Muxtar Maniyev dəfn olundu - YENİLƏNİB - FOTO

22 Dekabr 2016 16:34

16:34

Xalq artisti Muxtar Maniyevlə vida mərasimi başa çatıb.

Milli.Az-ın APA-ya istinadən məlumatına görə, Təzə Pir məscidində keçirilən vida mərasimində çıxış edən mədəniyyət və turizm naziri Əbülfəz Qarayev M. Maniyevin vəfatını Azərbaycan mədəniyyəti üçün ağır itki kimi dəyərləndirib.

Nazir qeyd edib ki, M.Maniyevin rol aldığı filmlərdə özünəməxsus yeri olub: "Muxtar Maniyevin oynadığı rollar daim tamaşaçı marağı, tamaşaçı sevgisi ilə qarşılanıb. O, hər zaman ətrafa müsbət emosiyalar bəxş edən aktyor, kino xadimi olub".

Azərbaycan Film Kinostudiyasının direktoru Müşfiq Hətəmov deyib ki, M.Maniyev Azərbaycan kino tarixində ən çox filmə çəkilən aktyorlardan biridir: "Onun yoxluğu kinomuz üçün böyük itkidir. Muxtar müəllim son illər xəstəliklərdən əziyyət çəkirdi. Onun ailəsi, Azərbaycan dövlət bu müddət ərzində Muxtar müəllimə diqqətlə yanaşıb. Muxtar Maniyevin xatirəsi bizim qəlbimizdə hər zaman yaşayacaq və biz onu həmişə hörmətlə yad edəcəyik".

Mərhum vida mərasiminin ardından Qala qəbiristanlıqda dəfn olunub.

Qeyd edək ki, M. Maniyev 1935-ci ildə Bakıda anadan olub. O, 150-dən çox filmdə müxtəlif rollar oynayıb.

Aktyor dekabrın 22-də dünyasını dəyişib.

---------

15:03

Xalq artisti Muxtar Maniyevlə vida mərasimi başlayıb.
 
APA-nın məlumatın məlumatına görə, mərasim Təzə Pir məscidində keçirilir. Mərasimdə mədəniyyət və turizm naziri Əbülfəz Qarayev, nazir müavinləri Vaqif Əliyev, Ədalət Vəliyev, Azərbaycan Film Kinostudiyasının direktoru Müşviq Hətəmov, mədəniyyət və incəsənət xadimləri, mərhumun ailə üzvləri iştirak edirlər.
 
Vida mərasimi başa çatdıqdan sonra mərhum Qala qəbristanlıqda dəfn olunacaq.
 
M. Maniyev dekabrın 22-də dünyasını dəyişib. 

X X X 

"Muxtar Maniyevin vəfatı incəsənətimiz üçün çox böyük itkidir".
 
Bu sözləri "Azərbaycanfilm"in direktoru Müşviq Hətəmov teleqraf.com-a açıqlamasında deyib. O bildirib: "Bu gün biz Muxtar Maniyevi itirdik. O, ən çox filmə çəkilən sənətkarlardan idi. Son illər şəkərdən əziyyət çəkirdi. Bir dəfə ziyarətə gedəndə ailəsinin onun üçün nə qədər əziyyət çəkdiyini gördük. Mən deyərdim, onun oynadığı "Ölsəm, bağışla" filmi Muxtar müəllimin həyat yoldaşına həsr olunub. Çünki onun yaşaması üçün həyat yoldaşı Nəcibə xanım və ailəsi çox əziyyət çəkdilər. Amma əfsuslar olsun ki, bu gün onunla vidalaşarıq. Muxtar müəllim həmişə qəlbimizdə yaşayacaq".

----------

10:21

Xalq artisti Muxtar Maniyev Qala qəbristanlığında dəfn olunacaq.
 
Bu barədə APA-ya xalq artistinin həyat yoldaşı Nəsibə Maniyeva məlumat verib. O bildirib ki, vida mərasimi bu gün 14:00-da Təzə Pir məscidində keçiriləcək:
 
"Təklif olundu ki, Fəxri xiyabanda dəfn edilsin, razı olmadıq. Vəsiyyət eləmişdi ki, atasının-anasının yanında torpağa tapşırılsın. Ona görə Muxtarın vəsiyyətini yerinə yetirib Qala qəbristanlığında dəfn edəcəyik".  

----------

09:38

Xalq artisti Muxtar Maniyev vəfat edib.

Milli.Az xəbər verir ki, bu barədə APA-ya C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının direktoru Müşviq Hətəmov məlumat verib.
Xalq artisti şəkərli diabetdən əziyyət çəkirdi. 2015-ci il avqustun 11-də aktyorun sol ayağı, bu ilin martın 15-də isə sağ ayağı Elmi Cərrahiyyə Mərkəzində amputasiya edilib.
M.Maniyev 1935-ci ildə Bakıda anadan olub. O, 150-dən çox Azərbaycan filmində müxtəlif dərəcəli rollar oynayıb.

Allah rəhmət eləsin!

Milli.Az