Çinin Xeyluncian əyalətinin inzibati mərkəzi olan Xarbin şəhərində beynəlxalq buz və qar festivalı keçirilir.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, ənənəvi festival müxtəlif tədbirləri, o cümlədən buzdan və qardan düzəldilmiş fiqurların sərgi və yarışını, müxtəlif qış idman növləri yarışlarını, kütləvi nikah mərasimini, fotosərgini əhatə edir. Xarbin festivalı dünyada bu cür ən böyük 4 tədbirdən biridir.
Festivalın turistlər və yerli sakinlər üçün ən çox maraq doğuran hissəsi olan "Buz və qar dünyası" sərgisində 330 min kubmetr qar və buzdan düzəldilmiş bina və qəsrlər, cizgi film qəhrəmanlarının heykəlləri, müxtəlif fiqurlar xüsusi maraq yaradır. Bu fiqurların hazırlanmasında 10 minə yaxın insan iştirak edib.
Qeyd edək ki, Xarbin Çinin qış turizm mərkəzlərindən biri hesab olunur. Qış fəslində orta aylıq temperatur mənfi 20 dərəcə təşkil edir. Yerli hökumət bu cür hava şəraitindən səmərəli istifadə edərək hər il milyonlara yerli və əcnəbi turisti Xarbini ziyarət etməyə sövq edir.
Milli.Az