Yüksək dəqiqliyə və dağıdıcı qüvvəyə malik yeni silahlar Azərbaycan məsələni artıq hərbi yolla həll etmək qərarına gəldikdən sonra nümayiş və tətbiq olunacaq.
"Əgər cəbhədə hərbi əməliyyatlar başlasa, onlar böyük ehtimalla cəmi bir həftə davam edəcək. Düşünürəm ki, Azərbaycan Silahlı Qüvvələri düzgün planlaşdırma olacağı və arsenalında olan bütün silah və texnikadan istifadə edəcəyi təqdirdə bütün torpaqlarımızı cəmi bir həftəyə azad etmək və Qarabağ problemini birdəfəlik həll etmək olar. Torpaqlarımız azad ediləndən sonra isə artıq irəli getmək fikrimiz yoxdur".
Bunu Milli.Az-a açıqlamasında hərbi ekspert, istefada olan polkovnik Konstantin Manuxin prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Azərbaycanın hərbi qüdrəti və Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı fikirlərinə münasibətində bildirib.
Polkovnikin sözlərinə görə, son illər ərzində Azərbaycanda ən müasir silah arsenalı yaradılıb: "Bu məsələdə yalnız strateji raketləri istisna etmək olar ki, onlar heç bizə lazım da deyil. Azərbaycan Ordusu ən müasir silah-sursat, texnika ilə təmin edilir. Tam əminliklə demək olar ki, bu gün Azərbaycan Ordusu həm döyüş qabiliyyəti, həm təminat-təchizat baxımından dünya miqyasında güclü ordulardandır və ölkənin hərbi potensialının gücləndirilməsi üçün bundan sonra da əlavə tədbirlər görüləcək. Hazırda ordumuzun ən son əldə etdiyi silahlar yüksək dəqiqliyi ilə seçilir, lakin onlar barəsində hələlik mətbuatda açıq məlumat verilmir. Onlar müxtəlif təyinatlıdırlar və böyük dağıdıcı qüvvəyə malikdirlər. Böyük ehtimalla, yüksək dəqiqliyə və dağıdıcı qüvvəyə malik yeni silahlar Azərbaycan məsələni artıq hərbi yolla həll etmək qərarına gəldikdən sonra nümayiş və tətbiq olunacaq. Amma həmin silahların aid olduğu ordu bölmələrinin hazırlıq səviyyəsi mütəmadi olaraq artırılır, təlimlər keçirilir, atışlar yerinə yetirilir. Bu təlimlərdə istər Hava Hücumundan Müdafiə, istər artilleriya, istərsə də tank bölmələri yüksək hazırlıq və peşəkarlıq nümayiş etdirirlər. Azərbaycan Silahlı Qüvvələri Dağlıq Qarabağı və Ermənistan tərəfindən işğal edilmiş digər ərazilərimizin azad edilməsinə tam hazırdır, artıq bunun üçün bütün hazırlıqlar görülüb. Sadəcə Ali Baş Komandanın əmrini gözləyirik".
Qeyd edək ki, Prezident İlham Əliyev yanvarın 10-da Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib: "Aprel döyüşləri həm bizim parlaq qələbəmizdir, həm bir daha Azərbaycan dövlətinin gücünü göstərdi, həm də bir daha göstərdi ki, biz heç vaxt bu vəziyyətlə barışmayacağıq. Biz bütün təxribatlara layiqli cavab verəcəyik. Eyni zamanda, illər boyu Ermənistan tərəfindən yaradılmış mif tamamilə darmadağın edildi. Xaricdən silahlar, pullar, digər yardımlar olmasa, onlar bir həftə ərzində bizim qabağımızda duruş gətirə bilməzlər. Bunu özləri də etiraf edirlər. Biz bunu çoxdan bilirdik.
Azərbaycan Dağlıq Qarabağ problemini bir həftəyə həll edə bilər
Biz həmişə olduğu kimi, konstruktiv mövqe tuturuq, haqq-ədalət bizim tərəfimizdədir, beynəlxalq hüquq normaları da həmçinin. Tarixi həqiqət də bizim mövqeyimizi möhkəmləndirir. Hərbi güc də, iqtisadi potensial da, siyasi nüfuz da bizdədir. Yəni, biz məsələni istədiyimiz kimi həll edəcəyik".
Dövlət başçısı çıxışında daha sonra bunları əlavə edib: "Bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır, həm döyüş qabiliyyəti, həm təminat-təchizat baxımından. Bizim yüksək dəqiqliyə, dağıdıcı qüvvəyə malik olan ən müasir silahlarımız var. Onların bir hissəsi nümayiş etdirilib, bir hissəsi isə nümayiş etdirilməyib. Lazım olan vaxtda, lazım olan yerdə onlar nümayiş etdiriləcək".
İlkin İzzət
Milli.Az