Həzrəti Əlinin (r.a.) İslam mücahidləri arasında bir özgə yeri var. O, Peyğəmbərimiz Həzrəti Muhammədin (s.ə.s.) əmisi oğlu və kürəkənidir. Bütün bunlardan əlavə, Həzrəti Əli, el arasında deyildiyi kimi, Uca Peyğəmbərimizin əlində-ovucunda böyüyüb, Onun tərbiyəsini götürüb. Həzrəti Əli (Allah ondan razı olsun!) İslamı qəbul edəndə cəmi on yaşı var idi.
Milli.Az yeniavaz.az-a istinadən bildirir ki,hadisə belə baş vermişdi: Bir gün Hz. Əli Peyğəmbərimizin o şərəfli evinə daxil olarkən görür ki, Hz. Muhamməd və Onun xanımı Xədicə anamız səcdəyə gedib, nəsə oxuyurlar. Hz. Əli çox maraqlanır. Onlar öz işlərini qurtarandan sonra nə etdiklərini soruşur. Hz. Muhamməd də buyurur ki, biz müsəlmanıq. Mən Allahın Rəsulu, yəni elçisiyəm. Biz Onun istəyi ilə namaz qılırdıq, sən də gəlib bizi gördün, amma bu işi heç harda, heç kəsə söyləmə. On yaşı olsa da, Hz. Əli çox dərrakəli uşaq idi və əmisi oğlunun bu dedikləri onu çox düşündürdü. Bir neçə sual verdi. Hamısının da cavabını aldıqdan sonra o körpə ürəyində bəzi duyğuların baş qaldırdığını hiss etdi. Hz. Muhamməd ona təklif etdi ki, bu dini qəbul etsin. Hz. Əli düşünmək üçün möhlət istədi və getdi. Sabah tezdən Hz. Əli onların qapısına gəldi və: "Ya Muhamməd, mən Sənin gətirdiyin dini qəbul edərək Allahın birliyini, Sənin də Onun Rəsulu olduğunu qəbul edirəm", dedi. Hz. Muhamməd soruşdu: "Sən bu qərarı verəndə atan Əbu Talibdən icazə almısanmı?"
On yaşlı Əlinin cavabı çox ibrətli oldu:
- Allah-Taala məni yaradanda Əbu Talibdən icazə almışdımı ki, mən də Onun varlığını, birliyini qəbul edəndə Əbu Talibdən icazə alım?
Həzrəti Əli bütün həyatı boyunca İslam uğrunda çalışmış, savaşmışdır. O, döyüş meydanlarının qəhrəmanı, elm, irfan dünyasının misilsiz liderlərindən olmuşdur. Bir əlində qılınc, bir əlində elmlərin açarı olan Hz. Əli insanlar arasında həm də təvazökarlıq, sadəlik nümunəsi kimi ad çıxarmışdı. Peyğəmbərimizin bir çox Hədisi-Şəriflərində Hz. Əli öyülür, haqqında yüksək dəyərlər ifadə olunur. Bir Hədisi-Şərifdə buyurulur ki, "Mən elmin şəhəriyəm, Hz. Əli qapısı, elmi istəyən bu qapıya gəlsin".
Bir hadisəni nəql edək: "Döyüşlərdən birində Hz. Muhamməd İslamın bayrağını əlində tutur və buyurur: "İndi bu bayrağı o adam daşıyacaq ki, Allah onu sevir, o da Allahı sevir". Hər kəs maraqla gözləyir ki, Rəsulullahın müjdələdiyi bu mübarək zat kim olacaq. Bayraq Hz. Əliyə verilir. Ona Allahın aslanı da deyiblər, Xeybər qəhrəmanı da. Həyatı fədakarlıqlarla doludur. Peyğəmbərimizin yolunda hər an gözünü qırpmadan ölümə hazır olub. Rəsulullah hicrətə gedərkən kafirləri aldatmaq üçün Onun yatağında Hz. Əli uzanıb. O, bütün cihadlarda iştirak edib. Onun məşhur ikiağızlı qılıncı Zülfüqar haqqında çox şeirlər yazılıb, rəvayətlər söylənib. Həzrəti Əli Allah üçün yaşayıb, Allah üçün çalışıb. Rəsulullah onu özünə çox yaxın bilib.
Allah-Taala kimləri dost tutar?
Allah-Təala buyurur:
-Üç xüsusiyyət var ki, onlara daim əməl edən şəxş həqiqətən mənim dostumdur: Namaz qılmaq, oruc tutmaq və qüslsüz olmamaq.
Lüğət
Dəyərli oxucularımızın dini bilgilərə marağını nəzərə alaraq hər birimizin tez-tez işlətdiyimiz, gündəlik həyatımızda eşitdiyimiz ən gərəkli dini termin və ifadələrin açıqlaması haqqında qısa da olsa yazılar verməyi qərara aldıq. Hər xeyirin başlanğıcı olan Bismillah deyək başlayaq, elə BİSMİLLAH-la da başlayaq.
BİSMİLLAH - ərəbcə söz birləşməsidir, - bi ismi Allah sözlərinin bir araya gəlməsi ilə yaranmışdır və dilin qrammatik tələblərinə uyğun olaraq BİSMİLLAH kimi formalaşmışdır, mənası Allahın adı ilə deməkdir. Ümumiyyətlə bir həqiqəti xatırlatmaq yerinə düşər ki, müsəlman bütün xeyri əməllərinə BİSMİLLAH-la başlayar, BİSMİLLAH-la evindən çıxar, BİSMİLLAH-la evinin qapısını açıb içəri girər. BİSMİLLAH demək əslində hər kəsin, hər şeyin Allah tərəfindən yaradıldığını, yaşadıldığını, hər kəsin, hər şeyin sahibinin Allah olduğunu təsdiq etməkdir. BİSMİLLAH demək, sadəcə bir söz söyləmək deyil, söylədiyinin qəlbdən, ruhdan gəldiyini elan etməkdir, böyük, köklü bir inancın, əqidənin mənsubu olduğunu bildirməkdir, xeyirə doğru yön almaqdır.
Xidmətçidən daha xeyirli
Hz. Əli Rəsulullahın qızı Hz. Fatimeyi-Zəhra anamızla ailə qurmuş, bu izdivacdan Həsən, Hüseyn, Möhsün adlı oğulları, Zeynəb və Ümmü-Gülsüm adlı qızları dünyaya gəlmişlər.
Hz. Əli həm də əhli-beytdəndir. Əhli-beyt Peyğəmbərimizin ev xalqı, yəni ailəsi deməkdir. Beş nəfərdən ibarətdir: Rəsulullah özü, qızı Hz. Fatimə, kürəkəni Hz. Əli, imam Həsən və imam Hüseyn. Bu ailə son dərəcə sadə, təvazökar bir həyat yaşamışdır. Mədinədə müsəlmanların vəziyyəti bir qədər yaxşılaşandan sonra Hz. Əli xanımının da istəyi ilə evə bir xidmətçi almağa qərar verir və bu işdən ötrü icazə almaq üçün Rəsulullahın yanına gedirlər. Rəsulullah onlara deyir: "Mən sizə xidmətçidən daha xeyirli bir şeyi xəbər verim: yatarkən 33 dəfə Sübhanallah, 33 dəfə Əlhəmdulillah, 33 dəfə dəfə Allahu-Əkbər deyin.
Ailə-məişət
Övladlar arasında ayrıseçkilik qoymaq olmaz
Hz. Rəsulullah (s.ə.s.) dövründə baş verən bir hadisəni xatırlayaq:
Amrə adlı səhabə qadın əri Bəşirdən oğlu Numana xüsusi miras verməsini xahiş etmişdi. Halbuki Bəşirin əvvəlki xanımlarından dünyaya gələn övladları da vardı. Bununla belə o, Amrənin sözünü yerə salmamış və xurma bağını Numana verdiyini söyləmişdi. Amrə isə ona bu vədi Rəsulullahın yanında verməsini istəmişdi. Bəşir oğlu Numan ilə birlikdə Peyğəmbər Əfəndimizin yanına gəlmiş və: "Ya Rəsulullah, bu Amrədən dünyaya gələn oğlum Numana xurma bağımı bağışladım. Siz də şahid olun",- demişdi. Hz. Rəsulullah isə bu hadisəni təsdiq etməmiş və belə bir sual vermişdi:
- Sənin başqa övladların da varmı?
- Var, Əfəndim, başqa qadınlardan olan övladlarım da var.
Bu cavabı eşidən Rəsulullah Bəşirə bu xəbərdarlığı etmişdi:
- Allahdan qorxun, övladlarınıza münasibətdə ədalətdən ayrılmayın. Birinə miras verib, digərini bundan məhrum etməyin.
Bundan sonra Bəşir evinə qayıdaraq, Amrəyə vədini geri götürdüyünü demişdi. Amrə də Rəsulullahın xəbərdarlığını nəzərə alaraq bir daha oğlu üçün xüsusi miras təklifi etməmişdi.
Bir məsələ də unudulmamalıdır. Valideyn zəif, xəstə və ya şikəst övladlarına xüsusi qayğı göstərə bilər. Bu, ədalətsizlik deyil.
Milli.Az