxod" mahnılar deyirəm. Bir az özbəkdən, bir az ərəbdən, ümumiyyətlə, onun-bunun mahnılarından oğurlayıb nəsə bəstələyirlər. Azərbaycan mahnılarından əsər-əlamət belə yoxdur. Sonra da deyirik ki, erməni mahnımızı oğurladı. Sən evində uşağına bir dənə Azərbaycan mahnısı öyrətmirsən, dinlətmirsən, uşağın onun-bunun musiqiləri ilə böyüyür. Erməni muğam nədir, başa düşmür, amma mən bir dəfə internetdə gördüm ki, erməni Yeni il gecəsi uşağına muğam oxutdurur. Təsəvvür edin, erməni öz Yeni ilini bizim muğamla qarşılayır. Hansı azərbaycanlı Yeni il gecəsi uşağına muğam oxutdurub? Biz uşaqlarımıza Azərbaycan mahnılarını öyrətməliyik. Erməni baxıb görür ki, sən öz musiqinə dəyər vermirsən, götürüb özü oxuyur. Biz elə yalançı hay-küyü sevirik. Bir erməni mahnımızı oxuyan kimi başlayırıq sosial şəbəkədə hay-küy salmağa. Onlara mahnılarımıza dəyər verməyimizlə cavab verməliyik.

- Düz sözə nə deyəsən... Tahir müəllim, mahnılarınız o qədər gözəldir ki, çox adam elə bilir, xalq mahnısıdır...

- Elə bir cox adamlar var ki, mənim də xalq artisti olduğumu düşünürlər. Amma belə deiyl. Bir dəfə xalq artisti Aygün Kazımova bir verilişdə məni xalq artisti kimi təqdim etdi. Utandım. Dedim, Aygün, mən xalq artisti deyiləm, camaat elə biləcək ki, mən səni öyrətmişəm ki, belə deyəsən. Aygün qayıtdı ki, xeyr, siz elə xalqın artistisiniz. Doğrudan da, bir var, xalq artisti, bir də var, xalqın artisti. Mən xalqın artisti titulunu çoxdan qazanmışam. Mən yalnız mahnı janrında işləməmişəm. İlk dəfə simfonik rənglər və ilahiyyət-təsəvvüf musiqi janrını mən gətirmişəm musiqimizə. Dinləyicilərim mənə o qədər xoş sözlər deyirlər ki, özümü bəxtəvər sayıram. Onlar mənim qaşıma-gözümə aşiq deyillər e, mahnılarımı sevirlər. Yəni fəxri ad almaqla deyil...

- Əlbəttə. Bəstəkar tanıyıram ki, bütün titulları var, amma ortaya qoyacaq bir musiqisi yoxdur... İnşallah, fəxri adlarınızın davamı gələr.

- Bəli, tarixdə qalan əsərlərdir. Həyat yoldaşım da həmişə belə deyir.

- Yeri gəlmişkən, heç xanımınız sizi "bu mahnını kimə həsr etmisən" deyə sorğu-sual etmir ki...

- O sarıdan problemim yoxdur. Həyat yoldaşım heç vaxt məni qısqanmayıb. Bizdə belə şeylər yoxdur.

- Bəziləri qısqanclığın inamsızlıqdan, bəziləri isə sevgidən yarandığını deyirlər... Bəs sizcə?

- Əslində, sevən adam qısqanır. Amma əndazədən çıxmamaq şərtilə. Xanımım müdrik qadındır. O, kişini qısqanmağı özünə ayıb bilər. Ona elə gələr ki, qısqanclığı büruzə verməklə qadın özünü alçaldır. Mən onun xasiyyətinə bələdəm. Məncə, özünə dəyər verən qadınlar heç vaxt kişini qısqandığını üzünə vurmayıblar.

Cəvahir Səlimqızı

Milli.Az