"Şıxlınski üçbucağı" və "Ayna" dördbucağı"

10 Yanvar 2017 18:42

İnsan oğlu yarandığı gündən özünü görmək üçün, tanımaq üçün öz əksinə baxmışdır. İbtidai insanlar öz əksini ayna kimi düz səthli suda gördü. Özlərini görüncə əkslərinə baxıb qımışdılar. Bəlkə də insanın özünün özünə ilk qımışmasıoldu bu gülümsəmək. Bizdən 4 min il əvvəl isə italyanların babaları soyumuş vulkan lavalarının parlaq səthlərini cilalayaraq öz əkslərinə baxdılar. Daha sonra aynada öz əkskərini yaxşı görmək üçün insanlar daha şəffaf əksedicilər axtardılar, yaratdılar. Çoxlu aynalar düzəltdilər. Onlarla Yerə, göyə baxdılar, müxtəli elmlər yaratdılar. Nəhayət 1835-ci ildə alman kimyaçı Hestus fon Liebig gümüş-nitratı şüşə aynaya çəkdi və gümüş şüşəyə elə yapışdı ki, əbədi olaraq da elə qaldı. Bununla da aynaya həm də güzgü dedilər. O vaxtdan bu günə insan oğlu üzünə aynalı gücgü tutaraq öz cismindəki eyblərini daha yaxşı gördü. Bax həmin o vaxtdan bu günə kimi də insan oğlu özünə də, gününə də, həyatına da, yaşadığı cəmiyyətə də ayna tutdu... Bir sözlə insan ayna ilə görünməzləri görünən etdi...

Amma hələ də görünməz çox şeylər vardı...

Bu dəfə bu görünməzliklər hərbidə aşkar oldu. Rus-yapon hərbində "Artilleriya Allahı" Alı ağa Şıxlınski artilleriya elminə "Şıxlınski formulu" ilə "Şıxlınski üçbucağı" adı altında görünməz hədəfi görmədən aşkar edib vurma yeniliyini gətirdi. Şıxlınski döyüşən qoşunların başı üzərindən artilleriya atəşi ilə görünməz hədəfləri məhv etdi... Həə, bu belə!

1990-cı ildə Sovet cəmiyyətinin dağıldığı, yerində yeni-yeni cəmiyyətlərin yarandığı bir dövrdə yeni cəmiyyətə öz əksini göstərəcək yeni bir ayna lazım idi. Cəmiyyətin başı üzərindən gizli görünməzlikləri aşkar edib vurmaq üçün "Şıxlinski formulu" ilə "Şıxlinski üçbucağı" qurulmalı idi... Və nəhayət ki, 1990-cı ilin avqust ayında yeni formullu, yeni ruhlu "AYNA" doğdu cəmiyyətdə... Həm də rusdilli qardaşı "ZERKALO" ilə birgə, əkiz doğuldu... Qısa müddətdə ölkədə sosial, siyasi, ictimai, hərbi, iqtisadi səhələr olduğu kimi "Ayna"nın səhifələrində işiqlandırıldı... "Ayna"da qətiyyətli, işgüzar, qorxmaz, həqiqəti haqq sözü bilən kollektiv formalaşıb yetişdi... "Ayna" enişli, yoxuşlu, qarlı-boranlı, kəşməkəşli yollar keçdi. Müxtəlif səbəblər üzündən müxtəlif zamanlarda bağlandı, yenidən açıldı. Adını andları bilən "Ayna"çılar civə kimi parçalansalar da, sonda yenidən birləşə bilirdilər. Cəmiyyətdə əsl Azərbaycan-türk kişisi kimi tanınan İsmayıl Şıxlının müəkəmməl tərbiyəsini görmüş Elçin Şıxlı "Ayna" gəmisini bəzən sürətlə, bəzən sükansız, bəzən də yelkənsiz sürdü... İctimai-siyasi proseslərin episentrində oldular.Hətta "Ayna"çılar orduya da ayna tutub "Ordunun aynası"nı da yaratdı. Çünki onlar peşə fəaliyyətlərini gözəl bilirdilər. Çünki onların peşə fəaliyyətinin də başlıca qayəsi dövlətə, dövlətçiliyə sədaqət idi. Çünki onlar müstəqilliyimizdən də böyük idilər. Elə ona görə "Ayna" müstəqilliyimizə öz kiçik, ərköyün qardaşı kimi baxdı həmişə. Çünki bu müstəqilliyin içərisindəki insanların hər biri öz əksini "Ayna" da görmüşdü...

Zaman keçdi, dövr dəyişdi... Artıq cəmiyyətin təlabatları mövcud təkliflərlə ayaqlaşmadı. Media aləmində kürəsəl inqilablar baş verdi. İnformasiyalar o qədər sürətlə yayılmağa başladı ki, artıq bir gün öncə baş vermiş informasiyanı səhər çıxacaq qəzetdə çap etmək normal qarşılanmadı, maraq doğurmadı... Həəə, bax belə bir dövrdə "Ayan"a qəzeti yelkənlərini endirib açıq dənizdə ixtiyar zamanın qoynunda, dalğalar üzərində ləngərlənməyə başladı... Üzdü, üzdü, üzdü... Və sanki birdən Poseydondan güc alaraq, Atlant kimi "Ayna"nın dörd küncündən yapışaraq çiyinlərində yuxarı qaldıran dörd intellekt, dörd media bilicisi zühr etdi... Cəmləri və hasilləri vahidə, tama bərabər olan Elçin, İbrahim, Qulu, Arif adlı iki cütlük "Ayna"ya yeni nəfəs, yeni ruh gətirdi. Tamam fərqli, yeni, öyrəşmədiyimiz, görmədiyimiz yazılarla www.ayna.az saytı ilə oxucularının görüşünə gəldilər. Hər bir yazılan yazı elitanın ürəyinə yağ kimi yayılsa da, kütlə içərisində buna ağız büzənlər də oldu. Çünki istəklər başqa idi, fərqli idi. Kütlədə "neynirəm, nəyimə lazımdır mənim "Martininin kassandarı"?, yapon Haruki Murakaminin "1Q84" romanının çıxmasından mənə nə" də dedilər. Amma "Ayna"çılar buna qarşı da səmimi oldular. Bu da təbii idi, çünki kütlə çox şeydən diksinmişdi, iyrənmişdi. Ədəbi mühitdəki proselər kütləni o qədər də ilgiləndirmirdi. Onlar sosial problemlərə köklənmiş düz, doğru xəbərlər istəyirdi. Boş vədlərdən bezmiş cəmiyyət hər yerdə kişi sifətli insanlar axtarırdı. Bir sözlə cəmiyyət daha yeni, mükəmməl ruhlu yeniliklər istəyirdi...

"Mən Azərbaycan kanallarına baxmıram", "bizim telekanalların çoxu millətin əxlaqına zid verilişlər verir", "mən ailəmizdə baxmaq üçün normal, mədəni, tərbiyəvi, demokratik telekanal istəyirəm" deyən cəmiyyətin sosial sifarişləri hədər getmədi. Onları eşidən oldu, duyan oldu...

Günlərin bir günü həmin o dörd muşketyor, bir cüt qəzetçi, bir cüt televiziyaçı cəmiyyətin sosial istəyinə rəğmən yenə də qeybdən zühr etdilər. Onlar öz peşəkarlıqlarına tənqidlə yanaşaraq, növbəti peşəkarlığa doğru bir addım da atdılar. Və budur, gözünüz aydın, hamımızın sevimlisi, hamımızın istəklisi, demokratik prinsiplərə sadiq olan  "Ayna TV" fəaliyyətə başladı. Amma bu dəfə "Şıxlinski üçbucağı" ilə deyil, "Şıxlı, Nəbioğlu, Məhərrəmli, Əliyev dörbucağı" ilə görünməz hədəflər aşkar ediləcək. İnanırıq ki, "Ayna TV" də öz sələflərinin ənənəsinə sadiq qalaraq yenə də haqq yolu ilə gedəcək...

Əziz "AYNA"çılar, uğurlarınız davamlı olsun! Dayanmayın, sizlərdən növbəti "beşbucaqlı", "altıbucaqlı" yeniliklər gözləyirik...

Dövlətimiz, millətimiz naminə xeyirli, uğurlu işləriniz olsun!!!

Yusif Alı Afşar (Alıyev)

Fizika üzrə fəlsəfə doktoru, dosent