Tanışını döyə-döyə öldürən şəxsin işi ağırlaşdırıldı - "Balamı niyə öldürürdün, ay əclaf?!"

12 Yanvar 2017 14:05

Sumqayıtda əlbəyaxa dava zamanı tanışının sağlamlığına ağır zərər vurmaqda təqsirləndirilən Kamil Quliyevin cinayət işi üzrə məhkəmə davam edib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə tibbi ekspertizasının rəyi elan edilib. 

Rəyə əsasən, Kamil Quliyevin xəsarət yetirdiyi Rahib Zeynalov məhkəmə dövründə aldığı xəsarətlərdən sonra ev şəraitində olan zaman dünyasını dəyişib.

Prokuror Eldar Həmzəyev vəsatətlə çıxış edib. O, vəsatətində cinayət işinin məhkəmə baxışına xitam verilməsini və Kamil Quliyevə verilən ittihamın daha da ağırlaşdırılmasını tələb edib.

Zərərçəkmiş şəxsin hüquqi varisi olan anası da cinayət işinin geri qaytarılmasını istəyib: "Ay əclaf, oğlum səni söymüşdü, 5 qat onu söyərdin. Lap qolunu qıçını qırardın. Niyə balamı öldürdün?! Özü də həmin yerdə bu, tək olmayıb. Oğlumu 4 nəfər döyüb öldürüblər. Xahiş edirəm ki, ona və o cinayətdə əli olanlara ən ağır cəzanı versinlər".

Prosesdə təqsirləndirilən şəxsin yaxınları və zərərçəkənin anası arasında mübahisə düşüb. Məhkəmə nəzarətçiləri hər iki tərəfi sakitləşdirib.

Məhkəmə vəsatəti təmin edib. Hakimlər kollegiyasının qərarına əsasən, Kamil Quliyevə verilən Cinayət Məcəlləsinin 126.1 (qəsdən sağlamlığa ağır zərbə vurma) maddəsinin ağırlaşdırılması ilə bağlı iş yenidən araşdılması üçün Sumqayıt Şəhər Prokurorluğuna qaytarılıb.

Qeyd edək ki, hadisə keçən il Sumqayıtda baş verib. Kamil Quliyev münaqişə zəminində tanışı Rahib Zeynalovla əlbəyaxa olub. Əlbəyaxa dava zamanı Rahib Zeynalov ağır xəsarətlər alıb. O, xəstəxanaya yerləşdirilib. Bundan sonra zərərçəkən şəxsin şikayəti əsasında Kamil Quliyev həbs edilib.

Ona Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham verilib. İş Sumqayıt prokurorluğunda araşdırılaraq yekunlaşıb və baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Məhkəmə dövründə Rahib Zeynalov aldığı xəsarətlərdən ev şəraitində dünyasını dəyişib.

Milli.Az