İlyas Tapdıq vəfat edib

25 Dekabr 2016 20:02

Tanınmış şair İlyas Tapdıq dünyasını dəyişib.

Bu barədə Milli.Az-a şairin kürəkəni Kamandar Eyvazlı açıqlama verib. Qeyd edək ki, İ.Tapdıq 1958-ci ildən AYB-in üzvü olub, Azərbaycan ədəbiyyatında özünəməxsus iz qoyub.

Şair sabah dəfn olunacaq.

İlyas Tapdıq 1934-cü il noyabrın 30-da Gədəbəy rayonunun Əli İsmayıllı kəndində doğulub. Gədəbəyin Kiçik Qaramurad kəndində orta məktəbi bitirdikdən sonra APİ-nin dil və ədəbiyyat fakültəsində təhsil alıb (1952-1956).

Ədəbi yaradıcılığa tələbəlik dövründə "Azərbaycan" jurnalında dərc olunan "Bakının gecəsi" şerilə başlayıb. Uşaqgəncnəşrdə redaktor (1957-1962), Azərnəşrdə redaktor, böyük redaktor (1962-1968), "Gənclik" nəşriyyatında böyük redaktor, redaksiya müdiri, baş redaktor (1968-1976), Azərbaycan Baş Mətbuat Müvəkkilliyində qrup rəhbəri (1976-1978), Azərbaycan Televiziya və Radio Verilişləri Komitəsində televiziya gənclər baş redaksiyasının baş redaktoru (1978-1983), Azərnəşrdə bədii ədəbiyyat şöbəsinin müdiri (1989-1992), Türkiyənin Ankara şəhərində Türk Standartları İnstitutunda və Xarici İşlər Nazirliyi və kalkınma ajansında müəllim, "Azərbaycan" qəzetinin Türkiyə üzrə xüsusi müxbiri (1992-1995) vəzifələrində işləyib.

Azərnəşrdə bədii ədəbiyyat şöbəsinin müdiri vəzifəsində çalışırdı (1989-cu ildən). "Gənclik" nəşriyyatı redaksiya şurasının üzvü, Azərbaycan komsomolu Şöhrət şurasının üzvü, "Türk əsrində Azərbaycan" jurnalının redaksiya heyətinin üzvü və Azərbaycan təmsilçisi, bir sıra respublika festival və müsabiqələrində münsiflər heyətinin üzvü olub.

Müğənni Şəbnəm Tapdıqın atasıdır.

Allah rəhmət eləsin!

Cavahir
Milli.Az