Sevgi var, köynək kimidir...

15 Yanvar 2017 22:35

Eşq dediyin bağlılıqdır, bağlanmaqdır, bəzən təmənnasız təslimiyyət, bəzən təmənnalı ticarətdir.
Eşq dediyin sarmaşıqdır, sarılmasa, ayaqda dura bilməz.
Sizə qəribə gəlməsin, həqiqətən də bu sözün ifadə etdiyi mənalardan biri sarmaşıqdır.
Bir başqasına söykənmədikcə, bir başqasından yapışmadıqca qalxıb - yıxılmaqdır, yerlərdə sürünməkdir sarmaşıq sevgi.
Bu mənada onurğasızlıqdır eşq, sarmaşıq eşq - onurğanı başqasında axtarmaqdır.
Sevmək - sarılmaq, sarılmaq - boğmaq, boğmaq - öldürməkdir.
İnsan sarıla bilmək üçün sarılmaq istədiyinin ölçüsünü bilməlidir.
Məcnun Leyliyə, Fərhad Şirinə sarmaşıq ağaca sarılan kimi sarıldılar.
Milli.Az yeniavaz.az-a istinadən bildirir ki, sarılan sarıldı, sarıldığını boğdu, qurutdu, sonra da özü qurudu və sürüşüb ayaqlarına düşdü ölü sevgilisinin.
Sevmək şirin ölməkdir, havasına girib, ölümə uçduğun, amma nə olduğunu bilmədiyin səmum yelidir.
Uğrunda ölürcəsinə sevmək sevgisini özünün məbudu halına gətirməkdir.
Sevmək bəzən hər şeydir, bəzən heç nə. Bəzən bir inaddır, inadına sevirsən, acığa sevirsən, xətirə sevirsən. İnada, acığa, xətirə sevmək inadın, acığın, xətirin bitdiyi yerə qədərdir.
Bəzən yarı yolda hər şeyini itirib yalın-yalnız, tək-tənha qalmaqdır sevgi.
Bəzən kordur - kimi sevdiyini görməz, bəzən qaradır - ümidsiz dərdə mübtəla, bəzən şəfqətdir, bəzən mərhəmət, bəzən də yaz buludu kimi - gəldi, guruldadı, yağdı, keçdi...
Sevmək bəzən qovuşmaqla xoşbəxtliyi bir arada yaşamaq, bəzən ümid və qorxu arasında çırpına-çırpına ölməkdir.
Bir bu dünyada gördüyünü sevmək var, bir də görmədiyini sevmək var.
Dünyaya göz gəzdirib gördüyün, könül verib sevdiyin hər şey fanidir, ötəridir, yəni sonu var, ölümlüdür.
Görmədən sevmək isə ölümsüz-itimsizdir, nə qorxusu, nə təhlükəsi var, özü də sevəni sevdiyinə qovuşdurar. Əslinə qalanda bu sevgi elə başladığı andan qovuşmaqdır.
Görüb sevmək var, sevib görmək var. Görüb sevmək cahillərin, sevib görmək aqillərin qismətidir.
Sevmək - hər kəsi, hər şeyi layiq olduğu yerə qoya qoymaqdır, hər kəsi, hər şeyi öz yerində görməkdir.
Sevdiyinə "sən mənim hər şeyimsən" demək ondan başqa hər kəsi inkar etməkdir, hər kəsə haqsızlıq etməkdir.
Gerçək ağıl insanı gerçək qurtuluşa apardığı kimi gerçək sevgi də sevəni gerçək sevgiliyə qovuşduran sevgidir.
Bəndənin Allahı sevməsi - Allahın bəndəyə ən böyük lütfüdür. Bəndəni sevməkdən fərqli olaraq Allahı sevməkdə nə itirmək qorxısı var, nə qovuşmaq ümidi.
Allahı sevməyin ötəsi, o üzü, ardı, davamı yoxdur. Hər şey Allahı sevməyin içindədir. Sən Allahı sevə bilirsənsə, son nəfəsə qədər də sevdinsə, sevdiyinlə birlikdəsən. Daha bundan artıq nə ola bilər ki?!
Hər kəs sevdiyinin ölçüsü ilə tamamlanır. Ölçülünü sevən sevdiyinin ölçüsü qədər olur, ölçüsüzü sevən, damla ümmanda əriyib o ümmanın hər sərrəsinə, hər hüceyrəsinə iddia etdiyi kimi, damla ikən ümman havasına girir.
Sevgi də belədir. Hər kəs sevdiyinə can atır, sevdiyinə qovuşmaq istəyir. Hər kəsin dəyəri də elə sevgisinin, sevdiyinin dəyəri ilə ölçülür.
Dostunu göstər kim olduğun deyim. Yaxşı sözdür, eləmi?
Sən sevdiyini göstər, mən sənin içini üzünə oxuyum.
Sevmək qəlbin ilk döyüntüsü ilə başlar. Ən yaxın çevrədən, anadan, atadan başlar, dalğa kimi getdikcə yayılar, yayılar, yer üzünü doldurar, amma dinməz, kiriməz, rahat olmaz, axtarar, çırpınar, yüksələr və görürəndən görünməzə yönəlib qovuşduğu anda "oxxay" deyər. İnsanın rahat olacağı, səadəti, xoşbəxtliyi alıb yaşaya biləcəyi tək sevgi Allah sevgisidir.
Yer üzündə hər sevgi uşaq əynindəki köynək kimidir, bu gün olmasa da, sabah dar gələcək, canını sıxacaq.
Sevginin görünəndən keçib görünməyənə qovuşması gerçək inkişafdır, əslində sevgi dediyin o sirr də elə budur- insanların başı üstündən yüksəlib Haqqa ucalmaq. Görünəndən görünməzə yüksələn sevgi əslində görünəni də inkar eləmir, ona qarşı ədalətli davranır, onu öz yerinə oturdur, layiq olduğu dəyəri verir.
Sevginin istiqaməti görürəndən görünməzədir. Görünməzdən görünənə dönüş yoxdur, amma görünməzə bağlanmaq görünənə qarşı ədaləti yetişdirir.
Bəndəyə təşəkkür etməyən, Allaha da şükr etməz. Allahı sevmək - Allahın yaratdıqlarını da sevməyi öz ardınca gətirir.
Allahı sevmək - dünyadan və səni dünyaya bağlayan cazibədən qurtarmaqla olur.
Allahla sənin aranda bircə əngəl var. O əngəl sənin özünsən, sən özünü bu aradan götürüb bir tərəfə ata bilsən, Haqqa qovuşmağın zövqünü, ləzzətini bütün ruhun boyunca hiss edəcəksən.
Bir parça şəkərin suda əriməsi kimidir sevənin Allaha qovuşması.
Heç neyə diqqət eləmisənmi?- qupquru, canında öz suyu qalmayıb, su varsa, üfürənin ağzının suyudur. Neyə bax, neyə:- buğum-buğum, sinəsi dəlik-dəlik, hər yeri dağlanıb, yanıb, kösöv kimi qaralıb, neyzən bir yol üfürdümü, fəryada başlar, köksündən çıxan da öz səsi deyil, üfürənin könlünün, ruhunun səsidir.
Allahı sevən bəndə də öz nəfsinin istəklərini bir tərəfə atar, unudar, öz istəklərini yaşamaz, Allahın buyrüğünü könlünə murad edər.
Kamil insan ney kimidir, öz səsini çıxarmaz, Allahın istədiyi səsi çıxarar, öz sözünü deməz, Allahın sözünü deyər, istədiyi səmtə baxmaz, Allahın istədiyi tərəfə yönələr...
Allahı sevib, Ona dost olmaq istəyən gərək Həzrəti İbrahim (ə.s.) kimi İsmayılının başından keçməyi öyrənsin.
Allahın sevimlisi olmaq istəyən gərək Həzrəti Məhəmməd (s.ə.s.) kimi "bir əlimə günəşi, bir əlimə ayı da qoysalar, mən bu davadan dönmərəm"- deyib dünyani bir çırpıda əlinin dalı ilə rədd edə bilsin.
Allaha qovuşmaq istəyən Bilal Həbəşi kimi son nəfəsində kəlməyi-şəhadətlə birlikdə "oxxay, Allahıma qovuşuram, Rəsulullaha qovuşuram"- deyib sevgi ilə gözlərini qapamağın nə olduğunu ruhunda hiss eləsin.
Allaha qovuşmaq istəyən gərək Mövlana kimi ölümünü ayrılıq yox, vüsal günü elan eləsin.
Allah sevgisini könlünün tək sultanı halına gətirmək istəyən kəs İrbahim Ədhəm kimi qəlbi illərlə üzünü görmədiyi övladına tərəf üşünəndə "Allahım, mən bu qəlbimdə Sənin sevginin yanına bir başqasını da qoymaq istəmirəm"- deməyin ruhda doğurduğu təlatümü ruhunda yaşaya bilməlidir.
Allahı sevməyin qorxusu yoxdur, Allahı sevməyi itirmək qorxusu var, Allahın mərhəmətindən məhrum qalmaq qorxusu var, özündən narahatlıq var, azmaq, itmək qorxusu var. Allah sevgisi əvəzsiz zəmanətdir, var olduğu müddətcə nə bəla var, nə təhlükə. Allah qorxusu dediyin də elə budur, - bizə boynumuzun şah damarından da yaxın olan Allahdan uzaq düşmək qorxusu.
Sevmək sarmaşıq kimidir, sevmək sarılmaqdır. Fanini sevən fanidə bitir, tükənir, Baqini, yəni Əbədini sevən öz faniliyinin içindən bir sevgi yolu açıb Əbədiyə qovuşur və fani olduğu halda Baqidən əbədilik səlahiyyəti alır. Ölməzlik dediyin də elə budur.
 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində