"Neftçi"nin futbolçusu Elxan Abdullayevə necə "atdı"?

12 Yanvar 2017 14:59

"Neftçi"nin sabiq futbolçusu Jonas Pesalinin yeni klubu bəlli olub.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, qış fasiləsində "ağ-qaralar"dan ayrılan braziliyalı karyerasını vətənində davam etdirəcək.

26 yaşlı futbolçu "Parana"nın formasını geyinəcək. Yarımmüdafiəçi artıq yeni komandası ilə müqaviləyə imza atıb.
 
Kuritiba şəhərini təmsil edən "Parana" artıq neçə ildi Braziliyanın B seriyasında mübarizə aparır. Son illərdə əsas vəzifəsi burada yerini qoruyub, aşağı yuvarlanmamaq olan komanda ötən mövsüm 20 komanda arasında 15-ci yeri tutub.
 
Maraqlıdır ki, təxminən 2 həftə əvvəl "Neftçi"nin baş məşqçisi Elxan Abdullayevin açıqlamasına əsasən, Pesalli klub rəhbərliyinə yüksək liqadan təklif aldığını söyləyib. Bakılılar da məhz bu üzdən onunla yolları ayırmağa razılaşıb. Sonda isə Pesalli B seriyasının autsayderlərindən birinə keçib.
 
Bir sözlə, braziliyalı acınacaqlı durumda olan "Neftçi"dən canını qurtarmaq üçün yalan danışıb. Sadəlövh klub rəhbərliyi isə buna inanıb.
 
Qeyd edək ki, Pesalli Azərbaycan Premyer Liqasının cari mövsümündə meydana çıxdığı 7 oyunda 1 qola imza atıb.  

Milli.Az