"Hər şey yaşadım: içki, gecə həyatı, qumar, eşqbazlıq..."

12 Yanvar 2017 15:04

İstedadımı aça bilmədiyim üçün özümə hirslənirəm. İndiki ağlım olsaydı, dünyanın ən güclü klublarında oynaya bilərdim.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bunu Türkiyə tarixinin ən texnikalı futbolçularından olmuş Yusuf Şimşək deyib.

Hazırda "Mersin İdman Yurdu"nu çalışdıran 42 yaşlı mütəxəssis hurriyet.com.tr saytına maraqlı müsahibə verib. Futbolçu karyerasını dəyərləndirən Şimşək bir çox yanlış addımlar atdığını etiraf edib.
 
O, məsuliyyətsizliyi ucbatından daha zəngin karyera qura bilmədiyini bildirib: "Keçmişdəki səhvlərimin cəzasını çox çəkdim. Xüsusən də, milli komandada az oynamağım məni məyus etdi. İntizamlı həyatım olsaydı, "Fənərbağça"da 3,5 il yox, 15 il oynayardım. Hətta futbolçu ikən indiki kimi düşünsəydim, Türkiyənin ən böyük klubu olan "Fənərbağça" da mənə dar gələrdi. Ölkə xaricində ən böyük klublarda oynayardım, Arda Turanın irəlilədiyi yerdə olardım. İndi futbolçularıma bunları izah edirəm".
 
Şimşək yalnız evləndikdən sonra həyatını dəyişməyə müvəffəq olduğunu söyləyib: "Hər şeyi yaşadım: eşqbazlıq, gecə həyatı, içki, qumar, az yuxu, necə gəldi qidalanma; hamısı oldu. Çox böyük səhvlər etdim. Kaş bu enerjimi futbola verəydim. Dostlarını, əhatəni doğru seçməsən, bunların qurbanı olarsan. Əslində, populyar olmamışdan əvvəl də belə idim. Kəmərdə də, Dənizlidə də balanssız yaşayırdım. Subay vaxtı harda yatdığımı, harda qalxdığımı bilmirdim. Evləndikdən sonra çox dəyişdim. Ondan sonra milliyə çağırıldım, 32 yaşımda "Beşiktaş", "Trabzonspor" kimi klublar arxamca qaçdılar".
 
Gənc çalışdırıcı vaxtında böyüklərinin sözünə qulaq asmamağın peşmanlığını çəkir: "Rüştü Rəçbər, Ogün Təmizkanoğlu və atam tez-tez xəbərdarlıq edirdilər. Atam "oğlum, etmə, həyatına çəki-düzən ver" deyirdi. Mən də "hə, hə" deyib, bildiyimi edirdim. Buna görə, çox peşmanam".
 
Yusuf Şimşək rəhbərliyi altında oynadığı ən yaxşı məşqçilərin adlarını da çəkib. O, "Xəzər Lənkəran"ın sabiq çalışdırıcısı Mustafa Dənizli və "Rəvan"ın keçmiş baş məşqçisi Güvənc Kurtarı bu baxımdan fərqləndirib: "Mustafa Dənizli çox yaxşı məşqçidi. Futbolçunun dilini bilir. O, oyunçulara ən çox sevdikləri məşqləri keçir. Dənizli ilə həm "Fənərbaxça"da, həm də "Beşiktaş"da çempionluq sevinci yaşadım. Ondan başqa, Güvənc Kurtar və Ərsun Yanalı da çox bəyənirəm. Yanalın "Trabzonspor"da uğursuz nəticə qazanmasına təəccüblənirəm. "Fənərbağça"da çempionluq əldə edəndə Ərsun Yanalı bəzi oyunçuların sevmədiyi deyilirdi. Bu, ağır məşqlər keçdiyi üçün ola bilər".
 
Qeyd edək ki, Yusuf Şimşək 2007-2009-cu illərdə Türkiyə yığmasının heyətində 6 oyun keçirib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində