"Klub bərpa olunsa, rəhbərlik və sponsor əvvəlki kimi qalacaq"
"Yayda "Xəzər Lənkaran" klubunun əsas komandası, ehtimal var ki, öz fəaliyyətini bərpa etsin". Milli.Az xəbər verir ki, bunu İstiPress-ə klubun mətbuat katibi Hüseyn Cəbrayıloğlu deyib.
Onun sözlərinə görə, komanda bərpa olunsa, əvvəlki kimi iddialı komanda olacaq: "Aprel-may aylarında dəqiqləşəcək. Qışdan öncə bu şans 20 faiz idisə, indi bu göstərici 60-a bərabərdir. Klub bərpa olunsa, rəhbərlik və sponsor əvvəlki kimi qalacaq. 100 faiz dəqiq olan şey varsa, o da klub fəaliyyət göstərəcəyi təqdirdə adını dəyişməyəcək və yenidən "Xəzər Lənkəran" kimi oyunlarını keçirəcək, borclarımız ödəniləcək. Komandamızın Premyer Liqadan, yoxsa 1-ci diviziondan mübarizə başlayacağını isə dəqiq deyə bilmərəm. Deyilənlər baş tutsa, "Xəzər Lənkəran" əvvəlki kimi iddialı komanda olacaq".
Milli.Az-a açıqlamasında isə H.Cəbrayıloğlu bildirib ki, bu ehtimal əbəs deyil, çünki bununla bağlı artıq bəzi müzakirələr gedir:
"Bəli, belə bir ehtimal həqiqətən də var, amma konkret qərar hələ ki, yoxdur. Onsuz da "Xəzər Lənkəran" klubu əsas komandasının fəaliyyətini tam dayandırmamışdı. Hazırda klubun Akademiyası da fəaliyyət göstərir. Əsas komandanın da yayda bərpası haqda müsbət qərar ola bilər. Artıq bununla bağlı, bərpa üçün nələri və necə etmək lazım gəldiyi məsələlərinə dair müzakirələr gedir".
Zəfər Tağı
Milli.Az