Məhkəmədə Akif Çovdarovla zərərçəkən arasında mübahisə düşdü - YENİLƏNİB

11 Yanvar 2017 18:41

18:41

Sabunçu Rayon Məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi günortadan sonra davam etdirilib.

APA-nın məlumatına görə, Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə jurnalistlərin iştirakı olmadan keçirilən prosesdə zərərçəkmiş İlham Xəlilov prokurorun suallarını cavablandırıb.

İ.Xəlilov bildirib ki, A.Çovdarov ondan pul alıb.

Daha sonra şahid qismində Adil Yaqubov və A. Çovdarovun sürücüsü olmuş Nurxan Atakişiyev ifadə verib.

A.Yaqubov bildirib ki, zərərçəkmiş İlham Xəlilovun dedikləri yalandır, A.Çovdarov ondan pul almayıb. N.Atakişiyev də bildirib ki, İ.Xəlilovdan pul almayıb: "İlham Xəlilov deyir ki, pulu mən alıb Akif Çovdarova vermişəm. Lakin bu yalandır" .

A.Çovdarov da zərərçəkmiş İlham Xəlilovun yalan danışdığını deyib: "Yalan deyənin var-yoxuna söyərdim. Lakin qadınlar var açıq danışa bilmirəm".

Proses yanvarın 16-da davam edəcək.

----------

14:56

Sabunçu Rayon Məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.  

Milli.Az APA-ya istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə jurnalistlərin iştirakı olmadan keçirilən prosesdə zərərçəkmiş şəxs qismində Biləcəri bələdiyyəsinin keçmiş sədri İlham Xəlilov və Binəqədi qəsəbə bələdiyyəsinin keçmiş sədri Elman Salmanov ifadə veriblər.

Akif Çovdarovun vəkili Sadiq Rəsulov jurnalistlərə açıqlamasında deyib ki, İlham Xəlilov məhkəmədə ziddiyyətli ifadələr verib: "Əvvəlcə deyirdi ki, Binəqədi qəsəbə bələdiyyəsinin sədri Elman Salmanova zəng edərək MTN-dən pul istənildiyini deyib. Amma məhkəmədə deyir ki, Elman da ona zəng edərək MTN-ə çağırıldığını, pul istənildiyini deyib. İlham Xəlilov MTN-də 4-cü mərtəbədə Çovdarova pul verdiyini dedi. Ancaq həmin vaxt Çovdarovun xidməti otağı 1-ci mərtəbədə olub. İlham Xəlilov deyir ki, pulun qalan hissəsini Çovdarovun xidməti maşınında ona verib. Amma Akif Çovdarovun həmin vaxt xidməti maşını olmayıb. İlham Xəlilov istintaqda Akif Çovdarov tərəfindən hədələndiyini, pul tələb edildiyini deyirdi. Amma məhkəmədə Adil Yaqubov tərəfindən hədələndiyini deyib. Digər bələdiyyə sədri Elman Salamanov da məhkəmədə İlham Xəlilovu təkzib etdi. Elman dedi ki, İlham Xəlilov ona deyib ki, əgər 150 mini verməsə, onun başına torba keçirəcəklər".

Elman Salmanov isə jurnalistlərə açıqlamasında bildirib ki, İlham Xəlilov ona MTN-dən pul istənildiyini deyib və buna görə, o, İlham Xəlilova 150 min manat verib: "Bir maşınımız var idi, onu da satdıq, pulunu verdik. Mən Akif Çovdarovu görməmişəm. Məhkəmədə Akif Çovdarov mənə dedi ki, elə bir şey var idisə, Binəqədinin ağsaqqalı var. Ona deyərdin ki, Akif məndən bu qədər pul istəyir. Mən də heç nə demədim. İşlə bağlı olan hər şeyi də kiməsə demək olmur axı". 

Vəkil Sadiq Rəsulov açıqlamasında onu da bildirib ki, Akif Çovdarov məhkəmədə çıxışında İlham Xəlilovun onun adından yalan danışaraq kimlərdənsə pul aldığını deyib: "Elman Salmanov adlı şəxsin kim olduğunu, hansı vəzifədə işlədiyini bilmirəm. Əgər Elman Salmanovu çağırmaq lazım olsa idi, İlham Xəlilov vasitəsilə deyil, özüm çağırardım. İlham Xəlilov, yəqin ki, başqalarından pul alıb. Mənim adımdan da istifadə edib".
 
Qeyd edək ki, təqsirləndirilən şəxslər - Akif Çovdarova Cinayət Məcəlləsinin 145.3 (Qanunsuz azadlıqdan məhrumetmə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), 179.3.1, 179.3.2 (Mənimsəmə və ya israfetmə mütəşəkkil dəstə tərəfindən külli miqdarda törədildikdə), 181.3.1, 181.3.2 (Quldurluq mütəşəkkil dəstə tərəfindən külli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə), 182.3.1, 182.3.2 (Hədə-qorxu ilə tələbetmə külli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə ), 228.4 (Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə), 302.1, 302.2 (Gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4 (Rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən hədə-qorxu tətbiq olunmaqla külli miqdarda və təkrar törədildikdə), 313 (Vəzifə saxtakarlığı), 341.2.1, 341.2.2 və 341.2.3-cü (Bir qrup şəxs tərəfindən silah tətbiq olunmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə ağır nəticələrə səbəb olduqda) maddələri, Səlim Məmmədova həmin Məcəllənin 145.3, 179.3.1, 179.3.2, 181.3.1, 181.3.2, 182.3.1, 182.3.2, 302.1, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 313, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri, Akif Əliyevə həmin Məcəllənin 145.3, 179.3.1, 179.3.2, 181.3.1, 181.3.2, 182.3.1, 182.3.2, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 313, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri və Orxan Osmanova isə həmin Məcəllənin 145.3, 181.3.1, 181.3.2, 182.3.1, 182.3.2, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri ilə yekun ittihamlar irəli sürülüb.
 
Zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsinin təmin olunması üçün məhkəmə qərarları əsasında təqsirləndirilən şəxslər Akif Çovdarov, Səlim Məmmədov, Akif Əliyev və Orxan Osmanova məxsus ümumilikdə 33 milyon 466 min manat dəyərində əmlak və pul vəsaitlərinin, o cümlədən 8 milyon 967 min manat dəyərində ticarət və xidmət sahələri, istilikxanalar, balıqçılıq təsərrüfatları və sair əmlak kompleksi, torpaq sahələri, 24 milyon 445 min manat dəyərində fərdi yaşayış evləri, mənzillər, nəqliyyat vasitələri və 37 min manat dəyərində zərgərlik məmulatlarının üzərinə həbslər qoyulub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində