Azərbaycan Dağlıq Qarabağ problemini bir həftəyə həll edə bilər

11 Yanvar 2017 13:34

Milli.Az xəbər verir ki, prezident İlham Əliyev Nazirlər Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib: "Aprel döyüşləri həm bizim parlaq qələbəmizdir, həm bir daha Azərbaycan dövlətinin gücünü göstərdi, həm də bir daha göstərdi ki, biz heç vaxt bu vəziyyətlə barışmayacağıq. Biz bütün təxribatlara layiqli cavab verəcəyik. Eyni zamanda, illər boyu Ermənistan tərəfindən yaradılmış mif tamamilə darmadağın edildi. Xaricdən silahlar, pullar, digər yardımlar olmasa, onlar bir həftə ərzində bizim qabağımızda duruş gətirə bilməzlər. Bunu özləri də etiraf edirlər. Biz bunu çoxdan bilirdik.

Biz həmişə olduğu kimi, konstruktiv mövqe tuturuq, haqq-ədalət bizim tərəfimizdədir, beynəlxalq hüquq normaları da həmçinin. Tarixi həqiqət də bizim mövqeyimizi möhkəmləndirir. Hərbi güc də, iqtisadi potensial da, siyasi nüfuz da bizdədir. Yəni, biz məsələni istədiyimiz kimi həll edəcəyik".

Dövlət başçısı çıxışında daha sonra bunları əlavə edib: "Bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır, həm döyüş qabiliyyəti, həm təminat-təchizat baxımından. Bizim yüksək dəqiqliyə, dağıdıcı qüvvəyə malik olan ən müasir silahlarımız var. Onların bir hissəsi nümayiş etdirilib, bir hissəsi isə nümayiş etdirilməyib. Lazım olan vaxtda, lazım olan yerdə onlar nümayiş etdiriləcək".

Prezident İlham Əliyevin bu fikirlərinə münasibət bildirən hərbi-siyasi məsələlər üzrə ekspert, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov Milli.Az-a açıqlamasında deyib  ki, ölkə başçısının Nazirlər Kabinetinin iclasında söylədiyi fikirlər tam həqiqətdir:

"Azərbaycan Silahlı Qüvvələrinin son illərdə aldığı elə silahlar var ki, biz onlardan hələ heç bir döyüşdə istifadə etməmişik və heç kimə də göstərməmişik. Bu, hər bir dövlətin öz haqqıdır. Ali baş komandan da iclasda qeyd elədi ki, ölkənin müdafiə və təhlükəsizliyi üçün nə lazımdırsa, edilib və bundan sonra da ediləcək.  

Azərbaycan son illərdə hansı ölkələrdən ki son nəsil silahlar alıb, onlar ən modern silahlar sayılır. Həmin silahların çoxundan Ermənistanda ümumiyyətlə yoxdur. Amma biz bu haqda Ermənistana hesabat verməyə məcbur deyilik. Yeri gələndə, zamanı çatanda onlardan istifadə olunacaq.

Həmin silahlar Ermənistandan fərqli olaraq tam qanuni şəkildə alınaraq əldə olunub. Bununla bağlı müvafiq beynəlxalq qurumların da xəbəri var, bu barədə məlumatlar BMT-yə təqdim olunan arayışlarda da yer alıb. Bundan əlavə, hər il beynəlxalq təşkilatlardan və ölkələrdən müxtəlif inspeksiyalar gəlir, onlar Avropada Adi Silahlar Haqqında Müqavilənin şərtlərinə əsasən, burada müəyyən yoxlamalar aparır, bununla bağlı hesabat hazırlayaraq, onları müvafiq ünvanlara təqdim edirlər.

Azərbaycanın son illər əldə etdiyi elə silahlar var ki, onlar nə hərbi paradda, nə də mətbuatda göstərilməyib. Amma onlar həqiqətən də var. Prezident də ali baş komandan kimi məhz o silahları nəzərdə tuturdu".

Ekspertin fikrincə, əgər kənardan başqa müdaxilələr olmazsa, Azərbaycan Ermənistanı məğlub edərək Dağlıq Qarabağ problemini bir həftəyə həll edə bilər: "Bilirik ki, Ermənistanda sosial-iqtisadi, demoqrafik vəziyyət bərbad durumdadır. Yəni onların heç bir halda Azərbaycanla baş-başa durmaq imkanları yoxdur. Sadəcə onların havadarları, ermənilərə dəstək olanlar problemin bu qədər uzanmasına şərait yaradıblar. Mənə belə gəlir ki, dövlət başçısı həmin qüvvələrə, ölkələrə də bir mesaj verdi ki, ya məsələni həll edin, ya da çəkilin kənara, biz bunu bir həftəyə həll etmək iqtidarındayıq. Burada sırf güc amilindən söhbət gedir. Yəni biz bundan sonra düşmənlə mənasız, məntiqsiz danışıqlar aparmaq niyyətində deyilik, hərçənd, Ermənistan buna çox çalışır. Ermənilər, eləcə də vasitəçilər daha çox Vyana və Sankt-Peterburqdakı danışıqlara istinad edirlər. Amma mən bunun qəti əleyhinəyəm. Biz daha çox BMT qətnamələrinə əsaslanmalıyıq. Çünki BMT-nin Təhlükəsizlik Şurasının 4 məlum qətnaməsi hələ də qüvvəsində qalır. Azərbaycan BMT-nin üzvü olaraq çalışmalıdır ki, bu qətnamələr icra edilsin və Azərbaycanın ərazi bütövlüyü təmin olunsun. Ona görə də bu istiqamətdə diplomatik səylərimizi daha da artırmalıyıq".

İlkin İzzət

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində