Bakı "Venesiya"sı: daha geniş, daha dərin... - FOTO

25 May 2011 10:59
Bakı Bulvarında möhtəşəm layihə həyata keçirilir. Milli.Az xəbər portalının məlumatına görə, əvvəllər "Venesiya" kimi tanınan park tamamilə sökülüb, ətrafı dəmir hasara alınıb. Hasara alınmış sahədə aparılan söküntü işləri nəticəsində isə köhnə "Venesiya"dan əsər-əlamət qalmayıb. Üstəlik, ərazidə böyük qazıntı işləri aparılır.

Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov Milli.Az xəbər portalına açıqlamasında bildirdi ki, "Kiçik Venesiya şəhərciyi" adlanan ərazidə əsaslı yenidənqurma və bərpa işləri gedir. Onun sözlərinə görə, bir müddətdən sonra paytaxt sakinləri və şəhərimizin qonaqlarının asudə vaxtlarını səmərəli keçirmələri üçün əvvəlki xidmət növləri saxlanılmaqla,  burada ən müasir əyləncə və yeni xidmət növləri istifadəyə veriləcək.

N.Məcidov qeyd etdi ki, "Kiçik Venesiya şəhərciyi"nin əvvəlki görkəmi saxlanılacaq, amma  burada böyük dəyişikliklər həyata keçiriləcək: "Əvvəllər "Venesiya" 3 hissədən ibarət idi: kanallar quru sahəni 3 ada formasında ayırırdı. Yeni şəhərciyin su hövzəsi və kanallarının sahəsi əvvəlkindən daha geniş, daha dərin olacaq. Həmin adacıqların içərisində restoran-kafe fəaliyyət göstərirdi. Həmin restoran yerində qalacaq, amma daha müasir formada olacaq".

Həyata keçirilən işlərdən danışan rəis müavini bildirdi ki, hazırda həmin ərazidəki köhnə körpülər tamamilə sökülüb. Yeni şəhərcikdə körpülər gözəl və müasir formada bərpa olunacaq. Bir sözlə, şəhərcikdə forma və məzmun qalacaq, amma hər bir şey təzə olacaq.
Və ən nəhayət, şəhərciyin ərazisi əvvəki ölçüdə qalacaq.

İdarə rəsmisi sözügedən şəhərciyin Bakıda keçiriləcək "Eurovision-2012"-dək hazır olacağını vurğuladı.

Tikinti işlərini həyata keçirən şirkətlə iki gün ərzində əlaqə saxlasaq da, suallarımızı cavablayan olmadı.

Anar Məmmədov
Milli.Az









Foto: Milli.Az