Azərbaycanın dövlət bayramı Türkiyədə qeyd edilib
27 May 2011 13:09
Azərbaycanın Türkiyədəki səfirliyi Respublika Günü münasibətilə Ankaranın "Sheraton Hotel" mehmanxanasında geniş tərkibli tədbir həyata keçirib. Səfirlikdən Milli.Az xəbər portalına verilən məlumata görə, tədbirdə Türkiyənin baş nazirinin müavini Cəmil Çiçək, daxili işlər naziri Osman Güneş, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı İşıq Koşaner, yüksək rütbəli zabitlər, Türkiyə XİN-in yüksək vəzifəli rəsmiləri, digər dövlət qurumlarında çalışan yüksək vəzifəli rəsmilər, tanınmış ictimai-siyasi xadimlər, millət vəkilləri, elm və incəsənət xadimləri, sənətçilər, Ankarada akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri və təmsilçiləri, diaspor və KİV nümayəndələri iştirak ediblər.
Tədbirin açılış nitqini səfir Faiq Bağırov həyata keçirib. Səfir öz çıxışında 28 May Respublika gününün əhəmiyyətindən, tarixən Azərbaycan xalqının mədəniyyət səviyyəsinin yüksək olmasından, 1918-ci ildə ADR-nın qurucularının dövlətçilik tariximizdəki mühüm xidmətlərindən, 1991-ci ildə müstəqilliyimizi yenidən qazandıqdan sonra ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqına əvəzsiz xidmətlərindən, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rasional siyasətindən və ölkəmizin mədəni, sosial həyatında Heydər Əliyev Fondunun mühüm fəaliyyətlərindən ətraflı şəkildə bəhs edib.
Tədbir zamanı 2011-ci ilin Azərbaycanda turizm ili olması münasibətilə ölkəmizin turizm potensialı ilə bağlı, eləcə də ölkəmizin tarixi, mədəniyyəti, mətbəxi ilə əlaqədar əyani materiallar səfirlik tərəfindən tədbir iştirakçılarına paylanılıb.
Azərbaycan musiqiçilərinin ifası ilə tədbir iştirakçılarına musiqi nümunələri təqdim olunub və ziyafət verilib.
Milli.Az